Məhkəmə qərarları › İş №2-1(114)-2167/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2167/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2167/2022 12.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 1993-1996-cı ilə qədər müharibədə iştirak etməyini nəzərə alaraq vəsiqələrin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanovun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-1996-cı illlərdə hərbi xidməti dövründə heç bir cinayət törətməmiş, özbaşına hərbi hissəni tərk etməmişdir. Buna görə də “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı ərizə verərək, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı və vəkili məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 11/3223 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-1577 nömrəli arxiv arayışına əsasən iddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi, xx.xx.1994-cü il tarixdən sonra müalicə müəssisəsindən xidmət yerinə (166 nömrəli hərbi hissəyə) qayıtmadığına və N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat aşkar edilməməsi ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Bu səbəbdən də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022ci il tarixli, 4/3-6558 nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-1577 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyinə, habelə xx.xx.1994-cü il tarixdən sonra müalicə müəssisəsindən xidmət yerinə (166 nömrəli hərbi hissəyə) qayıtmadığına və N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-1577 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 77 №-li əmrində “Seyidli” bölüyünün şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 49 №-li əmrilə bütün növ təminatlardan çıxarılaraq haqqında cinayət işi qaldırılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli N №-li əmrilə N №-li hərbi hissənin tanka taburunun hərbi qulluqçusu İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 16 №-li əmrilə sıravi Əliyev X1 gəlmiş hesab edilərək müvafiq vəzifəyə təyin edilmiş və döyüş bölgəsində yerləşən Xaçinstroy kəndinə gəlmiş hesab edilərək aylıq məvacibi üçqat hesablanmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 49 №-li əmrilə İddiaçı döyüşdə yaralandığı üçün hərbi hospitala göndərilərək qazan təminatından çıxarılmışdır. Xidmətini davam etdirmək üçü N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 249 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 87 №-li əmrində yoxlama zamanı qeydə alınmış şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən hərbi xidmətdən ehtiyata tərxis edildiyi üçün İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 318 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir. -Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 22HP991 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N №-li hərbi hissədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixdək N №-li hərbi hissədə hərbi xidmətdə olmuş və döyüşdə yaralandığından hospitala göndərilmişdir. Bundan sonra iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N №-li hərbi hissədə hərbi xidmətini davam etdirmiş və qanuni əsaslarla ehtiyata buraxılmışdır. Lakin cavabdeh orqan onun hərbi hissəni özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən Əsasnamənin qeyd hissəsində döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərdən söhbət gedir ki, hazırki iş üzrə iddiaçının barəsində qeyd olunan cinayətlərə görə cinayət işinin olmasını, eləcə də cinayət məsuliyyətindən azad edilməsini təsdiq edən müvafiq sübutlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materialına əlavə edilmiş məktubdan da görünür ki, iddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçı hərbi xidmətdə olmaqla yanaşı, həm də qanuni əsaslarla ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar