Məhkəmə qərarları › İş №2-1(114)-2144/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2144/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2144/2021 28.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlil olaraq Prezident təqaüdünün dayandırılmasının qanunsuz hesab edilməsi və təqaüdün verilməsinin bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X2 şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək bildirmişdir ki, 2011-ci ildən əlilliklə əlaqədar təqaüdçüdür, 2021-ci ilin mart ayına qədər təqaüdündən heç bir şikayəti olmamışdır. 02.02.2021ci il tarixdən ona verilən təqaüd dövlət tərəfindən dayandırılmışdır. Həmin imtinadan narazıdır, səbəbi odur ki, təqaüd kəsilən müddətdən bu günə qədər həmin xəstəliklər canında qalmış, heç bir dəyişiklik olmadan, qanunsuz olaraq təqaüdü dayandırılmışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir müsbət cavab ala bilməmiş, ona görə də, ayrılmış təqaüdün alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 06.10.2021-ci il tarixli sərəncam göndərilmiş və iddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılmaqla qanunvericiliyə uyğun iddia ərizəsi tərtib edilərək təqdim olunması üçün 28 oktyabr 2021-ci il tarixədək vaxt verilmişdir. Məhkəmənin sərəncamı 13.10.2021-ci il tarixdə şəxsən, 16.10.2021-ci il tarixdə isə poçt vasitəsilə iddiaçıya təqdim olunmuşdur. İddiaçı həmin sərəncama müvafiq olaraq 18.10.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəni məhkəməyə təqdim edərək 2-ci qrup əlili olaraq Prezident təqüdünün verilməsinin dayandırılmasının qanunsuz hesab edilməsinə və Prezident təqaüdünün verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, hal-hazırda Gəncə şəhərində məskunlaşmışdır. 27 may 1993-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində “N” saylı Hərbi Hissədə hərbi xidmətdə olmuşdur. Ağdərə uğrunda gedən döyüşlər zamanı 16 yanvar 1994-cü il tarixdə Ağdamın Qarapremli kəndində ağır yaralanaraq, 2 güllə, 5 qəlpə yarası almışdır. Vəziyyətini ağır olduğu üçün təcili olaraq Bakı şəhərində yerləşən Tramotalogiya İnistutuna müayinə və müalicə olmaq üçün yerləşdirilmişdir. Müalicə olunduqdan sonra vətənin müdafiə olunması üçün yenidən ordu sıralarına geri dönmüşdür. Qapalı kəllə beyin travmasından 18 noyabr 1996-cı il tarixdə Bakı şəhərində X1 Xəstəxana Nervalogiya bölməsində müayinə və müalicə olunmuşdur. Səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq 2009-cu ildən ordu sıralarından təxris olunmuşdur. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərlə əlaqədar DSMF tərəfindən 03 fevral 2011-ci il tarixdən 2-ci qrup əlil hesab olunaraq ömürlük təqaüdə çıxmışdır. Prezident təqaüdçüsü olmuşdur. Lakin 2021-ci ilin mart ayından ona verilən prezident təqüdü əsassız olaraq dayandırılmışdır. Ailəsi çox kasıb yaşayır, ailənin yeganə gəlir mənbəyi aldığı pensiyadır. Himayəsində boşanmış qızı, hərbi xidməti zamanı xəstəliklə əlaqədar olaraq işləmək qabiliyyətini itirmiş oğlu və iki az yaşlı nəvəsi var. Aztəminatlı ailə olaraq başqa yerdən gəlir mənbələri yoxdur. Özü isə hal-hazırda insulindən asılı şəkərli diabet xəstəsidir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində ilk müraciətinə cavab olaraq “əmək qabiliyyəti məhduddur” qeyd olunsa da, sonraki müraciətinə cavab olaraq “yüngül “oturaq” işlərdə işləyə bilər” kimi qeyd olunmuşdur və ona 2-ci qrup əlil olaraq Prezident təqaüdünün verilməsindən imtina edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırki tələb üzrə düzgün qeyd olunmamış təqaüdün ödənilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun vəzifəsi kimi müəyyən edilmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 1.1-ci maddəsinə əsasən Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bundan başqa, istər iddia ərizəsi, istərsə də dəqiqləşdirilmiş iddia ərizəsi təqdim olunarkən ilkin olaraq tələblə cavabdeh inzibati orqana müraciəti təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iddia növü ilə bağlı qeyd edir ki, təqaüdün bərpa edilməsi öhdəliyin icrası haqqında iddiadır və iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətin edilməsini xahiş edir. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). Məhkəmənin 06.10.2021-ci il tarixli sərəncamında qeyd edilmişdir ki, iddia ərizəsi İPM-nin 46.1-cı maddəsinin tələblərinə cavab vermir. Bundan başqa, ərizədə tələbin nədən ibarət olması, hansı hüquqların inzibati orqan tərəfindən pozulması, qeyd olunan inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması qeyd edilməmişdir. Belə ki, iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsində inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, yəni inzibati orqana edilən müraciətə imtina cavabının verilməsi və ya ümumiyyətlə cavab verilməməsi, bununla əlaqədar iddiaçının konkret olaraq hansı hüquqlarının inzibati orqan tərəfindən pozulması göstərilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ərizələrdən göründüyü kimi iddiaçının hüquqi marağı sağlamlıq imkanlarının məhdudluğu qiymətləndirilən zaman müəyyən edilmiş əmək zəmanətinin dəyişdirilməsi və bununla əlaqədar olaraq ödənilən təqaüdün bərpasıdır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən məlum olur ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu 01.07.2021-cı il tarixdə qiymətləndirilmiş, ikinci dərəcəli əlilliyinin olması və əmək zəmanəti-yüngül “oturaq” işlərdə işləyə bilməsi kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı əmək zəmanətinin dəyişdirilməsi ilə bağlı ilkin olaraq hazırki cavabdehə, tələbi təmin olunmadığı təqdirdə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlil olaraq Prezident təqaüdünün dayandırılmasının qanunsuz hesab edilməsi və təqaüdün verilməsinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar