Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2168/2021 13.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X2 və Azərbaycan Respubliasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X2 və Azərbaycan Respubliasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) qarşı 07.10.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş 17 noyabr 1998-ci il tarixli 169 saylı və 05 mart 2021-ci il tarixli 17 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 05 mart 2021-ci il tarixli 17 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, əsas fəaliyyət sahəsi heyvandarlıqdır. Həmin yer Samux rayonu Qarasaqqal massivi adlanan yerdə Mingəçevir şəhər su anbarının mühafizə zolağına aid torpaq sahəsidir. Həmin torpaq sahəsinin bir hissəsindən istifadə edərək heyvanları sulamaq üçün istifadə edirlər. Sonradan məlum olmuşdur ki, Cavabdeh həmin ərazini qanunsuz olaraq 05 mart 2021-ci il tarixli 17 saylı sərəncamı ilə X1 vermişdir. Onlar arasında müqavilə bağlanmış, lakin həmin müqavilə dövlət reyestr xidmətində qeydiyyata alınmamışdır. Bundan başqa, həmin ərazidə ağaclar və kolluqlar olmasına baxmayaraq həmin sahə qanunsuz olaraq icarəyə verilmiş, bununla bağlı Təbbi Sərvətlər Nazirliyinin razılığı alınmamışdır. Müqavilədə isə saxtakarlığa yol verilmiş, həmin ərazidə ağac və kolların olmadığı göstərilmişdir. Həmin sərəncam qanunsuz olmuş və onun həmin torpaq sahəsində heyvanların suvarılması üçün istifadə etməsini məhdudlaşdırmışdır. Bu səbəbdən həmin sərəncamın ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin sərəncamdan əvvəl 1998-ci il tarixdə qeyd edilən ərazinin üçüncü şəxsə verilməsi ilə bağlı 169 saylı sərəncam da verilmişdir. Göründüyü kimi bir əraziyə iki ədəd sərəncam verilmişdir. İkinci sərəncam verilərkən torpaq sahəsinin üçüncü şəxs X3 verilməsi zamanı komissiyanın tərkibində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsinin rəyi alınmalı olduğu halda həmin rəy alınmamışdır. Bu isə müvafiq qərar və əsasnamələrə zidd olmuşdur. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPMin 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X4 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçının icarəsinə verilən 600 ha torpaq sahəsi ilə hazırda mübahisələndirilən sənərcam əsasında verilən 200 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçı tərəfindən icarəyə verilən 200 ha torpaq sahəsinin müəyyən hissəsindən heyvanları sulamaq üçün istifadə olunur. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı ilə müqavilə mövcuddur, həmin torpaq sahəsi qış otlaq sahəsinə aiddir. X1 icarəyə verilmiş torpaq sahəsi isə dövlət su fondu torpaqlarına aiddir. Vətəndaşın hüququ olmadığı hər hansı mülkiyyət sahəsinə iddia etməsi, tələb irəli sürməsi qanunvericiliyə uyğun deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Tərəflərə və üçüncü şəxslərə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, cavabdeh və üçüncü şəxslər nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı Cavabdeh 05 mart 2021-ci il tarixli 17 saylı sərəncamının ləğv edilməsini xahiş etmiş və hazırkı iddia tələbi üzrə subyektiv hüququnu və hüquqi marağını onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi torpaq sahəsi qanunsuz olaraq üçüncü şəxsə icarəyə verilmişdir. Həmin torpaq sahəsinin üçüncü şəxsə verilməsi nəticəsində onun heyvandarlıqla məşğul olmasına maneələr yaranmış, yəni heyvanların suvarılması üçün su anbarına olan çıxışı bağlanmışdır. İş materiallarında olan Cavabdeh 06 noyabr 2017-ci il tarixli 141 saylı sərəncamından və 06.11.2017-ci il tarixli 28 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Samux rayonu “Boz Dağ” massivində yerləşən qış otlaq sahələrindən orta ot örtüyünə malik, suvarılmayan, 1220 baş tutumu olan 600 hektar örüş sahəsi ayrılaraq qoyunçuluqla məşğul olmaq üçün İddiaçı 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Cavabdeh 05 mart 2021-ci il tarixli 17 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir su anbarının uzun illər quruda qalan, Samux rayonunun inzibati ərazisinə aid olan hissəsindən 200 hektar örüş sahəsi qoyunçuluqla məşğul olmaq üçün “Heyvandarlıq” istehsal kooperativinə 15 (on beş) il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan 05.03.2021-ci il tarixli 03 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 05 mart 2021-ci il tarixli 17 saylı sərəncamına əsasən qoyunçuluqla məşğul olmaq üçün Samux rayonunun ərazisində su fondundan (Mingəçevir su anbarı) 200 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında Cavabdeh ilə “Heyvandarlıq” istehsal kooperativi arasında müqavilə bağlanmışdır. Məhkəmənin sorğusu əsasında daxil olmuş Cavabdeh 26.11.2021-ci il tarixli 1439 nömrəli məktubu ilə Cavabdeh 05 mart 2021-ci il tarixli 17 saylı sərəncamı və Cavabdeh 06 noyabr 2017-ci il tarixli 141 saylı sərəncamı üzrə icarəyə verilmiş torpaq sahələrinin yerləşməsinə dair döngə nöqtələrinin koordinatları və ərazisinin sxematik planından məlum olur ki, yuxarıda qeyd edilən torpaq sahələrinin döngə nöqtələrinin koordinatları heç bir halda üst-üstə düşmür. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq müəyyən etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən sərəncam üzrə icarəyə verilən 200 ha torpaq sahəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür və iddiaçı əvvəllər torpaq sahəsindən heyvanların suvarılması üçün istifadə etdiyini bildirsə də, həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsinə dair heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olması öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçının inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması ilə bağlı şərt yoxlanılmadan müddətin tətbiqi mahiyyət etibarı ilə iddia tələbi ilə bağlı iddiaçının subyektiv hüququnun mövcudluğunu qəbul etməklə, inzibati orqanın qərarının, hərəkət və ya hərəkətsizliyinin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu deməyə əsas verdiyindən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olmaması nəzərə alınaraq iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılmasına zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia ərizəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2168/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2168/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver