Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2143/2021 08.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qarşı 2-ci qrup əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı uşaqlıqdan əlillik vəziyyəti Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında 30.10.1998-ci il tarixində tibbi-sosial ekspert komissiyasında ilkin olaraq qiymətləndirilmiş və 16 yaş tamam olana qədər (10.08.2007-ci il tarixədək) uşaqlıqdan əlilliyin təyini barədə qərar verilmişdir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında 10.09.2014-cü il tarixdə İddiaçı əlillik vəziyyəti tibbi-sosial ekspert komissiyasında təkrar olaraq qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 1 (bir) il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 0272003AADKA nömrəli göndərişi əsasında 23.09.2015-ci il tarixində İddiaçı əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyəti Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 0272003AAE5L nömrəli göndərişi əsasında 25.04.2016-cı il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar olaraq qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 5 (beş) il müddətinə (25.04.2021-ci il tarixinədək) ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən İddiaçı aid rəsmiləşdirilmiş 0272003AAMVF nömrəli göndəriş 08.06.2021-ci il tarixdə qiymətləndirilmiş, əlavə bərpa müalicəsinə ehtiyacı olduğundan əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qarşı 29.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08.06.2016-cı il tarixdən etibarən 2-ci qrup əlillik dərəcəsinin müəyyən edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin 08 iyun tarixindən 2-ci qrup əlil olaraq pensiya alsa da, hazırda aldığı pensiyası dayandırılmışdır. Bununla bağlı dəfələrlə təyin edilmiş Sosial Ekspert Komissiyasından keçsə də, ona cavabdeh tərəfindən əlillik dərəcəsinin verilməsi təmin edilmir. Aldığı əlillik dərəcəsinə görə hətta hərbi xidmətdən də azad olunmuşdur. İddia ərizəsinə əlavə etdiyi tibbi sənədlər və vəsiqə cavabdeh tərəfindən ona qarşı qanunsuzluq edilməsinə dəlalət edir. Sağlamlıq vəziyyəti ilə bağlı hər dəfə həkim ekspert komissiyasından keçmişdir. Xəstəliyi hər hansı bir qondarma xəstəlik deyil və xəstəliyi əsl həqiqi xəstəliklə bağlıdır. Bugünkü gündə cavabdehin qanunsuz hərəkətləri nəticəsində haqsızlığa məruz qalmışdır. Daimi olaraq xəstəlikdən əziyyət çəkməklə daim müalicə almışdır. Xəstəliyi ilə bağlı 2021-ci ilin iyul ayı tarixində ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edildi. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə müvafiq izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş və məhkəmə araşdırılması zamanı bildirmişdir ki, hazırda mübahisələndirdiyi qiymətləndirilmə 08.06.2021-ci il tarixdə aparılmış və imtinaya dair elektron çıxarışı 29.06.2021-ci ildə almışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinə müvafiq izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddaçıya, cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtə və yeri barədə məhkəmə bildirişinin təqdim edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 08.06.2021-ci il tarixli imtinasından məlum olur ki, iddiaçının əliliyi qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia məcburetmə haqqında iddia növünə aiddir və məcburetmə haqqında iddia vasitəsilə iddiaçı məhkəmə qarşısında inzibati orqandan “İnzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsində nəzərdə tutulmuş mənada onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edir. Belə ki, hər hansı əlverişli şəraiti yaradan halın təmin edilməməsi əlverişsiz inzibati akt sayılmır, çünki belə bir qərar hüquqi vəziyyəti dəyişmir, sadəcə və yalnız hüquqların genişlənməsinin qarşısını alır. Odur ki, bu cür qərara qarşı məcburetmə haqqında iddia qaldırılmalıdır. Məhkəmə onu da qeyd edir ki, məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri iddia müddətidir. İddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir və bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsinə əlavə edilmiş imtinadan məlum olur ki, qiymətləndirilmə 08.06.2021-ci il tarixdə aparılmış və nəticəsi barədə iddiaçıya məlumat 29 iyun 2021-ci il tarixdə çap edilərək təqdim olunmuşdur. Belə olan halda hazırkı iddia qanunvericiliklə nəzərdə tutulmuş müddətdə deyil, yəni cavabdehin 08.06.2021-ci il tarixli imtinasının iddiaçıya təqdim edildiyi 29.06.2021ci il tarixdən 30 gündən daha çox müddətdə qaldırılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən 12.11.2021-ci il tarixli sərəncamla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş, yardıma uyğun nöqsanların aradan qaldırılması, yəni iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizənin 08.12.2021-ci il tarixədək məhkəməyə təqdim olunması ona təklif olunmuşdur. Məhkəmənin sərəncamı iddiaçı tərəfindən 19.11.2021ci il tarixdə təhvil alınsa da, habelə, hazırkı məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iştirak etsə də, sərəncamın tələblərinə riayət edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qarşı 2-ci qrup əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qarşı 2-ci qrup əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2143/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2143/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver