Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2162/2020 13.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəisi X3 (üçüncü şəxs X1) qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəisi X3 (üçüncü şəxs X1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və onun əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməklə, onun tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonunun şimal-şərq hissəsində yerləşən torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun müdafiəsinin təmin edilməklə həmin torpaqda inşa etdiyi hasarın dağıdılması nəticəsində cavabdeh və üçüncü şəxs tərəfindən ona dəymiş 10000 (on min) manat maddi və 50000 (əlli min) manat mənəvi zərərin tutularaq ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu 3-cü mikrorayonun şimal-şərq hissəsində X2 500.0 kv.m torpaq sahəsi alaraq mənzil təminatını təmin etmək üçün həmin torpaqda fərdi yaşayış evi inşa etdirərək hasara aldırmışdır. Lakin Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinin rəisinin və həmin idarənin hüquqşünasının qanunsuz hərəkətləri nəticəsində tərəfindən inşa edilmiş evin hasarı heç bir məhkəmə qərarı olmadan özbaşınalıq nəticəsində sökülmüşdür. Həmin hasarın torpaq sahəsinin yerini müəyyən etməklə heç bir şəxslərə aidiyyəti olmamışdır. İş üzrə üçüncü şəxs X1 da həmin küçədə yaşamaqla inşa etdiyi hasarın ona heç bir aidiyyəti olmadığı təqdirdə qanunsuz olaraq Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə müraciət etmiş və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən torpaq sahəsinə və inşa etdiyi hasara baxış keçirilərək həmin hasarın heç kimin hüquqlarını pozmadığı sərhəd daxilində inşa edildiyi müəyyən edilərək üçüncü şəxsə məlumat verilsə də, sonradan yenə də üçüncü şəxsin iştirakı ilə cavabdehlər tərəfindən onların birgə hərəkəti nəticəsində inşa etdiyi hasar uçurularaq ona əhəmiyyətli dərəcədə maddi zərər dəymişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilibbilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlk öncə məhkəmə qeyd edir ki, fiziki şəxs olan hazırki cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəisi X3 qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırki iddia tələbi isə fiziki şəxslərə qarşı yönəlmişdir ki, fiziki şəxslərə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Bundan başqa, inzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında qeyd edilmişdir. Hazırki iddia tələbində qeyd olunan cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında- siyahısında inzibati orqan kimi nəzərdə tutulmamışdır. Dəymiş zərərin ödənilməsi iddiası inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7. maddəsi) növünə aiddir. Bu baxımdan, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi iddianın xüsusi şərti kimi nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinə ərizə ilə ona dəymiş maddi zərərlə əlaqədar müraciət edərək ona əhəmiyyətli dərəcədə maddi zərərin vurulmasını qeyd etmişdir, lakin həmin zərərin nə qədər təşkil etməsini və inzibati orqandan hansı məbləğdə kompensasiya tələb etməsini qeyd etməmişdir. Hazırda iddia etdiyi mənəvi zərərlə əlaqədar inzibati orqana ümumiyyətlə müraciət etməmiş və inzibati orqanın rəyini öyrənmədən məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəisi X3 (üçüncü şəxs X1) qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun müdafiəsinin təmin edilməsi, dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəisi X3 (üçüncü şəxs X1) qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2162/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2162/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver