Məhkəmə qərarları › İş №2-1(114)-2148/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2148/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2148/2022 25.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə qəbul etdiyi qanunsuz xx.xx.2000-ci il tarixli, 20 saylı qərarının ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tarix elmlər doktoru professor Həsənbala Sadıqov və tarix üzrə fəlsəfə doktoru dosent S.P.Pişnamazzadənin verdikləri Gəncə Dövlət Universitetinin elmi katibliyi tərəfindən təsdiqlənən xx.xx.2011-ci il tarixli rəydən görünür ki, İddiaçı Azərbaycan Respublikasında hüquqi demokratik dövlətin yaradılması və formalaşması tarixi (1991-2005-ci illər) mövzusunda hazırladığı fəlsəfə doktorluq dissertasiyasının müdafiəyə buraxılması məqsədə uyğun hesab edilmişdir. Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının xx.xx.2011 tarixli, 5 saylı iclas protokolunda çıxarışında görünür ki, iddiaçı Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dissertantı İddiaçı Azərbaycan Respublikasında hüquqi-demokratik dövlətin yaradılması və formalaşması tarixi (1991-2005-ci illər) mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi qənaətbəxş hesab edilmiş və bu barədə qərar verilmişdir. Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professor-müəllim heyətinin xx.xx.2012-ci il tarixli qərarı ilə aşağıda qeyd olunan 5 hissədən ibarət məsələlərə dair qərar verilmişdir. Azərbaycan tarixi kafedrasının dissertantı İddiaçı ‘'Azərbaycan Respublikasında hüquqi-demokratik dövlətin yaradılması və formalaşması tarixi (1991-2005-ci illər)" mövzusunda dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasını tarix üzrə fəlsəfə doktorluğu dissertasiyaları qarşısında qoyduğu tələblərə tam cavab verdiyi, elmi-nəzəri və pratik əhəmiyyətə malik olduğu nəzərə alınsın. X3 Məmmədovun tarix elmləri üzrə fəlsəfə doktorluğu dissertasiya işi 07.00.02 (vətən tarixi) tarix-ixtisasına uyğundur və onun müəllifi, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. X3 Məmmədovun dissertasiya işinə dair çap edilmiş elmi məqalələri AAK-nın tövsiyə etdiyi nəşrlərdə və məsləhət bilinən sayda olduğu, habelə tədqiqat işinin məzmununu tam əhatə etdiyi qeyd olunsun. X3 Məmmədovun 07.00.02 “Vətən tarixi”-tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan Respublikasında hüquqi-demokratik dövlətin yaradılması və formalaşması tarixi (1991-2005-ci illər)” mövzusunda elmlər üzrə fəlsəfə doktorluğu dissertasiya haqqında Azərbaycan tarixi kafedrasının təqdim etdiyi rəy təsdiq edilsin. X3 Məmmədovun 07.00.02 “Vətən tarixi”-tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan Respublikasında hüquqi-demokratik dövlətin yaradılması və formalaşması tarixi (1991-2005-ci illər)” mövzusunda dissertasiya işi müdafiə üçün Dissertasiya şurasına təqdim edilsin. Bu qərardan sonra Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının 07.00.02 “Vətən tarixi ixtisası üzrə dissertant olaraq onun Azərbaycan Respublikasında hüquqi-demokratik dövlətin yaradılması və formalaşması tarixi (1991-2005-ci illər) “adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusunun müdafiəsinin təşkili üçün GDU tərəfindən xx.xx.2012,tarixli 45-03-275/01-20 məktubu ilə Bakı Dövlət Universitetinə göndərilmişdir. Dissertasiya işim və materialları uzun müddət hərtərəfli olaraq Bakı Dövlət Universitetində araşdırıldıqdan sonra müdafiəyə buraxılmaq üçün AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının razılığının tələb oldunduğu bildirilmişdir. Bundan sonra yenə də uzun illərin get - gəl indən sonra məcbur olub qeyd olunan mövzu üzrə fəlsəfə doktoru dissertasiya işinin Bakı Dövlət Universitetində müdafiə etməyinə icazə verilməsi vəzifəsinin Ali Attestasiya Komissiyasının üzərinə qoyulması üçün məhkəməyə müraciət edəsi olmuşdur. Gəncə İnzibati Məhkəməsinin 2-1(144)- 1420/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli sonuncu prosessində iş üzrə hakim elan etmişdir ki, cavabdeh Ali Attestasiya Komissiyası məhkəmənin sorğusu əsasında özünün xx.xx.2000-ci il tarixli, 20 saylı qərarını məhkəməyə təqdim edib həmin qərara əsasən inzibati orqanlarda çalışan məmurların elmi işlə məşğul olması məqsədəuyğun sayılmayıb. Həmin prosesdən sonra müraciəti əsasında AAK-nın həmin xx.xx.2000-ci il tarixli, 20 saylı qərarının və həmin qərarın əsasını təşkil edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sabiq rəhbərinin xx.xx.2000-ci il tarixli, 2/775 saylı və xx.xx.2012 tarixli, 2/294 saylı məktublarının surətləri onlara təqdim olunmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2000-ci il tarixli, 20 saylı qərarından görünür ki, qərar dövlət qurumlarında çalışan məmurun dissertasiya müdafiəsinin məqsədəuyğun sayılmamasına dair qərardır. Qərarın əsasını ancaq Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinin (keçmiş rəhbəri) xx.xx.2000-ci il tarixli, 2Y775 saylı məktubu təşkil edir. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinin (keçmiş rəhbəri) həmin xx.xx.2000-ci tarixli, 2Y775 saylı məktubunda qeyd edilib ki, bir çox hallarda elmi fəaliyyətlə heç bir əlaqəsi olmayan dövlət qurumlarında çalışan bəzi adamlar öz vəzifələrindən sui-istifadə edərək alimlik dərəcələri almağa nail olurlar. Bu halda elmi və elmi pedoqoji ictimaiyyəti narahat edir. Yaranmış bu vəziyyətin Azərbaycan elminin inkişafına ciddi mənfi təsir göstərdiyini nəzərə alaraq müvafiq tədbirlərin görülməsi zəruri hesab edilir. Məktubda sonra qeyd edilir ki, belə mənfi halların qarşısının alınması məqsədi ilə Ali Attestasiya Komissiyasından xahiş olunur ki, o öz fəaliyyətində mövcud nizamnamə, təlimat və digər normativ aktları rəhbər tutmaqla yanaşı elmi fəaliyyətlə əlaqəsi olmayan dövlət qurumlarında çalışan hər hansı bir məmurun dissertasiya müdafiəsi ilə bağlı müraciətinə baxarkən qeyd olunan narahatçılığı nəzərə alsın. Ancaq Prezident aparatına daxil olan və narahatçılığı əks etdirən həmin müraciət, məktub və sənədlərin heç biri məktuba əlavə olunmayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri aparatının xx.xx.2012-tarixli 2/294 saylı məktubunda aydın görünür ki, Ali Attestasiya Komissiyasının özü Prezident Administrasiyasına müraciət edərək müxtəlif elm sahələri üzrə fəlsəfə doktoru və elmləri doktoru elmi dərəcələri almaq iddiasında olan dövlət qulluqçuları ilə bağlı qadağanın aradan qaldırılması xahiş olunmuş, ancaq yenə də aparatın keçmiş rəhbərinin imzası ilə olan adi bir məktubla razılıq verilməmişdir. Qeyd edilənləri əsas gətirən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 25 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının hüquqi marağı dissertasiya müdafiəsinə buraxılmasından və ona elmi dərəcə verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1420/2022 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı dissertasiya işinin müdafiəsinə icazə verilməsi barədə iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-446/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1420/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin olunmuş, İddiaçı “Azərbaycan Respublikasında hüquqi-demokratik dövlətin yaradılması və formalaşması tarixi (1191-2005) adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusunun Bakı Dövlət Universitetində müdafiə edilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan məhkəmə qərarı ilə iddiaçının hüquqi marağı təmin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2000-ci il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar