Məhkəmə qərarları › İş №2-1(114)-2162/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2162/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2162/2024 05.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinat alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1977-ci il tarixdə ünvan 1i ünvanında qeydiyyatdadır. İddiaçıya Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən AA seriyalı 495295 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı sonralar məcburi köçkün statusu olmayan X4 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. İddiaçı ona ödənilən vahid aylıq müavinətin bərpa edilməsi barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq müavinətin ödənilməsi qaydasının 2.4 maddəsinə uyğun olaraq məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş ( nigahla və ya nigaha daxil olmadan), lakin, ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxamayan şəxslərə aylıq müavinətin verilməsi şamil edilmir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 5-55/2-Q-16-073/2023 nömrəli imtinasının əsassız sayılması və İddiaçı və övladı xx.xx.2007-ci ildə doğulmuş X1 adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci il tarixdə Kəlbəcər rayonu, Keştək kəndində anadan olmuş, 1993-cii ildə Kəlbəcər rayonundan köçkün düşmüşdür. O, 2015ci il tarixdə icma nümayəndəsi olmayan yerli sakin Göygöl rayonu, Gürzallar kənd qeydiyyatında olan X2 ilə ailə həyatı qurmuş və bu evlilikdən xx.xx.2017-ci ildə X3 adlı bir övladıları doğulmuşdur. 2017-ci ilin oktyabr ayında X4 ilə faktiki olaraq ayrılmışdır. Nərmin adlı qızı onun himayəsində qalmış, övladının atası 1-ci qrub Qarabağ veteranı olduğu üçün uşağın atasından aliment tələb etməmişdir. Dövlət tərəfindən ona verilən vahid aylıq müavinət 2019-cu ildə dayandırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı kimi yalnız İddiaçı tanınmaqla, cavabdehin imtinasının əsassız hesab sayılması və onun adının aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş materiallarına iddiaçıya məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, AA seriyalı 495295 nömrəli məcburi köçkün vəsiqəsi, cavabdehin xx.xx.2024-cü il tarixli imtinası, elektron sistemdən çıxarış əlavə edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 5 fevral 2002-ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimat:

6. Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər. 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.4. məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarmayan şəxslərə; 6.1.12. valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan şəxslərə 17 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat” V. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.4. Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə; Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”

6. Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər: 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.4. məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara; 2 iyun 2017-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1221) ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndində “(nikahla və ya nikaha daxil olmadan),” sözlərindən sonra “həmçinin sonradan boşanmış qadınlara” sözləri əlavə edilmişdir və həmin bənddən “lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara” sözləri çıxarılmışdır. Məcburi köçkünlərə yemək xərci, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən aylıq müavinətin verilməsi və ödənilməsi ilə bağlı münasibətlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la və digər normativ aktlarla tənzimlənir. İddiaçının Kəlbəcər rayonundan məcburi köçkün olduğuna görə əvvəllər yemək xərci üçün müavinət alması, məcburi köçkün olmayan şəxslə qeyri-rəsmi nikaha daxil olması, məcburi köçkün olmayan şəxslə ailə qurması əsası ilə həmin müavinətin ödənilməsinin dayandırılması, həmçinin hazırda məcburi köçkün statusuna malik olması işin mübahisə olunmayan hallarıdır. İddiaçı həm nikaha qədər, həm nikah, həm də nikahdan sonrakı dövründə Kəlbəcər rayonunda qeydiyyatda qalmışdır. Həm iddiaçının faktiki nikah münasibətlərində olduğu dövrdə, həm də sonrakı dövrdə qüvvədə olan və yuxarıda istinad olunan normalarda qeyd edilmişdir ki, məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikah münasibətlərinə daxil olmuş şəxsə yemək xərci üçün aylıq müavinət ödənilmir. Həmin normaların məzmunundan görünür ki, məcburi köçkün qadının məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduqdan sonra işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxıbçıxmamasının ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməməsinə hər hansı təsiri yoxdur. Yəni məcburi köçkün qadın məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduqdan sonra, onun qeydiyyat yerindən, əvvəlki qeydiyyatın saxlanılmasından, həmçinin nikahın pozulmasından asılı olmayaraq ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməsi dayandırılır. Məhkəmə nəzərə alır ki, yuxarıda istinad olunan sonuncu normalarda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinət müəyyən edilmişdir. Yuxarıda istinad olunan Qaydaların 2.4-cü bəndinə edilmiş dəyişikliyə qədər (xx.xx.2017-ci ilə qədər) mövcud olmuş redaksiyasında 2 meyara diqqət yetirmək lazımdır: 1) şəxsin məcburi köçkün olmayan şəxslə nikaha daxil olması; 2) aylıq müavinət almaq istəyən şəxsin məcburi köçkün düşdüyü işğal olunmuş rayondan əvvəlki rayon üzrə qeydiyyatdan çıxmaması. Qeyd olunan halların biri-birini tamamladığı və hər ikisinin mövcud olduğu təqdirdə, aylıq müavinət şəxsə şamil olunmur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 6-cı maddəsinə görə, məcburi köçkün statusunu almış şəxsə müəyyən edilmiş qaydada dövlətin təyin etdiyi birdəfəlik və digər yardımla bağlı təminatlar verilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı məcburi köçkün statusuna malikdir və həmin statusu itirməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdehin istinad etdiyi qaydaların heç birində məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan qadınla ailə qurmuş, həmçinin sonradan boşanmış məcburi köçkün statusu olan kişilər aylıq müavinət almayan şəxslərin sırasına daxil edilməmişdir. Halbuki, istinad edilən qaydaların tələbinə görə məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlar aylıq müavinət almayan şəxslər sırasına aid edilmişdir. Məhkəmənin qənaətinə görə, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh tərəfindən riayət edilməmiş və ayrıseçkiliyə yol verilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra–Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. Eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə və qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyi üçün, cavabdehin mübahisə olunan hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmadığından Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, iddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət ödənilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"da kimi məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş qadınlara yemək xərci üçün aylıq müavinət verilməsi nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi normalar, göründüyü kimi onun hüquqi vəziyyətini yaxşılaşdırmır, əksinə, pisləşdirir və bu səbəbdən də, geriyə şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar