Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2162/2021 12.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin 28 avqust 2019-cu il tarixli, 142 saylı sərəncamının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İcra Hakimiyyətinin 28 avqust 2019-cu il tarixli 142 saylı sərəncamı ilə anası X7 qəyyum olaraq bacısı X2 təyin edilmişdir. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin sözügedən sərəncamı ilə anası X7, anadangəlmə ortopedik xəstə olan, 2-ci qrup sağlamlıq imkanları məhdud, əlil olan bacısı Sevinc Allahverdiyeva “qəyyum” təyin edilmişdir. Bu, qanunvericiliyin mənasına görə əsassız hesab edilir və həmin sərəncam ləğv edilməlidir. İcra Hakimiyyətinin araşdırmadan anasına "qəyyum" olaraq təyin etdiyi X4 2-ci dərəcə əlillik, anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (uyğunlaşma, öz davranışlarına nəzarətetmə, hərəkətetmə, özünəxidmətetmə, əmək qabiliyyəti) kəskin məhdudlaşması, əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilməklə, sağlıq vəziyyətinin məhdud olduğu müəyyənləşdirilmişdir. X4 2-ci dərəcə əlillik 2013-cü ildə "müddətsiz" müəyyən edilmiş, yəni ömürlük 2-ci dərəcə əlillik kateqoriyasına çatdırılmışdır. 2013-cü ildə, həmçinin hazırda da qüvvədə olan "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə meyarlara dair Əsasnamə"yə əsasən onun 2-ci dərəcə əlilliyi "müddətsiz" hala gətirilmişdir. Fəaliyyət qabiliyyəti, əmək və davranış, özünüidarəetmə və s. məhdud olan, 2-ci qrup əlil olan, anadangəlmə-ortopedik xəstə olan, yeriyə bilməyən, köməkçi-ortopedik əsa ilə yeriyən şəxs, bacısı Sevinc Allahverdiyeva heç özünü hərləyə bilmir, heç özünə baxa bilmir, qəyyum üçün "təyin olunduğu" anası Şövkət Nəcəfovaya necə baxsın? İcra Hakimiyyətinin təyin etdiyi 2-ci qrup ömürlük əlil olan Sevinc Allahverdiyevanı anasına, onun fəaliyyət qabiliyyətini araşdırmadan qəyyum təyin etməsi qanunun tələbinə zidd haldır. Ona görə də, həmin sərəncam ləğv edilməlidir. X3 vəziyyətində olan şəxslər qəyyum təyin edilə bilməzlər. Məhkəmə qeyd edir ki, iş materiallarından da məlum olduğu kimi Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin 28 avqust 2019-cu il tarixli 142 saylı sərəncamı ilə X2 anası, 23.11.1934-cü il təvəllüdlü X7 qəyyum təyin edilmiş, iddiaçı qəyyumluğa verilən X5 övladı olmaqla qəyyumluğa verilmə barədə sərəncamı mübahisələndirərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, əvvəla hazırkı iş üzrə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə qeyd edir ki, mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır və mübahisə ilə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməli, iddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Sözügedən maddi hüquq normasından göründüyü kimi, inzibati aktın spesifik əlamətləri mövcuddur ki, bunlardan biri də onun ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşıması ilə bağlıdır. Qeyd olunmalıdır ki, inzibati aktın əsas funksiyası onun qəbul edilməsi ilə inzibati idarəçilik qarşısında duran məqsədlərə nail olmaq və vəzifələri yerinə yetirmək üçün inzibati hüquq münasibətinə göstərilən nizamasalma təsirindən ibarətdir. İnzibati akt qəbul edilərkən həmin aktda müəyyən edilən normalar ilk növbədə publik idarəçiliyə öz təsirini göstərir və onu nizama salmağa xidmət edir. Bu zaman cəmiyyətin, dövlətin və vətəndaşın maraqlarının müdafiəsinə xidmət edən inzibati idarəçilik inzibati orqanların məhz publik vəzifələrindən irəli gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 13-cü maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (kokret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandağı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İddiaçının hazırkı iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətini göstərsə də, iddiaçının irəli sürdüyü tələb xüsusi mülki hüquq münasibətlərinə aiddir. Yəni hazırkı iddia tələbi mülki mübahisədir və bu mübahisə publik (ümumi) deyil xüsusi hüquq normaları ilə tənzimlənir. Belə ki, məhkəmə hesab edir ki, qəyyumluq və himayəçilik komissiyasının rəyi əsasında qəbul edilmiş sərəncamı qəbul edən orqan - Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətini əlbəttə ki, “İnzibati İcraat haqqında” Qanununa və İnzibati-Prosessual Məcəlləyə görə inzibati orqan hesab edilir. Lakin, məzmun baxımından bu orqan tərəfindən qəyyumluqla bağlı olan qərarın qəbul edilməsi xüsusi hüquq sahəsinə aid olan məsələni həll edir. Yəni burada qəyyumluq və onun şərtləri, himayəçilik, şəxsin rifahı və s. bu kimi məsələlər öz həllini tapır. Digər tərəfdən, bu məsələlərlə bağlı xüsusi hüquqda, yəni, Mülki və Ailə Məcəllələrində nəzərdə tutulan xüsusi qaydalar mövcuddur. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə Sisteminin yekun məhkəmə qərarlarının məlumat bazası sistemindən əldə edilərək iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.06.2019-cu il tarixli 2(043)-962/2019 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X1 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilərək 23.11.1934-cü il tarixdə Gəncə şəhərində doğulmuş X8 (FİN 309FHRL) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi, fəaliyyət qabiliyyəti olmayan şəxs üzərində qəyyum təyin edilməsi xüsusi hüququn nizamasalma predmetinə aiddir. Ona görə də, hazırkı iddia tələbi mülki mübahisədir və bu mübahisə publik (ümumi) deyil, xüsusi hüquq normaları ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv olunması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci və 80-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2162/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2162/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver