Məhkəmə qərarları › İş №2-1(114)-2138/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2138/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2138/2025 24.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüqüqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən:

1. İddiaçı xx.xx.1958-ci il tarixdə Goranboy rayonu, Qızılhacılı kəndində anadan olmuş, əvvəllər ünvan 1 ünvanda qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə Goranboy rayonu, Qızılhacılı qəsəbədində qeydiyyatda olaraq yaşayır.

2. 04.03.2008-ci il tarixdə vətəndaşın, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin müdiri Z.Əhmədov, şöbənin aparıcı məsləhətçisi A.Həsənov, Qızılhacılı Bələdiyyəsinin sədri İ.İsmayılov, Qızılhacılı qəsəbə Ərazi icra nümayəndəsi S.Səmədov və bələdiyyə üzvü Ə.Mirzəyevin iştirakı ilə yerin seçilmə aktı tərtib edilmişdir.

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş rəyə əsasən iddiaçıya həyətyanı torpaq sahəsi satılması nəzərdə tutulan torpaq sahəsi 0,10 ha olmaqla, Qızılhacılı Bələdiyyəsinin mülkiyyətinə daxildir, kəndin prespektiv inkişafına aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi satılması məqsədəmüvafiqdir.

4. Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 3-1-4 nömrəli qərarı ilə iddiaçıya Bələdiyyənin prespektiv inkişaf fondunun alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin məsləhətçisi A.Həsənov tərəfindən tərtib edilmiş Goranboy rayonu Qızılhacılı qəsəbəsi “Qızılhacılı” adına təsərrüfatın yerquruluşu planından çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin müdiri Z.Əhmədov tərəfindən razılaşdırılmış, Bələdiyyənin sədri İ.İsmayılov tərəfindən təsdiq edilmişdir.

6. İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə həyətyanı torpaq sahəsinin alınması üçün 132 manat Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin hesabına ödənilmişdir.

7. Sözügedən qərarla iddiaçının xüsusi mülkiyyətinə verilmiş və dəyəri bələdiyyənin bank hesabına əvvəlcədən ödənilmiş 0,10 ha torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt tərtib edilərək iddiaçı və bələdiyyənin nümayəndəsi tərəfindən imzalanmış, lakin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin rəhbəri tərəfindən imzalanmamış və möhürlə təsdiq olunmamışdır.

8. İddiaçı Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.

9. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-E-0006- 8/2024 nömrəli məktubla bildirmişdir ki, ərizəyə əlavə edilən ilkin torpaqayırma sənədlərinə baxılarkən həmin sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı müəyyən olunmuşdur. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun İl fəsli bələdiyyə torpaqlarinin mulkiyyətə, istifadəyə və icarəyə verilməsinin xususiyyətləri müəyyən edir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Qanunda dəyişiklik edilməsinə baxmayaraq torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, Goranboy rayon Qızılhacılı Bələdiyyəsinin 12 mart 2008-ci il tarixli 3-1-4 nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsinin birbaşa vətəndaşa satılması qərara alınmış və bununla bağlı digər sənədlər, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin 04 mart 2008-ci il tarixli sahəseçmə aktı (akt), torpaq sahəsinin alqı-satqısına dair akt, yerquruluşu planından çıxarış tərtib olunmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi təqdim olunmamış və təqdim olunmuş torpaq sahəsinin alqı-satqısına dair aktında aktın qeydiyyat tarixi və qeydiyyat nömrəsi yazılmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.3.-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunur.

10. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-15RA/2-Q- 172/6/2024 nömrəli arayışına əsasən Goranboy rayon Dövlət Arxivində mühafizə olunan Goranboy rayon Qızılhacılı Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 03 Nli iclas protokolunda qəsəbə sakini İddiaçı satış yolu ilə 0,10 ha torpaq sahəsi verilməsinə dair qeyd aşkar olunmamışdır.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2- 766/2025 nömrəli məktubunda bildirmişdir ki, aparılmış araşdırma zamanı Goranboy rayonu Qızılhacılı bələdiyyəsi tərəfindən 12 mart 2008-ci tarixində İddiaçı 0.10 ha torpaq sahəsinin satılması ilə bağlı tərtib edilmiş “Torpaqların alqı-satqısına dair Akt” arxivdə aşkar edilməmişdir.

12. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş və xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-2067/2025 nömrəli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: 1) İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi TEKUİS-də əsasən mülkiyyət növü bələdiyyə, kateqoriyası yaşayş məntəqələri torpaqlarına aid həyətyanı torpaq sahəsidir. 2) İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi naturada olçülməklə 0.10 ha torpaq sahəsi koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. 3) Təqdim edilən sənəd və göstərilən torpaq sahəsində hər hansı tikili mövcud deyildir. 4) İddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi üzərində mühəndis komunikasiya xətləri mövcud olmadığından qaz kəmərinin mühafizə zolağına, elektirik xəttinin qoruma zolağına, çayların, göllerin və sənaye, nəqliyyat, rabitə, müdafie və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. 5) İddiaçı tərəfindən naturada torpaq sahəsinin planı və ölçüsündə əks olunmuş və faktiki istifadə edilən torpaq sahəsinin hər hansı digər şəxslərin hüquqlarına toxunmur.

Məhkəmə mübahisəsi:

13. İddiaçı cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Qızılhacılı qəsəbədində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayon Qızılhacılı Bələdiyyəsinin 12 mart 2008-ci il tarixli, 3-1 -4 saylı qərarı ilə iddiaçıya Qızılhacılı Bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.10 ha torpaq sahəsi ayrılaraq satılmışdır. Buna görə iddiaçı X1 rayon “Kapital’ bankdakı ********* saylı hesabına 132 man.00 qəp.rüsum ödəmişdir. Bu barədə olan 18 mart 2008-ci il tarixli, 1 saylı ödəniş qəbzinin surətini məhkəməyə təqdim edir. Məhkəməyə təqdim etdiyim DT və XK-nin Goranboy rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, iddiaçıya satılması nəzərdə tutulan 0.10 ha torpaq sahəsi Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə daxildir və alqı-satqı predmetidir, həyətyanı məqsədlə satılması məqsədə müvafiqdir. Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin Yerquruluşu planından çıxarışdan görünür ki, iddiaçıya ayrılmış həyətyanı torpaq sahəsi Qızılhacılı qəsəbəsinin ərazisində yerləşir. Torpaqların alqı-satqısına dair Akt-ın surətindən məlum olur ki, həmin X3 və Xərtəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən imzalanıb, möhürlənmiş, iddiaçı tərəfindən imzalanmışdır. 04 mart 2008-ci il tarixli X2 surətindən görünür ki, aidiyyatı şəxslər tərəfindən Qızılhacılı Bələdiyyəsinin mülkiyyətində olan, kəndin prespektiv inkişafı üçün saxlanılmış sahədən 0,10 ha həyətyanı torpaq sahəsinin iddiaçıya satilması məqsədə müvafiq bilinmişdir. Bütün bunlardan sonra iddiaçı 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən ərizə müsbət həll olunmayaraq mülkiyyət hüquqların dövlət reyestirində qeydiyyata alınmasından imtina edilmişdir.

16. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

17. Cavabdeh iddiaya dair xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-6603/2024 nömrəli etirazında imtina əsaslarını təkrarlamışdır.

18. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir.

19. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Goranboy rayon Qızılhacılı bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

20. Üçüncü şəxs iddiaya dair münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir.

21. Cavabdehin və üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Qızılhacılı bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 3-1-4 nömrəli qərarı ilə ona ayrılmış 1000 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdır. Məhkəmə qeyd edir ki, bələdiyyə torpaqları üzərində hər hansı hüququn həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi qaydalarla tənzimlənir. Bu torpaqlar yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin balansında olan əraziləri əhatə edir və onların istifadəsi, icarəyə verilməsi və ya mülkiyyətə keçirilməsi qanuni əsaslarla mümkündür. Qeyd olunmalıdır ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, icarə və ya istifadə hüququ, qanun çərçivəsində həm cəmiyyətin maraqlarını, həm də fərdi mülkiyyət hüququnu təmin edən vacib mexanizmdir. Bu mexanizm isə daha dəqiq desək, torpaq sahələrinin ayrılması proseduru “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində bələdiyyə orqanları tərəfindən qəbul olunmuş aktlar hüququn yaranmasının əsaslarından biri kimi göstərilsə də, həmin normada, həm də həlledici şərtlərdən biri kimi sözügedən aktların qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi şərti təsbit olunmuşdur. Buna görə, istənilən bələdiyyə qərarı deyil, yalnız qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar hüquq müəyyənedici sənəd dəyərinə malikdir. Bu, qanunçuluq prinsipindən irəli gəlir. Qanunçuluq prinsipinin şərtinə cavab verə bilməsi üçün qərarın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi ilə yanaşı, həm də qanunvericilikdə müəyyən edilmiş şərtlərə və tələblərə riayət edilməklə qəbul edilməsi təmin olunmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İddiaçıya bələdiyyənin 12 mart 2008-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılarkən qüvvədə olan - “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli, № 466-İİİQD nömrəli Qanunun İİİ bölməsinin 1-ci bəndi ilə 9.1-ci maddə aşağıdakı redaksiyada verilmişdir: 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.” Sadalanan qanunvericilik normalarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı xx.xx.2008-ci il tarixdə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Lakin qeyd olunan qərara əsasən iddiaçıya torpaq sahəsi qanunvericiliyin tələblərinə zidd olaraq hərrac və ya müsabiqə keçirilmədən ayrılmışdır. Yəni, hətta bələdiyyə qərarının həqiqiliyi müəyyən edilmiş olsa belə, bələdiyyənin həmin vaxt müsabiqə və hərrac keçirmədən torpaqayırma səlahiyyəti olmadığından qərar qanuni hesab edilə bilməzdi. Həmçinin, həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Hazırda iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpaqların alqısatqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamış, həmin qurumun rayon şöbəsinin müdirinin imzası və möhürü ilə təsdiqlənməmişdir. Halbuki, “Torpaqların alqı-satqısına dair akt” inzibati aktın qəbul olunma anına qədər deyil, inzibati akt qəbul olunduqdan sonra müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs tərəfindən imzalanan və möhürlə təsdiq edilən aktdır. Göründüyü kimi, iddiaçıya qeyd olunan torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun ayrılmamışdır. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, xx.xx.2008-ci il tarixdən qüvvəyə minmiş qanunvericilik aktına əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən də verilə bilməsi qaydasını müəyyən olunmuşdur. Hazırki iş üzrə isə iddiaçının ona bələdiyyə torpağı satılan zaman bələdiyyənin ərazisində daimi yaşamaqla, ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olması halı da müəyyən edilmir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüqüqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar