Məhkəmə qərarları › İş №2-1(114)-2148/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2148/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2148/2023 28.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesaba daxil edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, onun vəkil olan nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (üçüncü şəxs X4) qarşı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqqının fərdi hesabına daxil edilərək hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus xx.xx.1960-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına, həmçinin işəgötürən X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli və xx.xx.2009-cu il tarixli əmək müqavilələrinə əsasən İddiaçı xx.xx.2008-ci il tarixli 01 nömrəli müqavilə ilə xx.xx.2008-ci il tarixdən Z.Hacıyev küçəsi ilə Ş.İ.Xətainin kəsişməsində yerləşən ərzaq malları mağazasına müqavilə əsasında satıcı işinə qəbul edilmiş və xx.xx.2010-cu il tarixli 07 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.

2. xx.xx.1960-cı il təvəllüdlü İddiaçı sosial sığorta uçotuna alınmış və ona **********280 nömrəsi verilmişdir.

3. İddiaçı tərəfindən xx.xx.2008, xx.xx.2008, xx.xx.2008, xx.xx.2008, xx.xx.2008, xx.xx.2008, xx.xx.2008, xx.xx.2008, xx.xx.2008, xx.xx.2008, xx.xx.2008, xx.xx.2009, xx.xx.2009, xx.xx.2009, xx.xx.2009, xx.xx.2009, xx.xx.2009, xx.xx.2009, xx.xx.2009, xx.xx.2009, xx.xx.2009, xx.xx.2009 və xx.xx.2009-cu il tarixli mədaxil qəbzlərinə əsasən DSMF-yə 2008-ci il üzrə 11 ay, 2009-cu il üzrə 12 ay, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010 və xx.xx.2010-cu il tarixli ödəniş tapşırıqlarına əsasən 2010-cu il üzrə isə 8 ay məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

4. Əmək haqqı hesablama cədvəlindən (Forma № 49) müəyyən edilir ki, Z.Hacıyev küçəsi ilə Ş.İ.Xətainin kəsişməsində yerləşən ərzaq malları mağazasında satıcı işləyən İddiaçı 2008-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2009-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2010-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları üzrə hesablanmış əmək haqqından gəlir vergisi və DSMF-yə ödənilən sığorta haqqı tutulmuşdur.

5. İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqqının fərdi hesabına hesablanması üçün xx.xx.2023-cü il tarixdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı ilə ona bildirmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən X4 (SUN: **********4) tərəfindən 2008-2009-cu illər üçün 0100 fəaliyyət növünün kodu üzrə (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda sığortaolunan kimi məlumatları qeyd olunmadığından fərdi şəxsi hesabında sözügedən illər üzrə məlumatlar öz əksini tapmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2008- 2009-cu illər üzrə məlumatlarının araşdırılması üçün sığortaedən X3 müraciət edə bilər.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 uçota nəzarət və sosial sığorta departamenti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-63861/2023 nömrəli xidməti məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilən məlumatlara əsasən fərdi sahibkar (sığortaedən) X4 (SUN: **********4) tərəfindən 2008-2010-cu illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda İddiaçı (FİN: xxxxxxx) adı sığortaolunan kimi qeyd olunmadığından məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Həmin dövrdə qüvvədə olan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 163712/2/2023 nömrəli məktubda bildirilmişdir ki, onun tərəfindən 2008-2010-cu illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunması müəyyənləşdirilərək, İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesabına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan əlavə sənədlər (İddiaçı və işçinin və ya işçilərin (səhvən qeyd edilən) “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”ının (06) (Forma 03), əmək müqavilələrinin, əmək haqqı aldıqları bank hesabından çıxarışlarının və işçinin və ya işçilərin (səhvən qeyd edilən) əmək kitabçalarının, əmək haqqı cədvəllərinin, işə qəbul olunma, işdən azad edilmə və məzuniyyətdə olma əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiq olunmuş surətləri) olmadığından məlumatların araşdırılması mümkün olmamışdır. Müvafiq sənədlər təqdim edildikdən sonra qeyd olunan məsələyə yenidən baxılacaqdır.

8. X4 tərəfindən xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 163712/2/2023 nömrəli məktuba cavab olaraq 47 vərəqdən ibarət sənədlər Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına göndərilmiş və sonuncu tərəfindən X4 xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-163712/2/2023 nömrəli məktubla eyni məzmunlu cavab məktubu ünvanlanmışdır.

9. X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi xx.xx.2004-cü il tarixdən hal-hazıradək fəaliyyəti var. Bu dövr ərzində onun X5 adlı işçisi olmayıb, belə bir şəxsi tanımır. 2008-ci ilin yanvar ayından 2010-cu ilin sentyabr ayınadək yalnız onun bir nəfər - İddiaçı adlı işçisi olub. İddiaçı adına MDSS ödəmələrinin bir qismi bank vasitəsilə aparılmışdır. İddiaçı əmək haqqını isə əmək haqqı cədvəli vasitəsi ilə nağd şəkildə ödəmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-265804/2023 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı (SSN: **********280) 2008-ci ilin yanvar-dekabr ayları üzrə əmək haqqı arayışında qeyd olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (ümumi əmək haqqı arayışında qeyd olunan cəmi: 800,00 manat (yanvar avqust aylarının hər bir ayı üzrə 60,00 manat, sentyabr - dekabr aylarının hər bir ayı üzrə 80 manat)) ilə həmin dövr üçün bağlanmış əmək müqaviləsində qeyd edilmiş əmək haqqı məbləğinin (ümumi əmək müqaviləsində qeyd edilmiş cəmi: 800,00 manat (yanvar avqust aylarının hər bir ayı üzrə 60,00 manat, sentyabr - dekabr aylarının hər bir ayı üzrə 80 manat)) eynilik təşkil etdiyini, lakin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta (Hesabat)" altsistemində sözügedən il üçün təqdim etdiyi məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatdakı məlumatlarına dəyişiklik etmək istədiyi sığortaolunan X2 (SSN:**********508) müvafiq dövr üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin aylar üzrə fərqli qeyd edildiyini (ümumi MEİS-də qeyd edilən cəmi: 800,00 manat (yanvar - oktyabr aylarının hər bir ayı üzrə 80,00 manat, noyabr - dekabr aylarının hər bir ayı üzrə 0,00 manat)) bildirmişdir. Fond cavab məktubunda əlavə olaraq 2008-ci ilin iyul ayı üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair sənədin (ödəniş qəbzinin) təqdim edilmədiyini bildirmişdir. Onun tərəfindən 2008-ci il üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatdakı məlumatlar ilə əmək haqqı arayışı və əmək müqaviləsindəki məlumatların fərqlilik təşkil etməsinin səbəbi müəyyənləşdirildikdən və sözügedən ilin iyul ayı üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair sənəd tərəfindən Filiala təqdim edildikdən sonra müraciətində qeyd etdiyi məsələyə yenidən baxıla bilər. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı ərizə ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqqının fərdi hesabına daxil edilərək hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 yanvar 2008-ci ildən 01 sentyabr 2010-cu ilədək fərdi sahibkar X4 ilə əmək müqaviləsi bağlayaraq sonuncuya məxsus obyektdə satıcı işləmiş və işlədiyi müddətdə də hər ay onun əmək haqqından məcburi dövlət sosial sığortası tutulmuşdur. Qeyd olunan məcburi dövlət sosial sığorta haqqı əvvəlcə nəğd olaraq DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinə ödənilib, axırıncı illər isə Kapitalbank vasitəsi ilə ödənilib. Onun hazırda 62 yaşı tamam olduğu üçün pensiyaya çıxmaq istəyir, ancaq onun 2008-2010-cu illər üzrə işlədiyi və ödədiyi məcburi dövlət sosial sığorta pulu nəzərə alınmır, ona görə də ona yaşa görə əmək pensiyası yox, sosial müavinət hesablanır. O, qeyd olunan yanlışlığın aradan qaldırılmasını tələb etsə də cavabdeh orqan bu yanlışlığı aradan qaldırmaqdan imtina edir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2148/2023 nömrəli qərardadı ilə X4 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. İddiaçı, iddiaçının vəkil olan nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. İddiaçı və vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən göstərilən dəlillərlə əsaslandırılmışdır (bu qərarın 5-ci bəndi).

25. Cavabdehin nümayəndəsi X10 iddiaya etiraz edərək, etirazda göstərilənləri müdafiə etdiyini bildirməklə, iddianın rədd edilməsini xahiş etmişdir.

26. Üçüncü şəxs X4 məhkəmə iclasında yazılı müraciət təqdim edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir

27. Yazılı müraciətdə göstərilir ki, o, işəgötürən olaraq hər rüblük hesabatları kağızda yazaraq Gəncə şəhəri Kəpəz DSMF-nə rüb ərzində hər ay onun və işçisi olmuş İddiaçı adına ödənilmiş məbləğin qəbzlərinin surəti ilə bərabər vaxtında, Gəncə şəhər Kəpəz DSMF-nin onun fəaliyyət göstərdiyi əraziyə məsul olan Məmmədov Elçin adlı inspektoruna təhvil vermişdir. Hesabatları təhvil verərkən Məmmədov Elçin adlı inspektor çox vaxt masasının üstündəki çoxsaylı hesabatları göstərərək deyirdi ki, bunların hamısı onun nəzarət etdiyi ərazidə fəaliyyət göstərən obyektlərin hesabatlarıdır. Növbə ilə bu hesabatları kompüterə köçürəcəkdir. O da dövlətin etibar edib belə həssas və məsul bir vəzifəyə təyin olunmuş bu kiçik məmura inanmışdır. O kompüterə köçürəndə monitor öz qabağında olduğu üçün qarşı tərəf kompüterdə aparılan əməliyyatdan xəbərsiz olur. İnspektor isə sərbəst surətdə kompüterdə əməliyyat zamanı dəyişiklik edərək, haqlı olan İddiaçı adına hər ay Gəncə şəhər Kəpəz DSMF-nə ödənilmiş məbləği X5 adlı şəxsə ünvanlayıb. Bu şəxsin adı və soyadını DSMF bizə məlumat verəndən sonra bilmişlər. O, X5 adlı şəxsi tanımır və onun X5 adlı işçisi olmayıb. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1960-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surəti; - xx.xx.2008-ci il tarixli və xx.xx.2009-cu il tarixli əmək müqavilələri; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubu; - Mədaxil qəbzləri və ödəniş tapşırıqları; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 uçota nəzarət və sosial sığorta departamentinin xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-63861/2023 nömrəli xidməti məktubu; - X1 xx.xx.2023-cü il tarixli məktubu və Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ona xx.xx.2023-cü il tarixli cavab məktubu; - X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-265804/2023 nömrəli məktub.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

29. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

30. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə müvafiq orqana müraciət edən zaman onun xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əksini tapmaması əsas gətirilərək, həmin dövr onun sosial sığorta stajına daxil edilməmiş və ona əmək pensiyası təyin edilməsindən imtina edilməklə, sosial müavinət təyin edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Z.Hacıyev küçəsi ilə Ş.İ.Xətainin kəsişməsində yerləşən ərzaq malları mağazasında əmək müqaviləsi əsasında işləyərək ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabına daxil edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən X4 (SUN: **********4) tərəfindən 2008-2009cu illər üçün 0100 fəaliyyət növünün kodu üzrə (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda sığortaolunan kimi məlumatları qeyd olunmadığından fərdi şəxsi hesabında sözügedən illər üzrə məlumatlar öz əksini tapmadığı göstərilərək, müraciətin təmin olunmasından imtina edilmişdir.

31. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir.

32. Belə ki, iddiaçıya məxsus xx.xx.1960-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından, həmçinin xx.xx.2008-ci il tarixli və xx.xx.2009-cu il tarixli əmək müqavilələrindən müəyyən olunur ki, İddiaçı işəgötürən X4 tərəfindən xx.xx.2008-ci il tarixdən Z.Hacıyev küçəsi ilə Ş.İ.Xətainin kəsişməsində yerləşən ərzaq malları mağazasına müqavilə əsasında satıcı işinə qəbul edilmiş və xx.xx.2010-cu il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı işlədiyi həmin dövr ərzində aldığı əmək haqqından işəgötürən tərəfindən mədaxil qəbzləri və ödəniş tapşırıqlarına əsasən 2008-ci ilin iyul ayı istisna olmaqla, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək hər ay məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. 2008 və 2009-cu illərdə ödənişlər birbaşa olaraq Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsinə ödənilmiş (hansı ki, həmin dövrdə sosial sığorta ödənişlərinin yığımı DSMF-nun yerli rayon şöbələri tərəfindən həyata keçirilirdi) və qəbzlər də həmin şöbənin möhürü ilə təsdiq edilmişdir. 2010-cu ilin yanvar ayından etibarən isə ödənişlər bank vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsinin bank hesabına ödənilmişdir. Həmçinin, həmin hallar əmək haqqı hesablama cədvəli ilə də (Forma № 49) müəyyən edilir.

33. İddiaçı, eyni zamanda iddiaçının işəgötürəni olmuş üçüncü şəxs sözügedən mədaxil qəbzləri və ödəniş tapşırıqlarını cavabdeh orqana təqdim etsələr də, mübahisəli məsələ müsbət həllini tapmamışdır.

34. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. İşçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti.

36. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə: Maddə 304.1. Sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

37. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyasına görə: Maddə 1. Sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 9-cu maddəsində bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçının hüquq və vəzifələrinə aid edilmişdir. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir.

38. Göründüyü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan hüquq və vəzifələr cavabdeh orqanın məsuliyyət sferasına aid edilmişdir.

39. Eyni zamanda istinad olunan qanunla sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur.

40. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş hüquq və vəzifələr yerinə yetirilməmiş və nəticədə iddiaçının sosial sığorta hüququ pozulmuşdur. Belə ki, həmin normalar baxımından sığortaedən tərəfindən müvafiq sənədlərin təqdim olunmadığı təqdirdə, sığortaçı həmin sənədlərin, o cümlədən “Forma B3” hesabatının təqdim edilməsi üçün müvafiq tədbirlər görməyə borcludur.

41. Lakin cavabdeh həmin sənədləri tələb etməmiş və bununla da onun məsuliyyət sferasına aid edilmiş vəzifəni layiqincə yerinə yetirməmişdir.

42. İddiaçının X3 məxsus ərzaq mağazasında xx.xx.2008-ci il tarixindən xx.xx.2010cu il tarixinədək işlədiyi müddət üçün hesablanmış sığorta haqlarının həmin işəgöğtürən tərəfindən sığortaçının hesabına köçürülməsinin mübahisə olunmadığı nəzərə alındıqda, hazırkı mübahisəyə münasibətdə cavabdehin istinad etdiyi hal, yəni “Forma B3” hesabatının sığortaedən tərəfindən təqdim olunmaması ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabına köçürülməsini istisna edə bilməz.

43. Bu zaman həm də nəzərə almaq lazımdır ki, cavabdehin xidməti vəzifələrini layiqincə yerinə yetirməməsinin iddiaçının hüquqi vəziyyətinə münasibətdə neqativ nəticələr doğurması yolverilməzdir.

44. Məhkəmə onu da qeyd edir ki, iddiaçının xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək hər ay məcburi dövlət sosial sığorta haqqı ödədiyini iddia etsə də, təqdim etdiyi mədaxil qəbzləri və ödəniş tapşırıqları ilə onun 2008-ci ilin iyul ayında məcburi dövlət sosial sığorta haqqı ödəməsi müəyyən edilmir.

45. Buna görə də iddiaçı 2008-ci ilin iyul ayı istisna olmaqla, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqqının fərdi hesabına daxil edilərək hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

46. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

Nəticəvi hissə:

49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı 2008-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2009-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, 2010-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun şəxsi fərdi hesabına daxil edilərək hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə - iddiaçının 2008-ci ilin iyul ayı üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun şəxsi fərdi hesabına daxil edilərək hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar