Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2147/2020 22.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi tələbinə dair inzibati işə baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehnə qarşı onun Şəmkir rayon Seyfəli kənd İcra Nümayəndəliyində xx xxxx 1991-ci il tarixdə qeyd edilmiş 211 nömrəli doğum haqqında akt qeydində soyadının və adının dəyişdirilərək, X1 qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində anadan olmuşdur. Doğulan zaman soyadı “Əmiraslanov”, adı isə “Elgün” olmuşdur. Cavabdeh xx.xx.2014-cü il tarixli rəyi ilə ona “İddiaçı” adı ilə AZ-İ 012380 nömrəli “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında” şəhadətnamə verilmişdir. Hazırda Şəmkir rayon Seyfəli kənd İcra Nümayəndəliyində xx xxxx 1991-ci il tarixdə qeyd edilmiş 211 nömrəli doğum haqqında akt qeydində soyadının və adının əvvəlki kimi, yəni soyadının “Əmiraslanov”, adının isə “Elgün” kimi yazılması üçün Cavabdehnə müraciət etmiş, lakin həmin orqan müraciətindən rəsmi imtina etmiş və ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxa və iş üzrə qərar qəbul edə bilmişdir. İş materiallarına iddiaçıya məxsus AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2020-ci il tarixli, 2388 nömrəli Cavabdeh arayışı, Cavabdeh xx.xx.2020-ci il tarixli,05/Q-1948 nömrəli imtina məktubu əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə hesab edir ki, iddianın mümkünlüyünə dair şərtlər mövcud olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı artıq bir dəfə ad və soyadını dəyişmiş, ona bu barədə şəhadətnamə verilmişdir. İnzibati orqanın ikinci dəfə şəxsin ad və soyadını dəyişdirmə barədə müraciətindən imtinası iddiaçının mənafeyi baxımından uyğun hesab edilir və onun konstitusion hüquqlarına xələl gətirmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.4. maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 6.3. bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; 6.25. bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; 6.26. bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; 6.27. bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; 6.28. bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləjə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189. maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 192. maddəsinə görə, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 189. maddəsində “Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir” müddəası vətəndaşın öz adını və soyadını, atasının adını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra icazə verilə bilər kimi başa düşülməlidir. Qanunun bu norması “18 yaşına çatmış vətəndaşın öz adını və soyadını, atasının adını istədiyi zaman istədiyi formada dəyişdirə bilər” kimi başa düşülməməlidir. Məhkəmə hesab edir ki, soyadın və adın yenidən dəyişdirilməsi üçün əsaslı səbəblər olmalıdır. Hazırkı iş üzrə göründüyü kimi xx.xx.2014-cü il tarixdə iddiaçının müraciəti əsasında onun adı və soyadı Cavabdehndə İddiaçı kimi dəyişdirilmiş və beləliklə iddiaçı mülki qanunvericiliklə ona verilmiş potensial hüququndan bir dəfə istifadə etmiş, lakin qeyd edilən prosedurdan cəmi bir neçə il ötdükdən sonra iddiaçı yenidən soyad və adının dəyişdirilməsi tələbi ilə inzibati orqana, sonradan məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təkrarən soyad və adının dəyişdirilməsinə dair göstərdiyi dəlillər əsassızdır və mötəbər sübutlara əsaslanmır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbi ilə bağlı irəli sürdüyü dəlilləri sübut etməli olduğu halda bunu edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2147/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2147/2020
22.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver