Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-216/2021 15.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 27.01.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun Gürcüstan Respublikasında işlədiyi əmək stajının təsdiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2-1(112)-2716/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon Xidmət Nümayəndəliyi ilə əvəz edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, 1978-ci ilin mart ayından 1989-cu ilin may ayına kimi Gürcüstan Respublikasında işləmişdir. Sonradan Bakı şəhərinə köçmüşdür, hal-hazırda Bakı şəhərində işləyir. İddiaçı 5 uşaq anasıdır, onları böyüdüb tərbiyə etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddiaçının 2016-cı il tarixdən 5 uşaq anası kimi pensiya almaq hüququ yaranmışdır. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 23.11.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Daşkəsən rayon filialına qarşı “1978-1989-cu illərdə Gürcüstan Respublikasında olan əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair” iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 10.02.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Daşkəsən rayon filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı ilə əvəz edilmişdir. Məhkəmənin 29.06.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının Gürcüstan Respublikasında olan əmək fəaliyyəti təsdiq olunarsa ona pensiya təyin oluna bilər. Cavabdeh orqan iddia ilə bağlı 28.04.2021-ci il tarixli **********8 nömrəli etirazında bildirmişdir ki, iddiaçının işə daxil olma və işdən azad edilmə əmrləri, əmək haqqı cədvəlləri və.s digər zəruri məlumatları əldə edilmədiyinə görə onun əmək kitabçasının sonradan doldurulmuş olmaq ehtimalı var, bu səbəbdən də iddiaçının əmək kitabçasında qeyd edilən yerlərdə işləmiş olduğunu məyyənləşdirmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə 08.02.2021-ci il tarixli **********1 nömrəli məktub göndərildmiş və məktubun cavabı bugünədək DSMF-yə daxil olmamışdır. Bu səbəbdən də iddianın təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Daşkəsən rayon şöbəsinin 02.12.2019-cu il tarixli, **********6 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı təqdim etdiyi sənədlərin yerində qarşılıqlı yoxlanılması mümkün olmadığına görə ona əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. -Surəti əlavə edilmiş 10.03.1978-ci il tarixli əmək kitabçasında X1 01.03.1978-ci il tarixdən 01.05.1989-cu il tarixədək Gürcüstan Respublikasının Alqeyskuy adına üzümçülük sovxozunda və Ruslan şəhərində metal məmulatlarının təmizlənməsi zavodunda işləməsi qeyd olunmuşdur. -Surəti əlavə edilmiş İİİ-ЖГ 262961 nömrəli 22.11.1983-cü il tarixli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X3 arasında nikah bağlanmış, arvada “Qafarova” soyadı verilmişdir. -Surəti əlavə edilmiş Xİİİ-ЖГ 308217 nömrəli 09.06.1988-ci il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, X9 24.05.1988-ci il tarixdə anadan olmuş, ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti əlavə edilmiş Xİİİ-ЖГ 425240 nömrəli 14.08.1990-cı il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, X4 16.06.1990-cı il tarixdə anadan olmuş, ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti əlavə edilmiş Vİİ-TИ 348970 nömrəli 05.08.1986-cı il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, X5 30.07.1986-cı il tarixdə anadan olmuş, ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti əlavə edilmiş Vİİ-TИ 284072 nömrəli 13.08.1985-ci il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, X7 07.08.1985-ci il tarixdə anadan olmuş, ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti əlavə edilmiş **********4 nömrəli 15.10.2019-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X8 30.09.1984-cü il tarixdə anadan olmuş, ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı sosial sığorta stajı barədə təqdim etdiyi sənədlərə əsasən onun 01.03.1978-ci il tarixdən 01.05.1989-cu il tarixədək Gürcüstan Respublikasında olan əmək fəaliyyətinin yerində qarşılıqlı yoxlanılması mümkün olmadığına görə həmin illər sosial sığorta stajı kimi nəzərə alınmadığından cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçı isə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən 2016-cı il tarixdən 5 uşaq anası kimi pensiya almaq hüququ artıq yaranmışdır. Məhkəmə iddia ilə bağlı gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1. maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı əmək kitabçası əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. -23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarına əlavə edilmiş 10.03.1978-ci il tarixli əmək kitabçasından da görünür ki, iddiaçı həqiqətən 01.03.1978-ci il tarixdən 01.05.1989-cu il tarixədək Gürcüstan Respublikasının Alqeyskuy adına üzümçülük sovxozunda və Ruslan şəhərində metal məmulatlarının təmizlənməsi zavodunda işləmişdir. İddiaçının Gürcüstan Respublikasında olan əmək fəaliyyəti ilə bağlı DSMF tərəfindən Ədliyyə Nazirliyinə müvafiq sorğu verilməsinə, eləcə də həmin sorğuya görə məhkəmə iclasları dəfələrlə təxirə salınmasına baxmayaraq sorğuya cavab verilməmişdir. Həmçinin məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi iddiaçının Gürcüstan Respublikasında olan əmək fəaliyyəti təsdiq olunarsa ona pensiya təyin oluna biləcəyini etiraf etmişdir. Bu səbəbdən də məhkəmə iş üzrə məhkəmə prosesinin yubanmaması məqsədilə müvafiq sorğuya cavab verilmədən da işə baxmağı məqsədəmüvafiq hesab edir və qeyd olunan əmək kitabçasını mötəbər sübut kimi qəbul edir. Beləliklə iddiaçının sosial sığorta stajı barədə təqdim etdiyi əmək kitabçasına əsasən o, 01.03.1978-ci il tarixdən 01.05.1989-cu il tarixədək 11 il 2 ay sığorta stajı qazanmışdır. Bundan başqa məhkəmə tələbin “pensiya təyin edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunun 1.14-cü bəndinə görə 8.1-ci və 8.2-ci maddələrdən “və azı 10 il sığorta stajı olan” sözləri çıxarılmış və həmin maddələrdə “olaraq müəyyən olunmuş” sözləri “şərtlər daxilində” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasında beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların azı 10 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi iddiaçı beş uşağını səkkiz yaşınadək tərbiyə etməklə yanaşı, tələb olunan 10 il sığorta stajına da malikdir. Odur ki, iddiaçının 01.03.1978-ci il tarixdən 01.05.1989-cu il tarixədək işlədiyi müddətin sosial sığorta stajına hesablanması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 10.03.1978-ci il tarixli əmək kitabçasına əsasən İddiaçı 01.03.1978-ci il tarixdən 01.05.1989-cu il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-216/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-216/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver