Məhkəmə qərarları › İş №2-1(114)-216/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-216/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-216/2020 04.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinin nümayəndəsi X10, üçüncü şəxs X4 və onun etibarnamə üzrə nümayəndəsi X2, üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon şöbəsi) qarşı (üçüncü şəxs X11 və X14) şəhidliyə görə prezident təqaüdünün ödənilməsi qaydasının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, X5 şəhidliyinə görə verilən prezident təqaüdünün X8 verilməsinin dayandırılması və həmin təqaüdün bütövlükdə ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə X14 ilə ailə qurmuş və həmin nikahdan övladları olmuşdur. İddiaçının nikahdan kənar başqa bir ailəsi də olmuş və həmin xanımın adı X11 olmuşdur. İddiaçının Çiçəklə olan münasibətindən xx.xx.1975-ci ildə Mehman adlı oğlu doğulmuşdur. Mehman 2 yaşına çatanda Çiçək uşağı gətirib iddiaçıya təhvil vermiş və Mehman yetkinlik yaşına çatana qədər ona iddiaçı və rəsmi nikahda olduğu arvadı Səkinə baxmışdır. Uşağı iddiaçıya verəndən sonra Çiçək başqa kişiyə ərə getmişdir. Hazırda Ç.Zeynalova Laçın rayonundan məcburi köçkünkimi Kürdəmir rayonunda yaşamaqda davam edir. 2 yaşından baxılan uşağın iddiaçı və arvadı Səkinə tərəfindən rəsmi olaraq övladlığa götürülməsi haqqında şəhadətnamə xx.xx.1991ci il tarixdə Kəlbəcər rayon Qeydiyyat şöbəsindən alınmışdır. Məlum hadisələrlə bağlı doğma yurd-yuvalarından köçüb Sərkar icəndində məskunlaşan zaman da Mehman iddiaçı və arvadı ilə birgə yaşamışdır. Mehman yetkinlik yaşma çatandan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1994-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Bununla bağlı iddiaçıya xx.xx.1995-ci il tarixdə şəhid ailəsi statusu kimi vəsiqə verilmişdir. Bildirilir ki, 2007-ci ilə kimi şəhid ailəsi kimi iddiaçıya hər hansı bir müavinət verilməmişdir. 2007-ci ildə şəhid ailələrinə prezident təqaüdü verilməyə başlayan zaman Çiçək 1977-ci ildən sonra ilk dəfə ortaya çıxaraq Mehmanın onun da oğlu olduğunu bildirərək təyin ediləcək təqaüdün yarısını tələb etmişdir. İddiaçı həmin dövrdə Çiçəyə qarşı humanistlik edərək təqaüdün yarısının ona verilməsinə razılıq vermişdir. Hazırki tarixədək də həmin təqaüdün yarı hissəsi iddiaçı tərəfindən DSMF-nin Kəlbəcər rayon şöbəsindən, yarı hissəsi isə Çiçək Zeynalova tərəfindən DSMF-nin Laçın rayon şöbəsindən alınır. Göründüyü kimi Çiçək Mehmanın bioloji anası olsa da faktiki olaraq heç bir rəsmi sənəddə Mehmanın anası kimi görünmür. Mehmanın atası və anası dövlət tərəfindən verilmiş rəsmi sənədlə iddiaçı və arvadı Səkinə tanınır. Eyni zamanda şəhid ailəsi statusu da yalnız iddiaçıdadır. İddiaçı şəhid ailəsi kimi ona ayrılmış təqaüdün yarı hissəsinin şəhid ailəsi statusu olmadan X8 verilməsinin dayandırılıb DSMF-nin Laçın rayon şöbəsindən verilmiş kartın ləğv edilməsi və şəhid ailəsi kimi ona ayrılan təqaüdün tam olaraq iddiaçının kartına köçürülməsinin təmin edilməsi barədə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, cavabdeh orqan məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçının vəkili və nümayəndəsi X12 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon şöbəsinin nümayəndəsi X16 iddianı qəbul edərək bildirmişdir ki, məbləğin iki yerə bölünməsi barədə iddiaçının razılığı olub və həmin təqaüdün iddiaçıya və Çiçəyə yarı bölünərək verilməsinə əsas Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 116 nömrəli qətnaməsi olmuşdur. Üçüncü şəxs X11 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, Mehmana 3 yaşınadək baxmış, 3 yaşında isə ərə getdiyinə görə atasına vermiş, 8 yaşında, yəni 1983-cü ildə isə atası uşağı Müslümə vermiş, həmin vaxtdan sonra Mehmanla görüşməmişdir. Üçüncü şəxs X14 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Mehman 2 yaş 6 aylıq olarkən Çiçəyin atası gətirib ona verib və uşağa həmin vaxtdan əri Müslümlə o baxıb böyütmüşdür. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubundan görünür ki, iddiaçının müraciəti ilə bağlı məsələnin şöbənin səlahiyyətində olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -İ-ИE 177954 nömrəli xx.xx.1962-ci il tarixli “Evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X14 arasında xx.xx.1962-ci il tarixdə nikah bağlanmışdır. -011719 nömrəli, xx.xx.2018-ci il tarixli “Övladlığa götürmə haqqında” şəhadətnamənin surətindən görünür ki, X1 Səkinə İbiş qızı və İddiaçı tərəfindən övladlığa götürülmüş və bu barədə akt qeydləri kitabında 1991-ci ilin yanvar ayının 05-ci günündə 01 nömrə ilə qeyd edilmişdir. -436166 nömrəli, xx.xx.1994-cü il tarixli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1994-cü il tarixdə ölmüşdür. -xx.xx.1995-ci il tarixli 008844 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında qanunda göstərilən imtiyazlardan istifadə hüququ vardır. -Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli nömrəli qətnaməsindən görünür ki, xx xxx 1994-cü ildə Ağdam rayonunda şəhid olmuş X5 xx xxx 1975-ci ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olması, atasının İddiaçı, anasının X11 olması faktı təsdiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X6 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin hallarından, təqdim edilmiş sənədlərdən və tərəflərin izahatlarından görünür ki, şəhid X5 bioloji anası X11 olsa da uşağı 3 yaşında öz atasına vermiş, 8 yaşında isə uşaq iddiaçıya verilmiş və həmin vaxtan uşağı bioloji atası və sonradan övladlığa götürmüş anası X14 böyütmüşdür. Həmçinin uşaq 1991-ci il tarixdə Müslüm və Səkinə Atayevlər tərəfindən övladlığa götürülmüşdür. Uşağın bioloji anasının X11 olması Kəlbəcər Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə bir daha təsdiq edilsə də həmin qətnamə hazırki iş üzrə preyusidal əhəmiyyət kəsb etmir. Başqa sözlə uşağın bioloji anasının kimliyi 2007-ci ildə müəyyən edilsə də həmin vaxtdan çox əvvəl, yəni 1991-ci ildə artıq yuxarıda qeyd olunan şəxslər tərəfindən övladlığa götürülmüşdür. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarına əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin ailə üzvlərinə: arvadına (ərinə); valideynlərinə; 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin edilir. Qeyd olunanlardan məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh orqanın təqaüdü şəhidlə heç bir rəsmi bağlılığı olmayan şəxslə iddiaçı arasında bölməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X5 şəhidliyinə görə verilən Prezident təqaüdünün X8 verilməsinin dayandırılması və həmin təqaüdün bütövlükdə İddiaçı verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar