Məhkəmə qərarları › İş №2-1(114)-2154/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2154/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2154/2021 09.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X9) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X9 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı Cavabdeh 16.04.2014-cü il tarixli, 91 nömrəli sərəncamının və həmin sərəncam əsasında X5 adına verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdehnə (üçüncü şəxs X9) qarşı Cavabdeh 16.04.2014-cü il tarixli, 91 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 27.09.2005-ci il tarixli, 183 nömrəli sərəncamı ilə Ağdam rayonu, Ergi ərazisində maldarlığın inkişafı məqsədi ilə ona 15 il müddətinə 60 ha torpaq sahəsi verilmişdir. Həmin sərəncam əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində mülkiyyət hüquqlarını qeydə aldıraraq JN-8275 kod 60900001 nömrəli “Torpaqdan müvəqqəti İstifadə hüququna dair” şəhadətnamə də almışdır. O, sözügedən torpaqdan 2 il istifadə etdikdən sonra yəni, 2007-ci ildə başqa şəxslər tərəfindən əkilib-becərilməyə başlanmışdır. Həmin şəxsləri torpaqdan çıxarmaq üçün danışıqlar aparsa da, heç bir nəticəsi olmamışdır. Bu günlərdə isə yenidən ona məxsus torpaq sahəsi hazırki iş üzrə üçüncü şəxs X9 tərəfindən əkilmişdir. Bunun səbəbin öyrəndikdə isə ona məlum olmuşdur ki, Cavabdeh başçısı X6 Fərmanı əsasında işdən çıxarılması barədə məlumat aldığı gün, yəni sərəncam verməyə səlahiyyəti olmadıqdan sonra 16.04.2014-cü il tarixli, 91 nömrəli sərəncamı əsasında həmin torpaq sahəsini və əlavə olaraq 90 ha olmaqla, ümumilikdə 150 ha torpaq sahəsini öz bacısı oğlu X5 adına vermiş və bu barədə 16.04.2014-cü il tarixli, 42 nömrəli “Torpaq sahəsinin icarəyə yerilməsi haqqında” 15 il müddətinə icarə müqavilə imzalanmışdır. Cavabdeh 16.04.2014cü il tarixli, 91 nömrəli sərəncamı əsasında cavabdeh X9 150 ha torpaq sahəsi üzərində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində mülkiyyət hüquqlarını qeydə aldıraraq 12.04.2018-ci il tarixdə RX ******* və RX ******* saylı çıxarışlar almışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə yanaşı, prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, 2020-ci ilin iyul ayında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə vəkil sorğusu əsasında verilən cavabdan sonra ona məlum olmuşdur ki, onun torpağı başqa şəxslərin istifadəsinə verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, tərəfindən prosessual müddətin ötürülməsinə səbəb hüquqi savadsızlığıdır və bu üzürlü hesab edilməlidir. Gəncə İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(114)-1510/2020 nömrəli qərardadı ilə İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmiş, İddiaçı Cavabdehnə (üçüncü şəxs X9) qarşı 16.04.2014-cü il tarixli, 91 nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(114)-452/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(114)-1510/2020 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdehnə (üçüncü şəxs X9) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılmışdır. Üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 məhkəməyə iddia tələbinə dair etiraz təqdim edərək, eləcə də, məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddia tələbi əsassızdır. İşin faktiki halları ondan ibarətdir ki, həqiqətən də Cavabdeh başçısının 27.09.2005-ci il tarixli, 133 saylı sərəncamına əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış 27.09.2005-ci il tarixli, 231 saylı icarə müqaviləsinə əsasən Ağdam rayonu, Ergi ərazisində yerləşən 6 saylı qış otlaq sahəsindən 60 ha torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə on beş il müddətinə İddiaçı icarəyə verilmişdir. İddiaçı tərəfindən icarəyə götürülmüş torpaq sahəsi əvvəllər istifadə olunsa da, 2007-ci ildən sonra istifadə olunmamış, ümumiyyətlə iddiaçı tərəfindən 2005-ci ildən icarə haqqı ödənilməmiş və torpaq sahəsi başqa şəxslər tərəfindən istifadə olunmuşdur. İcarəyə verən Cavabdeh 2009-cu ildə 48 nəfər icarəçi ilə icarəyə götürdükləri torpaq sahəsindən istifadə etmədiklərinə və icarə haqqını ödəmədiklərinə görə həmin şəxslərlə icarə müqaviləsinə xitam vermişdir. Həmçinin hazırki iş üzrə İddiaçıla da icarə müqaviləsinə xitam verilmişdir. Bundan sonra 2009-cu ildən Cavabdeh ilə "Kraun-Ko" şirkəti arasında mübahisə edilən predmet üzrə icarə müaviləsi bağlanmışdır. 2011-ci ildən isə mübahisəli torpaq sahəsi Nofəl Şirəliyevə icarəyə verilmiş və 2014-cü il tarixə kimi torpaq sahəsi həmin şəxs tərəfindən istifadə olunmuşdur. 2014-cü ildə torpağın təyinatı otlaqdan əkinçiliyə dəyişdiyinə görə N.Şirəliyevlə bağlanmış icarə müqaviləsi ləğv olunmuşdur. N.Şirəliyev yenidən torpağı icarəyə götürmək istəmədiyi üçün onunla yenidən icarə müqaviləsi bağlanmamışdır. Xəqani Əliyevin Cavabdehnə müraciəti əsasında Cavabdeh 16.04.2014cü il tarixli, 91 nömrəli sərəncamı ilə Ağdam rayonu, Ergi ərazisində yerləşən 150 ha ehtiyat fondu (əkin) torpaq sahəsi on beş il müddətinə ona icarəyə verilmiş və Cavabdeh ilə X.Əliyev arasında qanunamüvafiq qaydada 42 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi Mülki Məcəllənin 139 və 139-1.1.1-ci maddəsinə müvafiq Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına əsas olmaqla müvafiq qeydiyyata alınmış və DƏDRX-nin 12.04.2018-ci il tarixli, RX ******* və RX ******* nömrəli çıxarışları ilə təsdiq olunmuşdur. Yüklülüyün müddəti 16.04.2014-16.04.2029-cu il dövrünü əhatə edir. Torpaq sahəsi 2014-cü ildən Xəqani Əliyevin istifadəsindədir və iddiaçının bundan məlumatı olmuşdur. Hazırki iş üzrə iddiaçı icarəyə götürdüyü torpaq sahəsini 2007-ci ildən istifadə etməmiş və başqa şəxslərlə icarə müqaviləsinin bağlandığı və başqa şəxslərin istifadəsində olduğu barədə məlumatlı olmuş və heç bir etiraz irəli sürməmişdir. Müseyib X2rşı torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı mülki işə Ağdam Rayon Məhkəməsində (hakim X3) baxılmış və tələb əsassız olduğundan Ağdam Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(013)-744/2020 saylı qətnaməsi ilə rədd edilmişdir. Ağdam Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(013)-744/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasında baxılmış və Gəncə Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(104)-620/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Ağdam Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(013)- 744/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, iş materiallarında olan Ağdam Rayonu İcra Hakimiyyəti başçısının 27.09.2005-ci il tarixli 133 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Ağdam rayonu inzibati ərazisindən Ağdam rayonuna müvəqqəti istifadəyə verilmiş 6 saylı qış otlaq sahəsindən 60 hektar torpaq sahəsi Ağdam rayonu Mərzili kənd sakini, məcburi köçkün İddiaçı 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-8275 KOD 60900001 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ağdam Rayonu İcra Hakimiyyəti başçısının 27.09.2005-ci il tarixli 133 nömrəli sərəncamı və 231 saylı icarə müqaviləsi əsasında Ağdam rayonu inzibati ərazisində yerləşən 6 saylı qış otlaq sahəsindən 60 hektar torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.04.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağdam Rayonu İcra Hakimiyyətinin mülkiyyət hüququ tanınmış, Ağdam şəhəri, Ergi ərazisində yerləşən təyinatı əkin məqsədi olan 150 ha torpaq sahəsi 16.04.2014-cü il tarixli 42 nömrəli icarə müqaviləsinə əsasən 16.04.2014- 16.04.2029-cu il tarixlər arasında X7 icarəyə verilmişdir. İddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüququnu və hüquqi marağını onunla əsaslandırmışdır ki, Cavabdeh 27.09.2005-ci il tarixli, 183 nömrəli sərəncamı ilə Ağdam rayonu, Ergi ərazisində maldarlığın inkişafı məqsədi ilə ona 15 il müddətinə 60 ha torpaq sahəsi verilmiş, həmin sərəncam əsasında mülkiyyət hüquqlarını qeydə aldıraraq JN-8275 kod 60900001 nömrəli “Torpaqdan müvəqqəti İstifadə hüququna dair” şəhadətnamə də almış, sözügedən torpaqdan 2 il istifadə etdikdən sonra yəni, 2007-ci ildə başqa şəxslər tərəfindən əkilib-becərilməyə başlanmışdır. 2020-ci ilin iyul ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə verilən vəkil sorğusu nəticəsində öyrənmişdir ki, Cavabdeh 16.04.2014-cü il tarixli, 91 nömrəli sərəncamı əsasında həmin torpaq sahəsi və əlavə olaraq 90 ha olmaqla, ümumilikdə 150 ha torpaq sahəsi X7 15 il müddətinə icarəyə verilmişdir. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. - 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 51-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. - 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddətin qurtarması torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi üçün nəzərdə tutulan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq müəyyən etmişdir ki, Ağdam Rayonu İcra Hakimiyyəti başçısının 27.09.2005-ci il tarixli 133 nömrəli sərəncamı və 231 saylı icarə müqaviləsi əsasında Ağdam rayonu inzibati ərazisindən Ağdam rayonuna müvəqqəti istifadəyə verilmiş 6 saylı qış otlaq sahəsindən 60 hektar torpaq sahəsi (mübahisələndirilən sərəncamla üçüncü şəxsə icarəyə verilmiş torpaq sahəsinin bir hissəsi) İddiaçı 15 il müddətinə icarəyə verilmişdir və həmin müqavilədə göstərilən müddət 2020-ci ilin sentyabr ayının 27-də bitdiyindən İddiaçı da mübahisələndirdiyi torpaq sahəsi üzrə yaranmış hüquq münasibətlərinə də xitam verilmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxs X9) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar