Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2157/2022 01.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1974-1977 və 1983-1999-cu illərdə kolxozda işlədiyi 19 il 02 ay iş stajının sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1956-cı il tarixdə Bərdə rayonun Mustafaağalı kəndində anadan olmuş, hazırda Bərdə rayonun Arabaçılar qeydiyyatda olmaqla yaşayır. İddiaçıya məxsus “kolxozçunun əmək kitabçası”ndakı məlumata əsasən o, 1974- 1977 və 1983-2004-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 259 nömrəli arxiv arayışında iddiaçının 1974-1977 və 1983-1998-ci illərdə sabiq Boyəhmədli, Nizami kolxozunda aldığı əmək haqları və faktiki işlədiyi günlər qeyd edilmişdir. Sonuncu xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1978-ci il tarixli, 495 nömrəli əmrlə Azərbaycan Kənd Təsərrüfatı Universitetinin “kənd təsərrüfatının mexanikləşdirilməsi” ixtisası üzrə əyani şöbəsinə qəbul olunmuş, xx.xx.1983-cü il tarixli, 529 nömrəli əmrlə bitirmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı 11 saylı Ərazi Vergilər İdarəsində ********** VÖEN ilə vergi uçotuna alınmış, 2019-cu ilin iyul-sentyabr ayları üzrə, 2020-ci ilin yanvar və may ayları, 2021-ci ilin aprel-oktyabr ayları üzrə məcburi dövlət sosial sığorta haqları ödəmişdir. İddiaçı pensiya təyinatı məqsədilə müvafiq sənədləri ilə Bərdə regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş, sonuncu isə iddiaçının sənədlərinin aidiyyəti üzrə baxılması üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) göndərmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi xx.xx.1990-cı il tarixli ******* nömrəli əmək kitabçasının, diplomun və arxiv arayışların surətlərinə əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı dövr) 23 il 01 ay təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 07 ay sığorta stajına uyğun olaraq 16.445,47 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 357,46 manat olmaqla, ümumilikdə 16.802,93 manat təşkil edir ki, bu məbləğ pensiya yaşın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyanın minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1990-cı il tarixindən iddiaçının adına tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş 1999-2004-cü illərə aid dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialının xidməti məktubuna əsasən Bərdə kəndli fermer təsərrüfatına aid sənədlər Bərdə rayon Dövlət Arxivinə və Bərdə rayon Hüseynalılar kənd inzibatı ərazi dairə nümayəndəliyinə təhvil verilməyib. Həmçinin həmin təşkilatın hüquqi ünvanı bəlli olmadığı üçün əmək kitabçanızın surətində qeyd olunmuş 1999-cu il tarixindən 2004-cü il tarixinədək qeyd edilən təsərrüfatda işləməsi faktını yoxlamaq mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğu üçün ona yaşa görə sosial müavinətin də təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı Bərdə rayon Dövlət Arxivinin 259 saylı, xx.xx.2021-ci il tarixli arayışında göstərilən 1974, 1975, 1976, 1977, 1983-cü illərdə Bərdə rayonu Nizami adına kolxozda işlədiyi müddətin əmək stajına daxil edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək 1974-1977 və 1983-1999-cu illərdə kolxozda işlədiyi 19 il 02 ay iş stajının sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********7 nömrəli etirazını təqdim etmiş və etirazında imtinadakı əsasları təkrarlamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli imtinası; cavabdehin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli etirazı; Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 259 nömrəli və xx.xx.2022-ci il tarixli, 251 nömrəli arxiv arayışı; Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2021-ci il tarixli, 12/207 nömrəli arayışı; 038002 nömrəli diplomun notariat qaydada təsdiq edilmiş surəti; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 88 nömrəli arayışı; iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti; inzibati icraat materiallarının təsdiq edilmiş surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (xx.xx.2021-ci il tarixdə 65 il yaşına çatmışdır). İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixdə pensiya yaşına (65 yaş) çatması, xx.xx.2019-cu il tarixdən sonra məcburi dövlət sosial sığorta haqqı ödəməsi işin mübahisəsiz halıdır. Cavabdeh orqan iddiaçının 23 il 01 ay sosial sığorta stajını nəzərə aldığını qeyd edir. Qeyd edilən müddətə iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu, kolxozda işlədiyi və məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddətin daxil olduğunu cavabdeh iddia edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1975-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olduğu dövr üzrə 01 il 15 gün; xx.xx.1978-xx.xx.1983-cü illərdə təhsil aldığı dövr üzrə 04 il 10 ay 29 gün; 2019-2021-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları ödədiyi dövr üzrə 01 il 01 ay sosial sığorta stajı toplamışdır. İddiaçı 1974-1977 və 1983-1998-ci illərdə kolxozda işlədiyini qeyd etmişdir. Həmin dövrlə bağlı təqdim edilmiş arxiv arayışında 1974-1977-ci və 1983-cü illərdə adam günü norması qeyd edilmədiyi üçün inzibati orqan həmin dövrlər üzrə iş stajını tam hesablamamışdır (icraat materiallarından həmin dövr üzrə nəzərə alınan konkret dövr qeyd olunmamışdır). 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə, habelə “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə və 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. İddiaçının təqdim etdiyi arxiv arayışına görə, “Boyəhmədli”, “Nizami” kolxozunda minimum əmək günü norması 200 əmək günü müəyyən edilmiş, iddiaçı 1974-1977, 1984- 1998-ci illərdə kolxozda müəyyən edilmiş əmək iştirakı normasını yerinə yetirmiş, 1983-cü il üzrə isə əksik yerinə yetirmişdir (39 gün). Beləliklə, iddiaçının kolxozda işlədiyi illər 19 il 02 ay təşkil edir. Beləliklə, iddiaçının xx.xx.1978-xx.xx.1983-cü illərdə təhsil aldığı dövr üzrə 04 il 10 ay 29 gün, 1974-1977, 1983-1998-ci illərdə kolxozda işlədiyi 19 il 02 ay (hərbi xidmət dövrü ilə üst-üstə düşür), 2019-2021-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları ödədiyi 01 il 01 ay müddət sosial sığorta stajına daxil edildikdə, ümumilikdə 25 ildən çox - 25 il 01 ay 29 gün sığorta stajı vardır. Göründüyü kimi, ƏPQ-nun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçıya hüququ yarandığı tarixdən xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 1974-1977, 1983-1998-ci illərdə Bərdə rayon sabiq “Boyəhmədli, Nizami” adına kolxozda işlədiyi 19 il 02 ay müddətin sosial sığorta stajına daxil edilərək ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2157/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2157/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver