Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2145/2021 30.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 17.07.1991-ci il tarixdən 01.04.2004-cü il tarixədək «ABZ»də (X5 Vahidi İdarəsi) və «AKM» Bərdə filialında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 noyabr 1973-cü il tarixdən 01 mart 1974-cü il tarixədək «PMK-168» adlanan Təmir Tikinti idarəsində, 13 iyun 1974-cü il tarixdən 23 oktyabr 1974-cü il tarixədək 2 nömrəli Təmir Tikinti idarəsində, 06 noyabr 1974-cü il tarixdən 11 noyabr 1976cı il tarixədək hərbi xidmətdə olduğu, 07 fevral 1977-ci il tarixdən 17 avqust 1981-ci il tarixədək 2 nömrəli Təmir Tikinti idarəsində, 31 oktyabr 1981-ci il tarixdən 20 iyul 1986-cı il tarixədək «RSXT»də (ERTES), 11 avqust 1986-cı il tarixdən 03 iyul 1991-ci il tarixədək Bərdə rayon «Sosializm» adına kolxozda, 17 iyul 1991-ci il tarixdən 01 aprel 2004-cü il tarixədək «ABZ»də (X5 Vahidi İdarəsi) və «AKM» Bərdə filialında işlədiyi illərinin sosial sığorta stajına hesablanaraq, pensiyanın təyin olunması edilməsini xahiş etmişdir. 03.11.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Bərdə rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və 17.07.1991-ci il tarixdən 01.04.2004-cü il tarixədək «ABZ»də (X6 Vahidi İdarəsi) və «AKM» Bərdə filialında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03.11.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 29 noyabr 1973-cü il tarixdən 01 mart 1974-cü il tarixə kimi «PMK-168» adlanan Təmir Tikinti idarəsində, 13 iyun 1974-cü il tarixdən 23 oktyabr 1974-cü il tarixə kimi 2 nömrəli Təmir Tikinti İdarəsində işləmiş, 06 noyabr 1974-cü il tarixdən 11 noyabr 1976-cı il tarixə kimi hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 07 fevral 1977-ci il tarixdən 17 avqust 1981-ci il tarixə kimi 2 nömrəli Təmir Tikinti İdarəsində, 31 oktyabr 1981-ci il tarixdən 20 iyul 1986-cı il tarixə kimi «RSXT»də (ERTES), 11 avqust 1986-cı il tarixdən 03 iyul 1991-ci il tarixə kimi Bərdə rayon «Sosializm» adına kolxozda, 17 iyul 1991-ci il tarixdən 01 aprel 2004-cü il tarixə kimi «ABZ»də (X5 Vahidi İdarəsi) və «AKM» Bərdə filialında işləmiş və işlədiyi illərə dair qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh 30 noyabr 1973-cü ildən 01 yanvar 2006-cı ilə kimi işlədiyi illərə dair sığorta stajının 17 il, 1 ay olmaqla (25 ildən) az olduğunu bildirərək, 17.07.1991-ci il tarixdən 01.04.2004-cü il tarixədək «ABZ»də (X5 Vahidi İdarəsi) işlədiyi illərin əmək stajına hesablanmasından imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə yazılı etiraz göndərərək bildirmişdir ki, araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən əmək kitabçasında qeyd edilən vətəndaşın 1991-2004cü il tarixində X5 Vahidindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış, iş üzrə arxivdə saxlanılan sənədlərə əsasən qarşılıqlı yoxlama aktı tərtib edilmiş, 10 mart 2021-ci il tarixli qarşılıqlı yoxlama aktında vətəndaşın 17.07.1991-ci il tarixdə təmirmexaniki vəzifəsinə təyin edilməsi, 15.01.1992 və 03.12.1993-cü il tarixlərində Bakı şəhərinə ezam edilməsi və 04.11.1999-cu il tarixdən İnvertarlaşma Komissiyasına üzv olduğu qeyd olunmuş, həmçinin 1994-1998-ci illərə dair əmr və əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilməmiş və 2001-2004-cü illərə dair əmr kitabı olmasına baxmayaraq vətəndaşın işdən azad edilməsi barədə heç bir məlumat əldə olunmamışdır. İnzibati orqan akta əsaslanaraq 17.07.1991-ci il tarixdən 01.04.2004-cü il tarixədək olan dövrləri sosial sığorta stajı kimi nəzərə almamışdır. Müəssisənin qeyd olunan dövrlər üzrə fəaliyyət göstərib-göstərməməsi barədə və vətəndaşın əmək fəaliyyətinin olub-olmaması barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bərdə rayon Dövlət Arxivinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğular ünvanlanmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 16.09.2021-ci il tarixli, 01/3- 2177 nömrəli cavab məktubuna əsasən X5 Vahidi 29 iyun 1996-cı il tarixindən 01 aprel 2004-cü ilədək Azərbaycan Respublikasının statistik vahidlərinin Dövlət reyestrində qeydiyyatda olmuş, Əmək kitabçasında qeyd olunanların əksinə Statistika Komitəsinin cavab məktubunda müəssisənin «ABZ» və ya «AKM Bərdə filialı» adlandırılmasına dair reyesterdə məlumatın olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin 01.10.2021-ci il tarixli, **********64 nömrəli cavab məktubuna əsasən, AKM Bərdə Filialı barədə dövlət əmlakının reyestrində heç bir məlumatın qeydə alınmadığı bildirilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bərdə rayon Dövlət Arxivinin 14.09.2021-ci il tarixli, 178 nömrəli cavab məktubu qarşılıqlı yoxlama aktı ilə eyni məzmunu təşkil edir. Əmək kitabçasında işdən azad edilmə əmrinin tarixi və nömrəsi qeyd edilsə də, arxivdə saxlanılan müəssisəyə aid əmrlər kitabında vətəndaşa aid heç bir qeyd aşkarlanmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsindən aydın olur ki, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: 1. İddiaçı X3 xx.xx.1956-cı il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən vətəndaş 65 yaşına 24.01.2021-ci il də çatdığı üçün pensiya təyin edilməsi üçün minimum yaş tələbini qarşılamışdır. 2. İddiaçının pensiya hüququ yaransa belə, 25 illik sosial sığorta stajı tələbi ödənmədikdə vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Qanunvericiliyin tələblərinə əsasən, iddiaçının nəzərə alınan işlədiyi illəri və hərbi xidmət illəri sosial sığorta stajı kimi nəzər alındıqda iddiaçının cəmi 17 il 1 ay sosial sığorta stajı yaranır. İddiaçının təqdim etdiyi diploma əsasən, təhsil aldığı illər əmək kitabçasında qeyd edilən işlədiyi dövrlərlə üst-üstə düşdüyü üçün təhsil illəri «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən vətəndaşın sosial sığorta stajına hesablanmır. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X2 etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus olan 30.11.1973-cü il tarixli əmək kitabçası, 28.10.1974-cü il tarixli НЗ ******* nömrəli hərbi bilet, 02.07.1981-ci il tarixli ЖВ 025433 nömrəli diplom, Dövlət Statistika İdarəsinin 16.09.2021-ci i tarixli, 01/3-2177 nömrəli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01.10.2021-ci il tarixli, **********64 nömrəli məktubu, Bərdə rayon Dövlət Arxivinin 14.09.2021-ci il tarixli, 178, 18.10.2021-ci il tarixli 200 və 200/1 nömrəli arxiv arayışları, Bərdə rayon Statistika İdarəsinin 18.10.2021-ci il tarixli, 94 nömrəli məktubu, cavabdehin 21.04.2021-ci il tarixli **********8 nömrəli imtina məktubu və 29.10.2021-ci il tarixli, **********0 nömrəli etirazı, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.10.2021-ci il tarixli **********833400 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Bundan başqa, iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu isə bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Habelə, iddiaçının hazırki iddianı qaldırmaqda olan hüquqi marağı 65 yaşı tamam olduğu tarixdən pensiya hüququnu reallaşdırmağa yönəlmişdir. Belə ki, iddiaçının işlədiyi müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə o, qanunla tələb olunan 25 ildən çox sosial sığorta stajına malik olacaqdır. İşin faktiki hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının 01.01.2006-cı il tarixədək 17 il 01 ay sığorta stajı topladığını və həmin tarixdən pensiya hüququ yarananadək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını əsas gətirərək pensiya təyin olunmasından imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 24.01.2021-ci il tarixdə (65 yaş) yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisə edilməyən halıdır. Hazırki iş üzrə cavabdeh tərəfindən mübahisə edilən hal iddiaçının tələb olunan azı 25 il iş stajının, yaxud minimum əmək pensiyası təminatına imkan verən pensiya kapitalının mövcud olmamasıdır. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, 29.11.1973-01.03.1974-cü (02 ay 02 gün), 13.06.1974-23.10.1974-cü (04 ay 10 gün), 07.02.1977-17.08.1981-ci (04 il 06 ay 10 gün), 31.10.1981-20.07.1986-cı (04 il 08 ay 19 gün), 11.08.1986-03.07.1991-ci (arxiv arayışına əsasən kolxozdakı minimum adam günü norması ilə 05 il 04 ay), 17.07.1991- 01.04.2004-cü (12 il 08 ay 14 gün) il tarixədək əmək fəaliyyəti məşğul olmuşdur. Cavabdeh qurum iddiaçının 29.11.1973-01.03.1974-cü (02 ay 02 gün), 13.06.1974- 23.10.1974-cü (04 ay 10 gün), 07.02.1977-17.08.1981-ci (04 il 06 ay 10 gün), 31.10.1981- 20.07.1986-cı (04 il 08 ay 19 gün), 11.08.1986-03.07.1991-ci (arxiv arayışına əsasən kolxozdakı minimum adam günü norması ilə 05 il 04 ay) tarixlərdəki iş stajı və 06.11.1974- 11.11.1976-cı il (02 il 05 gün) tarixədək hərbi xidmətdə olduğu müddət sosial sığorta stajına daxil edilərək, ümumilikdə 17 il 01 ay sığorta stajını mübahisələndirmir. İnzibati orqan tərəfindən iddiaçının 17.07.1991-ci il tarixdən 01.04.2004-cü il tarixədək «ABZ»də (X6 Vahidi İdarəsi) və «AKM» Bərdə filialında işlədiyi illər nəzərə alınmır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Habelə, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 16.09.2021-ci il tarixli, 01/3- 2177 nömrəli məktubuna əsasən X5 Vahidi 29 iyun 1996-cı il tarixindən 01 aprel 2004-cü ilədək Azərbaycan Respublikasının statistik vahidlərinin Dövlət reyestrində qeydiyyatda olmuşdur. Bərdə rayon Dövlət Arxivinin 14.09.2021-ci il tarixli 178 nömrəli və 18.10.2021-ci il tarixli 200 nömrəli məktublarına əsasən iddiaçı Bərdə rayon sabiq 19 №-li TYTİ-si üzrə 17.07.1991-ci il tarixdən ABZ-də təmir-mexaniki vəzifəsinə təmin edilmişdir. Göründüyü kimi, iddiaçının 17.07.1991-ci il tarixdən «ABZ»də (X6 Vahidi İdarəsi) əmək fəaliyyətinə başlaması həm əmək kitabçası, həm də arxiv arayışı (əmrdən çıxarışla) öz təsdiqini tapır. Bununla belə, iddiaçının sonrakı əmək fəaliyyəti ilə bağlı son məlumat isə 14 nömrəli əmrlə 04.11.1999-cu il tarixdən İnvertarlaşma Komissiyasının üzvü olması ilə qeyd edilməsidir. Həmin müəssisənin 2001-2004-cü illərə dair əmr kitablarında iddiaçının işləməsi ilə bağlı hər-hansı bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının yalnız müvafiq əmrlər (arxiv sənədləri) ilə öz təsdiqini tapdığı əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 17.07.1991-ci il tarixdən 04.11.1999-cu il tarixədək «ABZ»də (X6 Vahidi İdarəsi) işlədiyi 08 il 03 ay 17 gün müddət sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Beləliklə, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 17 il 01 ay sosial sığorta stajı 17.07.1991-ci il tarixdən 04.11.1999-cu il tarixədək «ABZ»də (X6 Vahidi İdarəsi) işlədiyi - 08 il 03 ay 17 gün müddət ilə birlikdə 25 ildən artıqdır. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 17.07.1991-ci il tarixdən 04.11.1999-cı il tarixə kimi “ABZ”-də (X5 Vahidi İdarəsi) və “AKM” Bərdə filialında işlədiyi illəri -08 il 03 ay 17 gün müddət sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı 24.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2145/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2145/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver