Məhkəmə qərarları › İş №2-1(114)-2163/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2163/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2163/2024 15.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinat alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1954-ci il tarixdə ünvan 1i ünvanında qeydiyyatdadır. İddiaçıya Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.1994-cü il tarixdə 25356 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı ona ödənilən vahid aylıq müavinətin bərpa edilməsi barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və komunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydasına əsasən dövlət qulluğunda çalışaraq, (dövlət quluğunun xüsusi növü və zabitlərə) sonradan pensiyaya çıxamış, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının. Baş naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən inzibati vəzifələrə təyin olunanlar., Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara aylıq müavinətin verilməsi şamil edilmir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin ona xx.xx.2023-cü il tarixdən ödənilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixində Kəlbəcər rayonunda anadan olmuş, 1993-cü il tarixindən məcburi köçkün kimi Goranboy rayonunda məskunlaşmışdır. Həmin rayonun Meşəli kəndində yerləşən Kəlbəcər rayon 100 saylı məktəbində xx.xx.2023-cü il tarixinədək direktor vəzifəsində işləmişdir və həmin vaxtdan heç bir yerdə işləmir. İşdən azad olunduğundan məcburi köçkün və ona bərabər tutulan şəxslər üçnün yemək xərci müavinəti almalıdır, lakin bu barədə səlahiyyətli orqanlara müraciət etsə də, imtina cavabı verilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdehin üzərinə adının aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatın qəbul edilmişdir. Məhkəmənin sorğusuna X2 xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müəyyən edilir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında"Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Yuxarıda qeyd edilən Siyahıda təhsil müəssisələri və həmin müəssisələrdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları" ilə müəyyən edilmişdir. Həmin Qərarda ümumi orta təhsil müəssisələri nəzərdə tutulmamışdır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.7-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahididir. Həmin Qanunun 1.1.11-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusu inzibati və yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahıdır. Dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin adları Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu" ilə müəyyən edilmişdir və təhsil müəssisələrinin direktoru vəzifəsi həmin Topluda nəzərdə tutulmamışdır.Əlavə olaraq bildiririk ki, yuxarıda adıçəkilən Qanunun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. Qeyd edilənlərə əsasən ümumi orta təhsil müəssisələrinin direktoru vəzifəsi dövlət qulluğu vəzifəsi, o cümlədən xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifə hesab edilmir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş materiallarına iddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, 25356 nömrəli məcburi köçkün vəsiqəsi, cavabdehin xx.xx.2024-cü il tarixli imtinası, X2 xx.xx.2024-cü il tarixli cavab məktubu elektron sistemdən çıxarış əlavə edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; 17 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat” V. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.1. Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla); 5.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; 5.3. Müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; 5.4. Həbsdə olan məcburi köçkünlərə; 5.5. "Məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; 5.6. "Məcburi köçkün" statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); 5.7. Pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslərə; 5.8. Səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə; 2.13. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; Məcburi köçkünlərə yemək xərci, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən aylıq müavinətin verilməsi və ödənilməsi ilə bağlı münasibətlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la və digər normativ aktlarla tənzimlənir. İddiaçının hazırkı tələbi adının vahid aylıq müavinat alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsidir ki, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və komunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydasına əsasən dövlət qulluğunda çalışaraq, (dövlət quluğunun xüsusi növü və zabitlərə) sonradan pensiyaya çıxmış, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının. Baş naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən inzibati vəzizfələrə təyin olunanlar., Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara aylıq müavinətin verilməsi şamil edilməməsi əsası ilə imtina cavabı vermişdir. Məhkəmə cavabdeh orqanın imtinası ilə razılaşmayaraq qeyd edir ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş məlumata əsasən dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin adları Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu" ilə müəyyən edilmişdir və təhsil müəssisələrinin direktoru vəzifəsi həmin Topluda nəzərdə tutulmamışdır. Qanunun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. Qeyd edilənlərə əsasən ümumi orta təhsil müəssisələrinin direktoru vəzifəsi dövlət qulluğu vəzifəsi, o cümlədən xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifə hesab edilmir. Buna görə də, cavabdeh orqanın imtinası əsassız olmuş İddiaçı hüququ pozulmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçı məcburi köçkün statusuna malikdir və həmin statusu itirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar