Məhkəmə qərarları › İş №2-1(114)-2164/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2164/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2164/2021 25.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “soyadın dəyişdirilməsinin mümkün hesab edilməməsi” barədə 09.09.2021-ci il tarixli qərarının ləğv olunması, soyadının dəyişdirilərək “Həsənli” olması barədə qərar çıxarılmasını və qərarın icrasını cavabdehə həvalə olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx xxxxxx 1974-cü il tarixdə Şəmkir rayonun Könüllü kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 21.02.1974-cü il tarixdə 11 nömrə ilə qeydiyyat aparılmış, ata qrafasında “X3”, ana qrafasında “X4” qeyd edilmişdir. Göygöl Rayon Məhkəməsinin 02.03.2009-cu il tarixli 2(066)-63/2009 nömrəli qətnaməsinə əsasən iddiaçının X1 ilə olan nikahları pozulmuş, bu barədə 28.07.2021-ci il tarixdə 67 nömrəli nikahın pozulması haqqında akt qeydi tərtib edilmişdir. İddiaçı 01.09.2021-ci il tarixli ərizə ilə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək baba adını soyad daşımaq arzusu ilə soyadının “Həsənzadə” soyadına dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh 09.09.2021-ci il tarixli qərarı ilə “İddiaçı soyadının dəyişdirilməsinin mümkün hesab edilməməsini” qərara almışdır. Qərar 17.09.2021-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. Qərarla razılaşmayan iddiaçı 12.10.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək soyadının dəyişdirilərək “Həsənli” olması barədə qərar çıxarılmasını və qərarın icrasının cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddia ərizəsi İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün həmin Məcəllənin 13-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilmişdir. Bundan sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək cavabdehin “soyadın dəyişdirilməsinin mümkün hesab edilməməsi” barədə 09.09.2021-ci il tarixli qərarının ləğv olunması, soyadının dəyişdirilərək “Həsənli” olması barədə qərar çıxarılmasını və qərarın icrasını cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02.11.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, babasının adından soyad daşımaq istədiyi üçün soyadının “Həsənli” olması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin 09.09.2021-ci il tarixli qərarı ilə onun soyadının dəyişdirilməsi mümkün hesab edilməmişdir. Həmin qərarda göstərilir ki, soyadının dəyişdirilməsinin mümkün hesab edilməməsinə səbəb Rusiya Federasiyası ərazisinə girişinə məhdudiyyət qoyulmasıdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə, Mülki Məcəllənin 26.1 və 26.4-cü, Ailə Məcəlləsinin 189-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi” Qaydalarının 1.3, 1.5, 6.1, 6.2 və 6.18-ci bəndlərindən göründüyü kimi hər kəs adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. İddiaçı qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməsi olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişdirməməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh 11.11.2021-ci il tarixli 05/Q-102 nömrəli məktubla məhkəməyə müraciət edərək iddiaya qarşı heç bir etirazlarının olmadığını bildirmiş və iş yükünün ağırlığını nəzərə alaraq məhkəmə prosesinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə qərarın qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarına iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, AZ- T seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti, cavabdehin iddiaçıya ünvanladığı 17.09.2021-ci il tarixli 05/Q-641/11 nömrəli məktubu, iddiaçının 01.09.2021-ci il tarixli ərizənin surəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin 17.08.2021-ci il tarixli SB/1128 nömrəli arayışın surəti, cavabdehin 17.08.2021-ci il tarixli 05/Q-557/11 nömrəli, 17.08.2021-ci il tarixli 05/Q-558/11 nömrəli və 19.08.2021-ci il tarixli məktubların surəti, nikahın pozulması haqqında akt qeydinin surəti, Şəmkir rayon Polis şöbəsinin 03.09.2021ci il tarixli rəyinin surəti, cavabdehin 11.11.2021-ci il tarixli 05/Q-102 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Çünki cavabdeh iddiaçıya soyadın dəyişdirilməsi ilə əlaqədar ərizəsinə dair formal qərar qəbul etməmişdir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) riayət edilmişdir. Belə ki, inzibati orqan iddiaçının müraciətinə 17.09.2021-ci il tarixdə yazılı məlumat vermiş, iddiaçı isə 12.10.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 №-li Qərarı ilə təsdiq edilmiş«Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»n: 6.4. ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.5. ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.15. ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.16. rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. 6.17. bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). 6.18. bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən normativ hüquqi aktda soyadın dəyişdirilməsi üçün müvəqqəti məhdudiyyətlər müəyyən edilmişdir, bunlar: ərizəçinin cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olmasıdır. Həmin aktda, həmçinin ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi tərəfindən müvafiq yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) müraciət etməsi və sonuncunun bu məsələlər barədə rəyin verilməsi nəzərdə tutulmuşdur. İş üzrə müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən məsələ ilə əlaqədar yoxlama aparan polis şöbəsinin rəyinə istinad etmiş və göstərmişdir ki, həmin şöbə iddiaçının ata adının dəyişdirilməsi məsələsi ilə bağlı mənfi rəy vermiş və müraciətin təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Polis şöbəsinin 03.09.2021-ci il tarixli rəyin məzmunundan aydın olur ki, iddiaçı barəsində daxili işlər orqanlarında təqsirləndirici material olmadığı, eyni zamanda internet vasitəsilə yoxlama zamanı vətəndaşın Rusiya Federasiyası ərazisinə girişinə məhdiyyət qoyulması barədə məlumat aşkar edilmişdir. Göründüyü kimi, cavabdehin imtinası qanuni, əsaslı olmuşdur. Məhkəmə, iddiaçının ərizəsində qeyd etdiyi arqumentlərlə bağlı qeyd edir ki, Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını və ata adını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan Avropa İnsan Hüquqları Məhkəməsi, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsinin dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, Avropa İnsan Hüquqları Məhkəməsi şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Hazırkı iş üzrə qanunda göstərilmiş məhdudiyyət legitim məqsədlərə xidmət edir, gətirilmiş məhdudiyyətlər ümumi və fərdi maraqlar arasında ədalətli tarazılıqla bağlı tələblərə də cavab verir. Çünki əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (ata adanı və soyadı) daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (ata adı və soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “soyadın dəyişdirilməsinin mümkün hesab edilməməsi” barədə 09.09.2021-ci il tarixli qərarının ləğv olunması, soyadının dəyişdirilərək “Həsənli” olması barədə qərar çıxarılmasını və qərarın icrasını cavabdehə həvalə olunması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar