Məhkəmə qərarları › İş №2-1(114)-215/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-215/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-215/2025 29.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Ağdam rayonu Mahzırlı kəndində yerləşən, mülkiyyət hüququ əsasında onlara məxsus olan **********77-10301 reyestr nömrəli torpaq sahələrindən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin keçdiyini nəzərə alaraq, xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay onlara 150 ( yüz əlli) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022ci il tarixli, **********77-10301 reyestr nömrəli texniki pasporta və çıxarışa əsasən onların torpaq sahəsinin sərhədləri və koordinatları dəqiq müəyyən edilmişdir. Lakin, bir neçə yüksək gərginlikli işıq dirəyinin həyətyanı sahələrinin içindən keçməsi mülkiyyət hüququ əsasında onlara məxsus olan sahədən istifadə etmələrinə təhlükə yaradır. Bu səbəbdən də həmin işıq dirəklərinin həyətyanı yaşayış sahəmizdən çıxarılması zərurəti yaranıb. Eyni zamanda yaşayış sahəsinin **********77-10301 reyestr nömrəli texniki pasportunun xüsusi qeydlər hissəsində də göstərilmişdir ki, “torpaq sahəsinin qərb tərəfindən keçən 10.0 kVluq elektrik hava xəttinin qorunma zolağı mülkiyyətdə olan torpaq sahəsinin 653.3 kv.m hissəsi düşür”. məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə Ağcabədi “ASAN Xidmət” mərkəzinə müraciət etmiş,müraciətə cavab olaraq torpaq sahəsinə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Nəticədə onlara bildirilmişdir ki, işıq dirəklərinin həyətyanı ərazidən çıxarılması xərcləri onlar tərəfimizdən ödənilməlidir. Həmin xərclərin ümumi məbləği isə təxminən 1760 manat hesablanmışdır. Həmin işıq dirəklərinin onlara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən keçməsi mülkiyyət hüquqlarını - daha dəqiq desək, həmin yaşayış sahəsindən istifadə hüququnu pozur. Sözügedən işıq dirəklərinin torpaq sahəmizdən çıxarılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etsələr də, həmin məhkəmənin 2-1(114)-2302/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qərarı ilə iddia təmin edilməmişdir. Bundan sonra yenidən cavabdeh "xxxx" ASC-yə müraciət edərək onlara mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsindən keçən iki ədəd yüksək gərginlikli işıq dirəklərinə görə xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay onlara 150 manat məbləğində kompensasiyanın ödənilməsini xahiş etmişlər. Lakin, cavabdeh "xxxx" ASC xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müraciətlərindən imtina etmiş və kompensasiyanın ödənilməsindən boyun qaçırmışdır. Hesab edirik ki, cavabdehə qarşı kompensasiya tələbi tamamilə əsaslıdır və təmin edilməlidir. Eləcə də kompensasiya məbləği real və ağlabatan olduğundan cavabdehin həmin məbləğin ödənilməsindən imtina edə bilməz.. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarın da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Adıçəkilən qərarın 13-cü bəndində qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24- 26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati orqan kimi qəbul edilmir və tərəflər arasında olan mübahisə üzrə mülki hüquq münasibətləri mövcuddur. Bu münasibətdən irəli gələn hüquq və vəzifələr müəyyənləşdirilmişdir. Başqa sözlə hazırki tələb cavabdeh orqanın inzibati deyil, kommersiya fəaliyyəti ilə bağlıdır. Belə olan halda hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Məhkəmə onu da qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarın 17-ci bəndində də məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Ağdam rayonu Mahzırlı kəndində yerləşən, mülkiyyət hüququ əsasında onlara məxsus olan **********77-10301 reyestr nömrəli torpaq sahələrindən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin keçdiyini nəzərə alaraq, xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay onlara 150 ( yüz əlli) manat məbləğində kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar