Məhkəmə qərarları › İş №2-1(114)-2152/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2152/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2152/2021 14.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin nümayəndəsi X4, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 05.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun hərbi xidmətə cəlb edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. Ailəsi iddiaçı, bacısı, atası və anası olmaqla 4 nəfərdən ibarətdir. X7 1-ci qrup əlildir. 18 yaşı tamam olduğu üçün rayon çağırış komissiyasına müraciət etsədə, çağış komissiyasının 28.10.2020-ci il tarixli qərarı ilə 19.11.2024-cü il tarixədək “ailə vəziyyətinə görə” həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Hazırda hüquq mühafizə orqanlarında çalışmaq niyətindədir, lakin həmin orqanlara işə qəbul üçün hərbi xidmətdə olmaq zəruridir. Bü səbəbdəndə hərbi xidmətə aparılması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə müraciət etmişdir. Şöbənin 01.10.2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, çağırış komissiyasının 28.10.2020-ci il tarixli qərarı ilə iddiaçıya 19.11.2021-cü il tarixədək “ailə vəziyyətinə görə” möhlət verildiyi üçün, həmin müddət bitənədək həqiqi hərbi xidmətə cəlb edilməsi mümkün deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilmiş, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə prosesinin gedişində məhkəmə X5 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunması barədə qərardad qəbul etmişdir. İddiaçı məhkəmə zalında çıxış edərək, hüquq mühafizə orqanlarında işləmək isdədiyini, bunun üçün isə həqiqi hərbi xidmət keçməyin vacib olduğunu və könüllü olaraq hərbi xidmətə getmək isdədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, özü heç bir yerdə işləmir, ailəsinə dayısı və atasının qohumları maddi cəhətdən köməklik edir. Cavabdehin nümayəndəsi X8 məhkəmə zalında çıxış edərək, qərarın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdiğını bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 izahat verərək bildirmişdir ki, İddiaçı onun oğludur. X6 1-ci qrup əlil olduğu üçün oğluna 19.11.2021-cü il tarixədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Oğlu heç bir yerdə işləmir, lakin onların ailəsinə maddi dəstək, qardaşı X13 və ərinin qohumları tərəfindən həyata keçirilir. Bu səbəbdən də oğlunun həqiqi hərbi xidmətə getməsinə etirazı yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iddiaçıya məxsus AZE ********* seriyalı şəxsiyyət vəsiqəsinin sürəti, -01.10.2021-ci il tarixli 1108 nömrəli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin məktubu , -04 oktyabr 4407 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır -04 oktyabr 4408 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır və ailə tərkibi – X7, X3, bacısı X10 ibarətdir. -AZ-İİ 113988 nömrəli 14.06.2008-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxxxx 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, ata qrafasında «X16», ana qrafasında isə «X12» qeyd olunmuşdur. -AZ-İİ 863631 nömrəli 02.12.2006-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X14 19 noyabr 2006-cı ildə Gəncə şəhərində anadan olmuş, ata qrafasında «X16», ana qrafasında isə «X9» qeyd olunmuşdur. -Həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilmə Kartasından məlum olur ki, 08.10.2021-ci il tarixdə keçirilmiş müayinənin nəticəsində məlum olmuşdur ki, İddiaçı həqiqi hərbi xidmətə tam yararlıdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2002-ci il təvəllüdlü olmaqla Gəncə şəhərində doğulmuşdur. Anası X2 və iddiaçının hərbi xidmətə cəlb olunmasına razıdır, X7 isə 1-ci qrup əlildir. İddiaçı hərbi xidmətə getməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsaslanaraq onun ailə vəziyyətinə görə möhlət hüququnun olması səbəbindən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahat verərək bildirmişdir ki, iddiaçı onun bacısı oğludur. X1 X6 1-ci qrup əlil olduğu üçün bacısının ailəsinə o, maddi yardım göstərir. Bacısı oğlu həqiqi hərbi xidmətə getmiş olsa o, maddi dəstəyini bacısının ailəsinədən əsirgəməyəcək. Həmçinin məhkəmə araşdırması nəticəsində üçüncü şəxs qismində cəlb edilmiş iddiaçının anası da oğlunun həqiqi hərbi xidmətə getməsinə etiraz etmədiyini bildirmiş və qardaşının onlara maddi dəstək olmasını təsdiq etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı madəsinin İ-ci bəndinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- 2.0.1.-ci maddəsinə əsasən, Hərbi vəzifə- qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 2.0.2.-ci maddəsinə əsasən, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. -2.0.8-ci maddəsinə əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. -19.1.1-ci maddəsinə əsasən ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində başqa övladı olmayan İ dərəcə əlilliyi olan ata, yaxud ana olan çağırışçılara verilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və əsgəri xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur və qanunvericiliklə müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir. Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir. Bu qayda müəyyən istisnalar nəzərə alınmaqla qanunvericiliklə imperativ norma kimi müəyyən edilmişdir. Bundan fərqli olaraq isə qanunvericilik qeyd olunan istisnalar (hazırki halda “ailə vəziyyətinə görə çağırışa möhlət”) baxımından həmin subyektlərə alternativ davranış imkanları da nəzərdə tutmuşdur və belə hesab olunmalıdır ki, həmin qaydalar hüquq subyektlərinə münasibətdə dispozitivdir. Normanın məzmunundan da aydın olur ki, qanunverici çağırışçılara ailə vəziyyətinə görə çağırışa möhlət verilməsindən imtina, eləcə də müddətli hərbi xidmətə çağırılma hüququ tanımışdır və hazırda iddiaçı qeyd olunan hüququndan istifadə etmək, həmçinin möhlət hüququndan imtina etmək niyyətindədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının ailə vəziyyətinə görə möhlət hüququnun olması səbəbi ilə müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər Odur ki, iddiaçının hərbi xidmətə çağırılması öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Amil oğlunun həqiqi hərbi xidmətə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar