Məhkəmə qərarları › İş №2-1(114)-2140/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2140/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2140/2022 20.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyin qarşı mənzillə təmin olunma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 75 nömrəli sərəncamına əsasən mənzil uçotu barədə məlumatlarını qəbul etməklə onun mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri İcra Hakimiyyətinə qarşı Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-cü il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun mərhum anasının adından onun adına dəyişdirilməsi” tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsə də, apellyasiya şikayəti təmin edilmiş və mənzil uçotunun adına dəyişdirilməsi vəzifəsi Gəncə şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Gəncə şəhəri İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli 75 nömrəli sərəncamla bu vəzifə öhdəliyini yerinə yetirsə də, bu dəfə hazırki iş üzrə cavabdeh mənzil uçotu barədə məlumatlarını qəbul etmir və onu mənzillə təmin etməkdən imtina edir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən şəhidin arvadı (əri), valideyinləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları, qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar), texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alanlar isə bu məktəbi bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Qeyd olunan qaydalara əsasən iddiaçı şəhid ailəsi üzvü hesab edilmədiyindən iddiası təmin edilməməlidir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(104)-77/2022 nömrəli qərarından görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 72 nömrəli sərəncamına əsasən mənzil uçotunun İddiaçı adına dəyişdirilməsi vəzifəsinin Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 75 nömrəli sərəncamından görünür ki, xx.xx.2015-сi il tarixli 72 №-li sərəncam ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış X4 vəfat etməsi ilə əlaqədar həmin uçot onun oğlu İddiaçı üçün saxlanılması qərara alınmışdır. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı şəhid ailəsi üzvü olmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində mənzillə təmin olunması üçün cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmiş və onun şəhid ailə üzvü olmaması səbəbindən sosial-məişət şəraitinin yaxşılarşdırılması onların səlahiyyətlərinin xaricində olması bildirilmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”-na əsasən onun şəhid ailə üvzü hesab edilməməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəhid ailəsi üçün nəzərdə tutulan müvafiq güzəştlər və bundan irəli gələn münasibətlər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. İş materiallarından görünür ki, iddiaçının atası İddiaçı Məhəmməd oğlu 1993-cü ildə şəhid olmuş, iddiaçı isə xx.xx.1994-cü ildə doğulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunmuş Qanunun normasının düzgün təfsiri mübahisənin ədalətli həlli üçün mübahisəolunmazdır. Belə ki, hüquq normasının təfsiri dedikdə, ümumi anlamda hüquq qaydasının gerçək mahiyyətinin əldə edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur. Əgər qeyd olunan “18 yaşına çatmamış uşaqlar” ifadəsini hərfi mənada təfsir etsək, bu zaman normanın məzmunu daralar və nəticədə iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşmasına gətirib çıxarar ki, bu da ədalətlilik prinsipi ilə ziddiyət təşkil edəcəkdir. Odur ki, sözügedən ifadəni genişləndirici təfsir edərək o nəticəyə gəlinməlidir ki, iddiaçının atası şəhid olan zaman övladının şəhid ailəsi üzvü statusu yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinə görə Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Sözügedən Əsasnaməyə 3.1.16-cı bəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsinə aid edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı şəhid ailəsi üzvüdür. Hazırki iddia ilə iddiaçı şəhid ailəsi üzvü olmaqla qanunvericilikdə təsbit olunmuş hüquqlarından istifadə etmək niyyətindədir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının mənzillə təmin olunma öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı mənzillə təmin olunma öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar