Məhkəmə qərarları › İş №2-1(114)-2135/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2135/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2135/2021 08.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Üçüncü şəxslər X11 və X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X15 və X16) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X4, X15 və X16) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X12 və X11 adına DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 05.07.2021-ci il tarixli **********01 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək üçüncü şəxslər X11 və X12 adına 05.07.2021-ci il tarixdə, **********01 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi) üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1, X12 və X11 birgə mülkiyyətində olan Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 nömrəli qərarı, JN- 914, KOD 50411018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0.92 ha pay torpaq sahəsinin 0.26 ha hissəsini 15 may 2006-cı il tarixdə notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi ilə qanuni əsaslarla almışdır. Həmin torpağı sənədləşdirmək məqsədi ilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə yaxınlaşmış, ona rəsmi məktubla bildirilmişdir ki, cavabdehlərin adına 19 dekabr 2019-cu ildə ********** qeydiyyat nömrəli məhdudiyyət arayışı (forma 1) verilmişdir. Bu səbəbdən çıxarış verilməsi mümkün olmamışdır. Şəmkir Rayon Məhkəməsinə həmin arayışın (formal) ləğvi barədə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə həmin arayış ləğv edilmişdir. Hətta üçüncü şəxslər məhkəmə iclasına gəlib iddianı etiraf etmişlər. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra məlum olmuşdur ki, üçüncü şəxslər iş məhkəmənin icraatında olan zaman üçüncü şəxslər X12 və X11 adına 0.2618 ha torpaq sahəsinə dair 05.07.2021ci il tarixli, **********01 reyestr nömrəli çıxarış almışlar. Həmin çıxarışın ləğv olunması barədə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi barədə imtina məktubu verilmişdir. Həmin torpaq aldığı bir gündən onun istifadəsindədir, uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə edir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, X1 adına Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 nömrəli qərarı ilə 0.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Qızdarxanım Mərdanova 25 dekabr 2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında qeyd olunan torpaq sahəsini X13 və X14 bağışlamışdır. JN-914 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və 25 dekabr 2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında X12 adına AA 622217 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Nicat Mövsümlünün idarəyə müraciəti əsasında ona 05.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Üçüncü şəxslər məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişlər ki, iddia tələbi tamamilə əsassızdır, qanunsuzdur və rədd edilməlidir. Şəmkir rayon Aqrar islahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə (JN-914, KOD ********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına əsasən 0.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların birgə mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə qonşu torpaq sahəsi iddiaçının qardaşı X9 məxsus olmuşdur. Torpaq sahəsini aldıqları vaxtdan, yəni 1998-ci ildən razılıqları əsasında torpağın hazırda mübahisələndirilən 0.26 ha hissəsi İddiaçı qardaşı Mehman Əliyevə icarəyə verilmiş, 2017-ci ilədək o, torpağı istifadə etmiş, icarə haqqı əvəzinə bir neçə il hər ilin sonunda 200 kq taxıl, daha sonra isə 300 manat pul ödəmişdir. 2010-cu ildə Mehman Əliyev mübahisəli torpaq sahəsində istilikxana qurmuş, əvvəlki illərdə olduğu kimi icarə haqqı olaraq 300 manat pul ödəmişdir. 25.01.2017-ci ildə Mehman Əliyev rəhmətə getmiş, onun ölümündən sonra və hal-hazırda da 0.26 ha torpaq sahəsindən onun oğlu X10 istifadə edir, icarə haqqı olaraq da hər il 300 manat pul ödəyir. Lakin mülkiyyətçi kimi 1998-ci ildən hal-hazıradək torpağın vergisi hər il onlar tərəfindən ödənilir. İddiaçı iddia ərizəsində göstərir ki, guya onlar Şəmkir Rayon Məhkəməsində cavabdeh DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən adlarına verilmiş 19.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli məhdudiyyət arayışının (Forma 1) ləğvi ilə əlaqədar işə baxılarkən iddianı etiraf etmişlər, 0.92 ha torpaq sahəsinin 0.26 ha hissəsini 15 may 2006cı ildə Şəmkir rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışlar. Belə bir hal, ümumiyyətlə, olmamışdır. 2006-cı ildə Ramin Mövsümlü və Nicat Mövsümlü 12-13 yaşında olmuşlar, yetkinlik yaşına çatmamışlar, hər hansı bir müqaviləni imzalamaq səlahiyyətləri olmamışdır. Həmin müqavilənin bağlanmasından xəbərləri olmamışdır, müqavilənin kim tərəfindən imzalanması ilə əlaqədar heç bir məlumatları yoxdur. Müqavilə saxtadır və etibarsızdır. Onlar Şəmkir Rayon Məhkəməsində işə baxılmamışdan əvvəl 0.26 ha torpaq sahəsinin plan və ölçüsünü almışlar. Sənədləşdirmə işini apararkən iddiaçı bundan xəbər tutmuş və torpağı onların əlindən (daha doğrusu icarəyə götürmüş qardaşı oğlu Kürxan Əlizamanlının) almaq məqsədi ilə onları məhkəməyə vermişdir. İddiaçı, iddia tələbində həmçinin bildirir ki, «torpağı aldığım gündən mənim istifadəmdədir, uzun illərdir ki, mən həmin torpaq sahəsindən istifadə edirəm». İddiaçının dedikləri tamamilə yalandır, o, bir gün də olsun torpağı istifadə etməmişdir. Torpaqdan onların razılığı əsasında 20 ilə yaxın müddətdə Mehman Əliyev tərəfindən istifadə edilmiş, hazırda isə onun oğlu Kürxan Əlizamanlı istifadə edir. İddiaçı onların torpağı ilə heç bir əlaqəsi olmamışdır. Hazırda onun məqsədi mübahisəli torpağı Kürxan Əlizamanlının əlindən almaqdır. X8 19 dekabr 2019-cu ildə adına olan 0,26 ha torpağı öz razılığı ilə onlara bağışlamış, onlar mübahisəli torpaq sahəsinə 03.07.2021-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsünü, 05.07.2021-ci il tarixdə **********1 qeydiyyat nömrəli çıxarış almışlar. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxslər X15 və X16 əvvəlki məhkəmə iclasında məhkəməyə ünvanladıqları etiraza uyğun izahat verərək tələbinin təmin olunmamasını xahiş etmişlər. İddaçıya və cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin təqdim edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı isə məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. İş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsində mübahisələndirilən qeydin daşınmaz əmlakın dövlət reyestrində aparılmasına əsas olmuş sənəd Şəmkir rayonu 1 saylı notariat ofisinin tərəfindən reyestrdə 4Ə-2906 nömrə ilə qeydiyyatı aparılmış 25.12.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”dir. Belə ki, məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 26.11.2021-ci il tarixli **********40 nömrəli məktubu ilə daxil olmuş: - “Torpağa mülkiyyət hüququna dair” JN-914 KOD 50411018 nömrəli Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 nömrəli qərarı əsasında X2, onun ailə üzvləri X14 və X5 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.92 ha torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktının “Torpaq sahəsinin qaiməsi (sertifikatı)” hissəsindən görünür ki, verilən torpaq sahəsi iki hissədə olmaqla 6604 kv.m torpaq sahəsi 0914 nömrəsi ilə, 2618 kv.m torpaq sahəsi isə 914Z nömrəsi ilə qeyd edilmişdir. - Şəmkir rayonu 1 saylı notariat ofisinin tərəfindən reyestrdə 4Ə-2906 nömrə ilə qeydiyyatı aparılmış 25.12.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X3 JN-914 nömrəli Dövlət aktına əsasən onlara verilmiş 0.92 ha torpaq sahəsinin ona düşən hissəsini X13 və X14 bağışlamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05.07.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu, Keçili kəndndə yerləşən 0.2618 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X11 və X12 ümumi birgə mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 289 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənəd mülki-hüquqi əqd olan bağışlama müqaviləsidir və həmin müqavilənin mübahisələndirilməsinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmənin gəlmiş olduğu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı baxımından da əsaslıdır. Belə ki, həmin qərarın 17-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X15 və X16) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X15 və X16) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar