Məhkəmə qərarları › İş №2-1(114)-2165/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2165/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2165/2022 10.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışlarda hüquq sahibinin adına və mülkiyyətdəki payına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Topalhəsənli kəndinin ərazisində yerləşən 0.0938 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, 0.6597 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli və 0.0874 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarda şəxsiyyətinə və ümumi mülkiyətdə payına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə iddiaçının anası X2, bacısı X3, qardaşı X4 və iddiaçıya Göygöl rayonu, Topalhəsənli kəndinin ərazisindən 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. xx.xx.1998-ci il tarixdə həmin “Torpağa dair mülkiyyət hüququna dair” JN-149 nömrəli Dövlət Aktı verilərkən iddiaçının adı “Namil” əvəzinə “Namiq” yazılmışdır. Buna müvafiq olaraq cavabdeh orqan 0.0938 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, 0.6597 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli və 0.0874 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarışlar verilmiş, həmin çıxarışlarda da iddiaçının adı “Namil” əvəzinə “Namiq” yazılmışdır. İddiaçının bacısı Tamara Abbasova xx.xx.2018-ci ildə həmin torpaqdakı 1/4 payını iddiaçıya bağışlayandan sonra cavabdeh idarə xx.xx.2018-ci il tarixdə verdiyi 3 ədəd yeni çıxarışda iddiaçının payını 2/4 yaxud 1/2 yazmaq əvəzinə yenə də 1/4 məxrəclə göstərmişdir. Nəticədə sözügedən çıxarışlar eyni şəxs olan “Namiq” və “Namil”in adınadır. İddiaçı çıxarışlarda qeyd olunan müvafiq düzəlişlərin edilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərlə Ərazi İdarəsinin arxiv məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, “Torpağa dair mülkiyyət hüququna dair” JN-149 nömrəli dövlət aktında mülkiyyətçilərdən birinin adının “X6” olduğu aşkar edilmiş, lakin “X6”nun “İddiaçı” olduğunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia “çıxarışlarda hüquq sahibinin mülkiyyətdəki payına düzəliş edilməsi” hissədə mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlərlə müəyyən olunur ki, iddiaçının cavabdehə müracəti ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarda adda olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı olmuş, cavabdeh orqan tərəfindən də həmin müraciətdə qeyd olunan tələbin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi iddiaçı cavabdeh orqana ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarda mülkiyyətdəki payına düzəliş edilməsi ilə bağlı müraciət etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı cavabdehə qeyd olunan tələblə bağlı müraciət etdiyi təqdirdə onun müraciətinin təmin edilmə ehtimalı mövcuddur, bunun üçün ayrıca məhkəmə mübahisəsinə ehtiyac yoxdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Göründüyü kimi qanunverici öhdəliyin icrası haqqında iddia tələbləri üçün xüsusi mümkünlük şərtləri müəyyən etmiş, iddiaçı tərəfindən isə tələbin həmin hissəsi ilə bağlı müəyyən edilmiş şərtlərə əməl edilmədən məhkəmədə iddia qaldırılmışdır. Bu səbəbdən də məhkəmə tələbi həmin hissədə də mümkünsüz hesab edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışlarda hüquq sahibinin adına və mülkiyyətdəki payına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia “hüquq sahibinin mülkiyyətdəki payına düzəliş edilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar