Məhkəmə qərarları › İş №2-1(114)-2137/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2137/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2137/2021 16.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl rayon st. Qırıxlı SMU 33-ə məxsus bina 26, mənzil 2-də yerləşən 4 otaqdan ibarət mənzilin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xanlar rayon X12 Rəyasət Heyətinin 02 noyabr 1987-ci il tarixli 02 saylı orderinə əsasən Göygöl (keçmiş Xanlar) rayon st. Qırxılı SMU 33-ə məxsus bina 26, mənzil 2-də yerləşən 4 otaqdan ibarət yaşayış sahəsinin qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 16.11.2021-ci il tarixdə iddiaçı dəqiqləşmə barədə ərizə verərək, Göygöl rayon st. Qırıxlı SMU 33-ə məxsus bina 26, mənzil 2-də yerləşən 4 otaqdan ibarət mənzilin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 16.11.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xanlar rayon X12 Rəyasət Heyətinin 02 noyabr 1987-ci il tarixli 02 saylı orderinə əsasən Göygöl (keçmiş Xanlar) rayon st. Qırxılı SMU 33-ə məxsus bina 26, mənzil 2-də yerləşən 53,8 kv.m 4 otaqdan ibarət yaşayış sahəsi ona natura qaydasında plan ölçüləri göstərilməklə təhvil verilmiş və həmin vaxtdan heç bir mane olmadan istifadə edərək sahiblik hüquqlarını həyata keçirir. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon İcra Hakimiyyətinin Göygöl rayon Dövlət Arxivinin 13.07.2021-ci il tarixli 03 Arxiv Çıxarışında, Xanlar rayon X12 Rəyasət Heyətinin 29 oktyabr 1987-ci il tarixli 23 saylı protokolundan çıxarışla və həmin çıxarışa əlavə edilmiş protokolda, Göygöl (keçmiş Xanlar) rayon st. Qırxılı SMU 33-ə məxsus bina 26, mənzil 2-də yerləşən 53,8 kv.m 4 otaqdan ibarət yaşayış sahəsinin ona verilməsi göstərilmişdir. Yaşadığı yaşayış sahəsi bir qat kərpiclə tikildiyi üçün yararsız vəziyyətə düşmüş, bu səbəbdən yaşayış sahəsinin əsas divarları, eləcədə yardımçı divarlarını yenidən inşa etdirərək bərpa etdirmişdir. Cavabdehə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh 19.09.2021-ci il tarixli **********30 saylı məktubunda Göygöl rayon A.Fərzəliyev qəsəbəsində sahibliyində və istifadəsində olan yaşayış sahəsində rekonstruksiya olunaraq əsaslı dəyişikliklər edildiyi üçün və mənzilin ölçüləri dəyişdirildiyindən onun adına rəsmiləşdirilməsindən imtina etmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə dair yazılı etiraz göndərərək bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 25 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı zəruri olan ölçmə işlərinin aparılması üçün mənzilə yerində müayinə baxışı keçirilən zaman mənzildə rekonstruksiya olunaraq əsaslı dəyişikliklər edildiyi və ölçülərinin dəyişdirildiyi müəyyən edilmişdir. Mənzildə yenidənqurma işlərinin aparılması ilə bağlı sənəd təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 02.11.1987-ci il tarixli 2 nömrəli order, Azərbaycan Respublikası Dövlət Arxivinin Göygöl filialının 07.07.2021-ci il tarixli 735(485)/4 nömrəli arxiv arayışı, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon İcra Hakimiyyətinin Göygöl rayon Dövlət Arxivinin 13.07.2021-ci il tarixli 03 nömrəli arxiv çıxarışı, Gəncə «ASAN Xidmət» mərkəzinin notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə X6, X3 və X4 tərəfindən verilmiş 12.08.2021-ci il tarixli **********383, 23.08.2021ci il tarixli **********502 və **********776 nömrəli razılıq ərizələri, cavabdehin iddiaçıya ünvanlandığı 16.09.2021-ci il tarixli **********30 nömrəli imtina bildirişi və 25.10.2021-ci il tarixli **********69 nömrəli etiraz təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh 16.09.2021-ci il tarixli **********30 nömrəli imtina bildirişində göstərmişdir ki, mənzilə yerində müayinə baxışı zamanı rekonstruksiya olunaraq əsaslı dəyişikliklər edildiyi və mənzilin ölçülərinin dəyişdirildiyi müəyyən edilmiş, bu səbəbdən ərizənin icrasından imtina edilmişdir. İddiaçı məhkəmə iclasında bu faktı mübahisələndirməmişdir. 02.11.1987-ci il tarixli 2 nömrəli orderdən görünür ki, Xanlar rayonu st. Qırıxlı SMU 33-ə məxsus bina 26, mənzil 2 ünvanında yerləşən 53.8 kv.m-dən, 4 otaqdan ibarət mənzil 3 nəfərdən ibarət ailə üzvləri (X2, X4 və X5) ilə birlikdə İddiaçı verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon İcra Hakimiyyətinin Göygöl rayon Dövlət Arxivinin 13.07.2021-ci il tarixli 03 nömrəli məktubu ilə iddiaçıya ünvanlanmış Xanlar rayon X12 İcraiyyə Komitəsinin 29.10.1987-ci il tarixli, 23 nömrəli protokolunun arxiv çıxarışından görünür ki, 29.10.1987-ci il tarixli 12/255 nömrəli iclas protokoluna əsasən Xanlar rayon X12 İcraiyyə Komitəsi SUM 33-ə məxsus olan 10 ədəd mənzilin, SUM 33-ün işçilərinə ayrılması qərara alınmışdır. Gəncə «ASAN Xidmət» mərkəzinin notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə X6, X3 və X4 12.08.2021-ci il tarixli **********383, 23.08.2021-ci il tarixli **********502 və **********776 nömrəli razılıq ərizələri verərək Göygöl rayonu, A.Fərzəliyev qəsəbəsi ünvanında yerləşən evin İddiaçı adına bütövlüklə özəlləşməsinə (sənədləşdirilməsinə) etiraz etmədiklərini bildirmişlər. 08.07.1982-ci ildən 01.10.2009-cu ilədək qüvvədə olmuş köhnə redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 81.Yaşayış sahəsi və yardımçı sahələr yalnız mənzilin abadlığını yaxşılaşdırmaq məqsədilə yenidən qurula və yenidən planlaşdırıla bilər və buna icarədarın, onunla birlikdə yaşayan ailə üzvlərinin, kirayədarın razılığı və yerli X12 icraiyyə komitəsinin icazəsi ilə yol verilir. Kirayədarın icarədarın və ya onun ailə üzvlərinin yaşayış sahəsini və ya yardımçı sahəni yenidən qurmaqdan və ya yenidən planlaşdırmaqdan imtina etməsi ilə əlaqədar yaranan mübahisələr yenidən qurmaya və ya yenidən planlaşdırmaya yerli X12 icraiyyə komitəsinin icazəsi olduqda məhkəmə qaydasında həll edilir. Yaşayış sahəsini və ya yardımçı sahəni özbaşına yenidən qurmağa və ya yenidən planlaşdırmağa yol vermiş icarədar həmin sahəni öz hesabına əvvəlki hala salmalıdır. Maddə 141. Dövlət və ictimai mənzil fondunun, habelə mənzil-tikinti kooperativləri fondunun istismarı və təmiri işləri mənzil fondunun istismarına və təmirinə dair vahid qaydalara və normalara hökmən əməl edilməklə aparılır. SSR İttifaqı və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq şəhərlərdə və şəhər tipli qəsəbələrdə dövlət mənzil fondunun (idarə mənsubiyyətindən asılı olmayaraq) istismarını və təmirini SSRİ Nazirlər Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdikləri qaydada vahid mənzil-istismar və vahid təmir-tikinti orqanları həyata keçirirlər. Dövlət mənzil-istismar və təmir-tikinti orqanları müqavilə üzrə ictimai mənzil fondu evlərinə və mənzil-tikinti kooperativləri evlərinə texniki xidmət göstərir və bu evləri təmir edirlər. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir; Maddə 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir; Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır; Maddə 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir; Maddə 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; Maddə 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); Maddə 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; Maddə 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; Maddə 24.3. Razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir; Maddə 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; Maddə 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Maddə 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir; Maddə 26.2. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir; Maddə 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir; Maddə 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır; İşin yuxarıda müəyyən olunmuş faktiki hallarından müəyyən olunmuşdur ki, iddiaçı yaşayış sahəsinin yenidən qurulmasını və yenidən planlaşdırılmasını tikinti norma və qaydalarına riayət etməməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı olmadan aparmışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl rayon st. Qırıxlı SMU 33-ə məxsus bina 26, mənzil 2-də yerləşən 4 otaqdan ibarət mənzilin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar