Məhkəmə qərarları › İş №2-1(114)-2135/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2135/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2135/2022 29.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı sorğuya cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək informasiya sorğusuna cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı media nümayəndəsidir və Ağdam rayon Ergi ərazisində neçə hektar torpaq sahəsinin olması, həmin torpaq sahəsindən kimlərin və neçə hektar istifadə etməsi ilə bağlı redaksiyalarına rayon sakinləri tərəfindən edilmiş müraciət əsasında Cavabdeh başçısına dəfələrlə Ağdam rayon Ergi ərazisi üzrə neçə hektar torpaq sahəsinin olması, o cümlədən 1993-2022-ci illər ərazində Ağdam RİH başçıları tərəfindən hansı sahibkarlara və hər sahibkara neçə ha torpaq sahəsi ayrılması barədə verdikləri sərəncamların təsdiqlənmiş surətini verməsi üçün informasiya sorğusu göndərmiş, lakin cavabdeh tərəfindən sorğularına cavab verilməmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı bir müddət əvvəl rayon İcra Hakimiyyətinə gələrək ona kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsini tələb etmişdir. Ona tələbi ilə bağlı izah olunmuşdur ki, torpaq sahələri qanunamüvafiq qaydada rayon sakinlərinin istifadəsinə verilmişdir və hazırki vaxtda istifadədə olmayan torpaq sahəsi yoxdur. Əgər istifadə olunmayan torpaq sahəsi müəyyən edilərsə bununla bağlı müraciətinə baxıla bilər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş «X1» MMC-nin xx.xx.2022-ci il tarixli, 19 nömrəli məktubunda bildirilir ki, iddiaçı könüllü şəxs kimi «X1» MMC-nin tərkibində fəaliyyət göstərən «Hedefxeber.az» xəbər portalı ilə əməkdaşlıq edir. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli informasiya sorğusundan görünür ki, iddiaçı Ağdam rayon Ergi ərazisində ərazi sahəsi neçə hektardır? - 1993-2022-ci illər ərzində RİH başçıları hansı sahibkarlara və hər sahibkara neçə ha torpaq sahəsi ayrılması üçün sərəncam vermişdir? (sərəncamların verilmə tarixi, nömrələri, sahibkarların ad - soyadları, ünvanları və əlaqə nömrələri cədvəl şəklində) suallarına cavab almaq istəmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanun 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Həmin Qanunun 6.1.6-cı maddəsində informasiyanın əldə olunmasının əsas pronsiplərindən biri kimi informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması qeyd edilmişdir. Həmin Qanunun 15.4-cü maddəsinə əsasən sorğuçu qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edə bilməz və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edə bilməz. Beləliklə məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, iddiaçı tələb etdiyi informasiyanın hansı məqsədlə lazım olmasını iddia ərizəsində şərh etməmiş və əsaslandırmamış, eyni zamanda məhkəmə iclaslarına gəlmədiyindən qeyd olunan halları araşdırmaq mümkün olmamışdır. Cavabdeh isə iddiaçının torpaq sahəsi əldə etmək barədə müraciətinə müsbət cavab verilmədikdən sonra qərəzli şəkildə öz məqsədləri üçün informasiya tələb etdiyini bildirmişdir. Belə olduğu təqdirdə məhkəmə cavabdehin arqumentlərini daha əsaslı və ağlabatan hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı sorğuya cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar