Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2142/2025 02.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Doğum haqqında xx.xx.1963-cü il tarixli 19 nömrəli akt qeydinə əsasən Polat xx.xx.1963-cü il tarixdə Xanlar rayonunda anadan olmuşdur. Ana qrafasında X10 qeyd edilmiş, soyad və ata adı qrafasında isə məlumat qeyd edilməmişdir. Həmçinin akt qeydində xüsusi qeyd olaraq “ananın dediyinə görə Mamedov Cəmildəndir” sözləri yazılmışdır.
2. Doğum haqqında xx.xx.1963-cü il tarixli AЗ410793 nömrəli şəhadətnaməyə əsasən X11 xx.xx.1963-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1963-cü il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X17, ana qrafasında X10 qeyd edilmişdir
3. Evlənmə haqqında xx.xx.1965-ci il tarixli 4 nömrəli akt qeydinə əsasən X15 ilə X12 xx.xx.1965-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir.
4. Ölüm haqqında xx.xx.2015-ci il tarixli AZ-İ 724478 nömrəli şəhadətnaməyə əsasən X7 xx.xx.2015-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir.
5. Ölüm haqqında xx.xx.2024-cü il tarixli AZ-İİ 405581 nömrəli şəhadətnaməyə əsasən X15 xx.xx.2024-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 359 nömrə ilə qeyd edilmişdir.
6. Cavabdeh xx.xx.2024-cü il tarixli 05/09İS/093593-24 nömrəli arayışında göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Əri: X15 (xx.xx.1939) (xx.xx.2024-cü ildə ölüb); Oğlu: X9 (xx.xx.1961); Oğlu: İddiaçı (xx.xx.1963); Qızı: X3 (xx.xx.1965); Oğlu: X8 (xx.xx.1967) (xx.xx.1968-ci ildə ölüb); Oğlu: X4 (xx.xx.1969).
7. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aşıqlı kənd inzzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü iİ tarixli 5-47-13/3-2-334/2024 nömrəli arayışında göstərilmişdir ki, mərhum X7 xx.xx.2015-ci il tarixdə ölmüşdür və ölən günədək Göygöl rayonunun Köşkü kəndində qeydiyyatda olub və yaşamışdır. Öləndən sonar aşağıdakı tərkibdə ailə üzvləri qalmışdır: Mərhum əri – X15 Oğlu – X9; Oğlu – İddiaçı; Oğlu – X4; Qızı – X3.
8. İddiaçı doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə, həmin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-Q/1-139/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi sənədlərdə və Cavabdeh arxivində saxlanılan akt qeydlərində ziddiyyət aşkar edilmişdir. Belə ki, təqdim etdiyi doğum haqqında şəhadtnamədə atasının soyadı “Mamedov” kimi qeyd edilmiş, qeydiyyat şöbəsinin arxivində saxlanılan akt qeydində ata haqqında məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası”nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, kifayət qədər əsaslar olmadığına görə onun müraciəti tərəflərindən təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək müvafiq düzəlişlər aparılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur.
9. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-490/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı atalığın müəyyən edilməsi haqqında akt qeydinin olub-olmadığı, həmçinin onun valideynləri X15 ilə Məmmədova (Tağıyeva) Zümrüd Əli qızının nikahının olub-olmamasını müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2025-ci ilədək aparılmış vəxx.xx.1963-cü il təvəllüdlü İddiaçı atalığın müəyyən edilməsi haqqında akt qeydi aşkar edilməmişdir. X15 ilə Məmmədova (Tağıyeva) Zümrüd Əli qızının Göygöl rayon Aşıqlı kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1965-ci il tarixdə 04 saylı nikah akt qeydi aşkar edilmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus doğum akt qeydində düzəliş edilərək soyadının Məmmədov, adının Polad və ata adının isə Cəmil kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X2 Göygöl rayon Aşıqlı kəndi ərazisində 0.08 ha həyətyanı torpaq sahəsi miras qalıb. X16 xx.xx.2015-ci il tarixdə vəfat edib, o vəfat edəndən sonra miras qalmış əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etmiş, ondan doğum haqqında şəhadətnaməsi və digər sənədlər tələb edilmiş və həmin vaxt müəyyən olunmuşdur ki, ona məxsus doğum haqqında şəhadətnamədə soyadı "Mamedov", adı isə "Polat" kimi yazılmışdır. O, qeyd olunan yanlışlıqla bağlı qeydiyyat orqanına müraciət etmiş və bu zaman da müəyyən olunmuşdur ki, ona məxsus doğum akt qeydində ümumiyyətlə ata adı qeyd olunmamışdır. Qeyd olunan yanlışlığa görə o, hazırda mirası qəbul edə bilmir. Yanlışlığın aradan qaldırılaraq doğum akt qeydinə düzəliş edilməsi barədə aidiyyəti orqana müraciət etmiş, lakin bundan imtina olunmuş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda o, qeyd olunan yanlışlığa görə vərəsəlik hüququnu həyata keçirə bilmir. Qeyd etdiyi kimi ona məxsus doğum şəhadətnaməsi verilib və həmin şəhadətnamədə ata adı qeyd olunmuş, sadəcə həmin şəhadətnamədə soyadı "Mamedov", adı isə "Polat" kimi yazılmışdır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
14. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
15. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
16. Cavabdehin nümayəndəsi X6 iclas zamanı iddia tələbinə etiraz etmədiyini bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
17. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.
18. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
19. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia tələbində ona məxsus doğum akt qeydində düzəliş edilərək soyadının Məmmədov, adının Polad və ata adının isə Cəmil kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
20. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində düəzliş edilməsi üçün ilk öncə onun atalığı müəyyən olunmalıdır.
21. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
22. Göründüyü kimi, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən olunur.
23. Hazırkı işdə iddiaçı anadan olduğu tarixdə valideynlərinin rəsmi nikahları olmamış, doğum haqqında şəhadətnamədə ata barədə məlumatlar ananın sözləri ilə yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının atası vəfat etdiyinə görə atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən olunmalı, yəni iddiaçının iddia tələbinə xüsusi icraat qaydasında atalığın tanınması faktının müəyyən edilməsi üzrə baxılmalıdır.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
25. Göründüyü kimi, tələb inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır.
26. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
27. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
28. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva