Məhkəmə qərarları › İş №2-1(114)-2156/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2156/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2156/2023 21.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “X3 adına tərtib edilmiş **********00 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli qeydin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1977-ci il tarixdə Tovuz rayonun Əlimərdanlı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İddiaçıya Tovuz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,23 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 4475/2016 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı tək öz adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(062)-325/2019 nömrəli qərardadı ilə Məhkəmənin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə borclu İddiaçı məxsus olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərində X3 mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və təqdimatın təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(104)-134/2021 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 adına tərtib edilmiş **********00 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli qeydin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 qanunsuz olaraq məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(006)-4475/2016 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu, yəni iddiaçının tək özünün adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı və ümumi birgə adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi məsələsinin həll olunmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli 8(062)- 380/2018 saylı qərardadına əsasən təqdimat qismən təmin edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(006)-4475/2016 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclunun tək özünün adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinin açıq hərracda satılaraq tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli 8(062)-380/2018 saylı qanunsuz qərardadına əsasən iddiaçının mülkiyyətində olan Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi tələbkar X3 mülkiyyətinə keçirilmiş və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsində Sevil Musayevanın adına ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarış hazırlanaraq verilmişdir. Bütün bunlardan sonra iddiaçı Tovuz Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli 8(062)-380/2018 saylı qərardadından Tovuz Rayon Məhkəməsinə şikayət vermiş və Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadına əsasən 24 avqust 2018-ci il tarixli qərardadı qanunsuz olduğuna görə ləğv edilmişdir. X2 verdiyi şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılmış və həmin məhkəmənin 19 noyabr 2021-ci il tarixli 8(104)-134/2021 nömrəli qərardadına əsasən Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 8(062)-380/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı Tovuz Rayon Məhkəməsində cavabdeh X4, cavabdehə və Tovuz Rayon İcra Probasiya Şöbəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Tovuz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(062)-1902/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, X3 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsə qət edilmişdir. Həmin qətnamədən X5 verdiyi apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(104)-982/2022 nömrəli qərardadına əsasən qismən təmin edilmişdir. Tovuz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(062)-1902/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin tələb üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(104)-982/2022 saylı qərardadında X3 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin bilavasitə inzibati orqanın hərəkətəri nəticəsində həyata keçirildiyindən ümumi hüquq normalarına əsasən inzibati icraat qaydasında baxılmalı olması qeyd edilmişdir. Ona görə hazırkı iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-3160/2023 nömrəli məktubunda bildirmişdir ki, X3 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər Tovuz rayon İcra və Probasiya şöbəsinin qərarıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1- ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli qərarında formalaşdırıldığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsədə, onun tərəfindən əmlaka mülkiyyət hüquqi tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi "passiv legitimləşdirmə" fəaliyətini nəzərdə tutur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; İddia tələbindən göründüyü kimi iddiaçı üçüncü şəxsin adına tərtib olunmuş reyestr nömrəli **********00 saylı çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5.1-ci bəndində qeyd olunmuşdur ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 13. 17-ci hissəsində qeyd edilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatıı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 5 nömrəli qərarının 2.3-cü hissəsinə əsasən Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. iPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Məhkəmə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın inzibati akt olmadığını nəzərə alaraq iddianın mümkünlük məsələsinə yenidən baxmalıdır. Göstərilənlərə əsasən Hüqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı olaraq şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüquqların yaranmasının deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqndır. Sözügdən torpaq sahəsi dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və sərhədlər müəyyən edilmişdir. Hüquqların yaranma anı Tovuz rayon İcra və Probasiya şöbəsinin qərarı olmuşdur. Qeydiyyatın aparılmasına əsas olmuş İcra və probasiya şöbəsinin qərarı qüvvədə olduğundan və mübahisələndirilmədiyindən onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsas mövcud deyildir. Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs iddiaya dair təqdim etdiyi etirazında bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-5582/2015 saylı 28 08.2015 ci il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat məbləğində aliment, bundan əlavə iki uşağın müalicələri ilə əlaqdar çəkilməli olan əlavə xərclərə görə hər ay hər uşağa görə sabit pul məbləğində 75, cəmi 150 manat iddiaçıdan alınaraq, ona verilməsi, Nəsimi rayon məhkəməsinin 2016- 4475/2016 saylı 25 may 2016 cı il tarixli icra sənədinə əsasən iddiaçıdan iki uşağa görə yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment məbləği artırılaraq hər aya hər uşağa görə 117 manat, cəmi 234 manat alınaraq, iddiaçıya verilməsi A.R. Ali məhkəməsinin 2 ( 102)-1802/2017 saylı 11 aprel 2017 ci il tarxili icra sənədinə əsasən aliment məbləği artırılaraq iddiaçıdan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa górə 130 manat, cəmi 260 manat məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Beləliklə iddiaçı oğlu hər ayın 11-də 410 manat məbləğində ödəniş etməlidir. Lakin o, bunu etməkdən aliment ödəməkdən boyun qaçırmışdır, qəsdən yayınmşdır. Yığılmış aliment borcundan yayınmaq məqsədi ilə də 2016 cı ildə Rusiya Federasiyasına qaçmışdır. Bunla əlaqədar beynəlxalq axtarışa verilmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon məhkəməsinə təqdimatla müraciət edərək yığılan borca görə, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclunun tək öz adına Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsinin və Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən ümumi birgə adına 0.95 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərlərinə həbs qoyulması və açıq hərracda satılaraq tələbin həmin əmlaklara yönəldilməsi məsələsinin həll edilməsini xahiş etmişdir. Təqdimat qismən təmin edilərək icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclunun tək öz adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0.23 ha həyatyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və açıq hərracda satılaraq tələbin həmin əmlaka yönəldilməsi barədə xx.xx.2018 ci il tarixli 8(062)-380/2018 saylı qərardad çıxarılmışdır. Torpaq hərraca çıxarılmış, satılmamışdır və bu barədə Tovuz rayon İcra şöbəsinə sənəd göndərilmişdir. 6900 manat məbləğində qiymətləndirilmiş 0.23 ha həyatyanı torpaq sahəsi hərracda satılmadığına görə Tovuz rayon İcra şöbəsi tərəfindən vığılmış borc əvəzi kimi üçüncü şəxsə təklif olunmuşdur. Üçüncü şəxs təklifi qəbul etmiş, ona görə də torpağın onun adına sənədləşdirilməsinə köməklik məqsədi ilə Tovuz rayonunun İcra şöbəsi tərəfindən Tovuz rayon məhkəməsinə 0.23 ha həyətyanı torpaq sahəsi üzərindən həbsin götürülməsi üçün sənəd göndərilmişdir. Tovuz rayonunun məhkəməsinin hakimi Rəşad Məmmədov işə baxaraq Tovuz rayonun Əlimərdanlı kəndində yerləşən 0.23 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə xx.xx.2019-cu il tarixli 8(062)- 325/2019 saylı qərardad çıxarmışdır. Qərardadın surəti DƏDRX -nin 15 saylı Ərazi İdarəsinə göndərilmişdir. Torpaq sahəsi üzərində, həbs ləğv olunduqdan sonra həmin idarə tərəfindən üçüncü şəxsin adına rəsmiləşdirilərək çıxarış verilmişdir. Torpaq sahəsi tam qanuni və əsaslı şəkildə onun adına rəsmiləşdirilmişdir. Beynəlxalq axtarışa verilmiş iddiaçı, 2019 cü ilin fevral ayında dövlət orqanları tərəfindən tutularaq Tovuz rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Görülən tədbirlər nəticəsində işə Tovuz rayon məhkəməsində hakim Nofəl Mustafayev tərəfindən baxılaraq iddiaçıya 15 günlük inzibati həbs verilmişdir. Növbəti dəfə isə 12 günlük yenə inzibati həbs verilmişdir. Hətta alimentin ödənilməməsi ilə bağlı yığılan borcuna görə iddiaçının işi iki dəfə Ədliyyə Nazirliyinin İstintaqına göndərilmişdir. Bütün bunlara baxmayaraq o, yenə də borcun ödənilməsindən qəsdən, qərəzli yayınmağa davam edir. Dəfələrlə məhkəmə qərarı ilə məcburi gətirtmələr edilib, hazırda da həmin vəziyyətdir. Yenə də aliment borcunu ödəməkdən qərəzli yayınır və hazırda da yenə də məcburi gətirtmə verilib. İddiaçı 24 avqust 2018 ci il tarixli qərardaddan (hakim Nofəl Mustafayev ) 2021 ci ildə, yəni üç il sonra (əsassız, qanunsuz, ötürülmüş müddət belə bərpa edilmədən) qərardaddan şikayət verərək 0.23 ha həyatyanı torpaq sahəsinin üzərinə qoyulan həbsin ləğv edilməsini (hansı ki , artıq o dövrdə torpaq üzərində həbs mövcüd deyildir, həbs artıq 07 avqust 2019 cu ildə hakim Rəşad Məmmədov tərəfindən ləğv edilmişdir) və Tovuz rayon lcra şöbəsinin icra məmurunun təqdimatının təmin edilməməsini xahiş etmişdir. Onu da qeyd edim ki, İddiaçı sözü gedən 2018-2019 cü illərdə çıxan qərardadlardan əvvəlcədən xəbərdar idi. Xəbərdar olduğu halda iddiasında yalan yerə qeyd edir ki, guya bu qərardadlardan xəbərsiz imiş. Səbəb kimi göstərir ki, guya xarici ölkədə imiş, hərçənd ki, 2019 cu ilin fevral ayından iddiaçı Azərbaycanda olubdur. Deməli, belə məlum olur ki, bütün bu müddət ərzində iddiaçı şikayətini çoxdan verə bilərdi, amma bunu etməmişdir, çünki bunda maraqlı olmayıb. O zaman sual olunur o bunu üç ildən sonra qanunsuz şəkildə, ötürülmüş müddət bərpa edilmədən necə edib? Hansı məqsədlə edib Deməli o eyni zamanda məhkəməni də aldadıb. 7 avqust 2019 cu ildə həbsin ləğv olunması barədə (hakim Rəşad Məmmədov) və üçüncü şəxsin çıxarışının mövcüd olması barədə onun xəbəri olub ( həmin vaxt). Bunun sübutu elə İsayevin özü tərəfindən 2021 ci ildə Tovuz rayon məhkəməsinə verdiyi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsində vardır. 24 avqust 2018 ci il tarixli qərardaddan şikayətə Tovuz rayon məhkəməsində yenə həmin hakim Nofəl Mustafayev tərəfindən baxılaraq icrasının təqdimatın təmin edilməməsi, həbsin götürülməsi barədə qərardad çıxarılmışdır (iclas barədə mənə xəbər verməmişdilər). Tovuz rayon məhkəməsi hakim Nofəl Mustafayev işə baxaraq borclu və onun ailəsinin 0.23 ha torpaq sahəsinin üzərinə yaşamasını təmin edə biləcək evin yerləşməsini əsas tutaraq əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsi haqqında gecdən -gecə 2021 ci il 17 sentyabr tarixində qərar vermişdir, bununla bağlı qərardad çıxarmışdır (iddiaçının ailəsi deyə qeyd etdiyi, əslində onun qardaşının ailəsidir. Onların heç birinin orada qeydiyyatı yoxdur. Ümumiyyətlə yaşayış evi dediyi evinsə heç bir qanuni sənədi yoxdur, yəni çıxarışı yoxdur, o qanunsuz özbaşına tikilidir). Həmin vaxt üçüncü şəxsin artıq çıxarışı var idi , yəni artıq mülkiyyətçi idi və həmin vaxt heç bir həbs yox idi, çünki həbs çoxdan götürülmüşdür. O zaman sual olunur hakim Nöfəl Mustafayev hansı həbsi ləğv etmişdir. Mövcud olmayan həbsi?! Digər tərəfdən qət etdi hissəsində Nöfəl Mustafayev iddiaçının adına olan 0.23 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsini təqdimatın təmin edilməməsini qeyd etmişdir. Bir halda ki, həmin vaxt torpağın mülkiyyətçisi rəsmi şəkildə artıq üçüncü şəxs idi, o zaman hakim Nofəl Mustafayev bunu necə qeyd edə bilərdi, iddiaçını artıq o torpağın mülkiyyətçisi olmadığı halda hakim necə qeydə edə bilərdi ki, iddiaçının 0.23 ha torpaq sahəsinin üzərindən həbs götürülsün - deyə, necə qeyd edə bilərdi?. Əslində qanunvericiliyə əsasən iddiaçının bu ərzəsinə baxılmasından imtina olunmalı idi. Çünki ötürülmüş müddət bərpa edilməmişdir belə. Bu tam qanunsuzdur. Üçüncü şəxsin hüquqları hakim Nöfəl Mustafayev tərəfindən kobud şəkildə pozulmuşdur. Bu məsələdə qərəzli mövqeyin olduğu açıq -aşkar gözlər önündədir. Bu, iddiaçının hakim Noləl Musatafayevlə əlbirlik etdiyinin göstəricisidir. Beləliklə bu işdə qərəzli mövqe bəsləyən Tovuz rayonunun məhkəməsinin keçmiş hakimi Mustafayev Nofəl torpaq üzərinə qoyulan həbsin artıq götürülməsinə baxmayaraq təkrarən həbsin götürülməsi barədə qərardad çıxarmışdır. Bu bir baş qanuna ziddir. Bu azmış kimi, iddiaçı həmin torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi tələbi ilə Tovuz rayon məhkəməsinə müraciət etmişdir. Tovuz rayon məhkəməsində məhkəmə aidiyyəti norma kobud surətdə pozmaqla keçmiş hakim Nöfəl Mustafayev işi icraata götürmüş və iddiaçının xeyrinə qətnaməni çıxarmışdır. Həmin qətnamənin qanunsuz olduğunu bilərək ondan Apellyasiya məhkəməsinə şikayət vermişdir. Gəncə Apellyasiya məhkəməsi (hakim Aygül İskəndərova) işə baxaraq işi rayon məhkəməsində baxılmalı olmadığını vurğulamış, inzibati məhkəməyə aid olduğunu qeyd etmişdir, qanunsuz olduğuna görə işə xitam vermişdir vəTovuz rayon məhkəməsinin 13 oktyabr 2021 ci il tarixli 2(062)-1902/2021 nömrəli (hakim Nofəl Müsatafayev) qətnaməni, ləğv edilməsi barədə qərardad çıxarmışdır. Üçüncü şəxs mülkiyyətçi kimi iddiaçıya qarşı Torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulmasını tələbinə dair iddia ərizəsiylə məhkəməyə müraciət edərək Tovuz rayonun Əlimərdanlı kəndində mənə məxsus olan 262 ******* qeydiyyat nömrəli, xx.xx.2021 ci il tarixli, **********00 reyestr nömrəli torpaq sahəsindən iddiaçının və digərlərin çıxarılması və onun torpaq sahəsi üzərində qanunsuz tikillilərin sökülməsi və onların qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Tovuz rayon məhkəməsinin hakimi X7 icraatında olmuşdur. Məhkəmə işə baxaraq ( mütəxəssis rəyinə və ekspertiza rəyinə istinad edərək) mənim xeyrinə qətnamə çıxarmışdır. İddiaçının istifadəsi kimi təqdim edilən tikililərin sökülməklə, ona məxsus torpaq sahəsinə olan qanunsuz müdaxiləyə son qoyulmasını, iddiaçının üçüncü şəxsin mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0.23ha hektar torpaq sahəsindən çıxarılmasını qət etmişdir. Bu qətnamənin icrasına maneçilik törətmək məqsədilə iddiaçı Gəncə İnzibati Məhkəməsinə, yəni Sizə "çıxarışın etibarsız hesab edilməsinə tələbinə dair" iddia ərizəsi ilə müraciət etmişdir. Onun iddiası tam əsassızdır, qanunsuzdur, gülünc və absurtdur. Üçüncü şəxs xx.xx.2023-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, iddiaçı üçüncü şəxsin adına olan daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv olunmasını tələb edir. Sözügedən qeydiyyat cavabdehin məktubuna əsasən Tovuz rayon İcra və Probasiya şöbəsinin qərarı olmuşdur. Həmin qərarın təsdiqlənmiş surəti cavabdehdən tələb edilsə də, cavabdeh yalnız məktub olduğunu bildirmişdir. Halbuki, həmin çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sənədin verilməsinə əsas Tovuz Rayon Məhkəməsinin 8(062)- 325/2019 nömrəli, xx.xx.2019-cu il tarixli aktı olmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər, edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 9-cu bəndində qeyd olunub ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa bu halda inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırda mübahisələndirilən, üçüncü şəxsin adına mülkiyyət hüququna dair qeydiyyatın aparılmasına və çıxarışın verilməsinə əsas inzibati orqanın hərəkəti olmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunun 8-ci maddəsinə (üçüncü şəxsə çıxarış verilən zaman qüvvədə olan redaksiyası) əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Məhkəmə bildirir ki, yuxarıda sadalanan əsaslar arasında icra məmurunun qərarı və ya məktubu göstərilməmişdir. Bu səbəbdən də iddiaçının iddia tələbi tamamilə əsaslıdır. Digər tərəfdən, məhkəmə üçüncü şəxsin etirazında qeyd etdiyi arqumentlərlə bağlı qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(062)-325/2019 nömrəli qərardadı ilə daşınmaz əmlak üzərinə qoyulmuş həbs ləğv edilmiş olsa da, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə isə əmlak üzərinə həbsin qoyulması barədə xx.xx.2018-ci il tarixli qərardadın ləğv edilərək, daşınmaz əmlak üzərində həbsin götürülməsi, təqdimatın təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi, bir qərardadla yalnız əmlak üzərinə qoyulmuş həbs götürülmüş, digər qərardadla isə ümumiyyətlə həbsin qoyulması barədə təqdimatın təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı təsbit edilmişdir. Həmin “Siyahının” 1-ci bəndinə görə, bu “Siyahının” qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Bununla yanaşı, “Siyahının” qeyd hissəsində göstərilir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən aydın olur ki, mübahisəli əmlaka ümumiyyətlə tələb yönəldilə bilməzdi. Göründüyü kimi, cavabdeh imtina əsasları məhkəmə araşdırması zamanı müəyyən edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində X3 adına **********00 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyatın ləğv olunması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar