Məhkəmə qərarları › İş №2-1(114)-2155/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2155/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2155/2020 03.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı oğlunun (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialına (bundan sonra AR ƏƏSMN tabeliyində DSMF PHŞ Şəmkir rayon filialı) qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı oğlu cavabdeh AR ƏƏSMN tabeliyində DSMF PHŞ Şəmkir rayon filialına (hazırda 19 saylı regional ərazi filialı) qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında xx.xx.2020-ci il tarixli iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)- 2155/2020 nömrəli qərardadı ilə ərizə təmin olunaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialı ilə əvəz olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda AR ƏƏSMN tabeliyində DSMF PHŞ Şəmkir rayon filialından müharibə veteranı kimi müavinət alır. O, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün sosial müavinətin hesablanıb ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımı qaydada məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməmiş və bildirmişdir ki, Prezidentin sərəncamına əsasən veteranlara verilən müavinət təqaüdlə əvəz edildiyindən iddiaçının tələbinin qanuni əsası yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - AR ƏƏSMN tabeliyində DSMF PHŞ Şəmkir rayon filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubunda sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən yarandığından ona sosial müavinətin imkan xaricində olduğu bildirilərək müraciəti şöbə tərəfindən təmin edilməmişdir. - 086594 nömrəli xx.xx.2019-cu il tarixli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğluna xx.xx.2019-cu il tarixdən müharibə veteranı statusu verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X1 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının 1, 2 və 5-ci hissələrində qeyd olunmuşdur ki:-

1. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Hazırkı iş üzrə iddiaçıya xx.xx.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi və müvafiq status verildiyi zaman o, müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinəti deyil, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnu əldə etmişdir. Məhkəmə qeyd edir ki, Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Fərmanla təyin edilir və qanunvericiliklə aylıq müavinət (sosial müavinət), təqaüd və kompensasiya hər biri fərqləndirilməklə yalnız aylıq müavinətin əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulur. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanı xx xxxxx 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2019-cu il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ istisna edilir. Başqa sözlə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq tələbləri hazırki mübahisəyə tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar