Məhkəmə qərarları › İş №2-1(114)-2166/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2166/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2166/2021 02.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X9 və X7) qarşı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 3A, mənzil 12-nin özəlləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı1, İddiaçı3 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 3A, mənzil 12-nin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 3A, mənzil 12 Kirovabad şəhər X6 22.05.1984-cü il tarixli qərarı ilə 420 nömrəli orderə əsasən 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə yaşmaq üçün onlara verilmişdir. Həmin mənzilin özəlləşdirilməsi üçün zəruri olan sənədləri toplayaraq mənzilin adlarına özəlləşdirilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələrinin olmaması, yəni X3 evin özəlləşdirilməsinə qarşı çıxması səbəbindən bundan imtina etmişdir. Bir nəfərin özəlləşdirməyə qarşı çıxması səbəbindən onların mülkiyyət hüquqlarının pozulmasını qanunsuz hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq göstərdilər ki, 22.05.1984-cü il tarixli 420 nömrəli orderdə üçüncü şəxs X3 adı texniki səhv olaraq Firuddin kimi yazılmış və sonradan qələmlə Firuz kimi düzəldilmişdir. İddiaçı3, cavabdeh və üçüncü şəxslər iddiaya qarşı münasibət bildirməmişlər. İddiaçı3, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 22.05.1984-cü il tarixli 420 nömrəli order, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 24.10.2014-cü il tarixli, 208 nömrəli arayış, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 17.08.2021-ci il tarixli 878(581)/4 nömrəli Arxiv Arayışı və cavabdehin iddiaçıya ünvanlandığı 14.09.2021-ci il tarixli **********51 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh 14.09.2021-ci il tarixli **********51 nömrəli imtina məktubunda göstərmişdir ki, aparılan araşdırma zamanı mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələrinin olmaması müəyyən edilmiş, bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İşdə olan 22.05.1984-cü il tarixli 420 nömrəli orderdən görünür ki, İddiaçı1 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə, Üzeyir Hacıbəyov küçəsi, ev 3A, mənzil 12 ünvanında 3 otaqdan, 37.04 kv.m-dən ibarət mənzil verilmişdir. Ailə üzvləri İddiaçı3, X7, X9 və İddiaçı2 ibarətdir. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 24.10.2014-cü il tarixli, 208 nömrəli arayışdan görünür ki, İddiaçı1 Üzeyir Hacıbəyov küçəsi, ev 3A, mənzil 12 ünvanında yerləşən, beş mərtəbəli binanın, 1-ci mərtəbəsində, 3 otaqdan, 37.04 kv.m-dən ibarət mənzildə 13 nəfərdən ibarət ilə üzvləri ilə birlikdə yaşayır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1 07.11.2005-ci il tarixdən ailə üzvləri X7, X9, X4, X2, X5, İddiaçı1 Firuz oğlu və İddiaçı2 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 3A, mənzil 12 Kirovabad şəhər X6 22.05.1984-cü il tarixli qərarı ilə 420 nömrəli orderə əsasən 4 nəfərdən ibarət (İddiaçı3, X7, X9 və İddiaçı2) ailə üzvləri ilə birlikdə yaşmaq üçün İddiaçı1 verilmişdir. İddiaçı1 mənzilin onun adına özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 14.09.2021-ci il tarixli **********51 nömrəli məktubla «Azərbaycan Respublikasında Mənzil X1» Qanuna istinad edərək iddiaçı ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin özəlləşdirməyə razılıqları barədə ərizələrinin olmamasına əsaslanaraq imtina etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, oğlu-üçüncü şəxs X7 mənzilin özəlləşdirilməsinə razılıq ərizəsi verməmişdir. «Azərbaycan Respublikasında Mənzil X1» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasında mənzil X1» Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qanunun 3-cü maddəsində mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərinin aşağıdakılardan ibarət olduğu göstərilmişdir: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 5-ci maddəsində isə təsbit edilmişdir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Beləliklə, qanunvericiliyin istinad olunan müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil X1” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi. Qanunun 5-ci maddəsi həmçinin özəlləşmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısının özəlləşmənin aparılmasına dair sözügedən qaydada razılıq vermələrini tələb edir. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil X1” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərdən olan X3 özəlləşdirmənin aparılmasına dair razılığı olmadığı üçün cavabdehin özəlləşdirməni aparmaqdan imtinası əsaslı olmuşdur. Məhkəmə iddiaçının mənzili (hüququ çatan hissəsini) digər kirayəçilərin razılığı olmadan özəlləşdirmək hüququna malik olduğuna dair dəlilini əsassız hesab edərək qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil X1» Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özəlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının sözügedən mənzili adına özəlləşdirilməsi ilə bağlı ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan oğlu - X3 razılıq ərizəsi olmadığından iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Azərbaycan Respublikasında mənzil X1» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X9 və X7) qarşı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 3A, mənzil 12-nin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar