Məhkəmə qərarları › İş №2-1(114)-217/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-217/2021

29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-217/2021 29.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4rşı «mənzilin özəlləşdirilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1994cü ildə Müdafiə Nazirliyinin nəzdindəki Gəncə Mənzil İstismar Hissəsinin 103 nömrəli orderi ilə ona verilmiş iki otaqdan ibarət ünvan 4 mənzil 10-11 üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildə Azərbaycan Politexnik İnstitutunun «Mexanika» fakültəsinin əyani şöbəsini bitirmişdir. İnstitutda oxuyan zaman üç illik hərbi kafedranı bitirdikdən sonra hərbidən dövlət imtahanı verərək leytenant rütbəsi almışdır. 1993-cü ilin aprel ayında Müdafiə Nazirliyinin Gəncə şəhəri Nizami rayon hərbi komissarlığından zabit kimi hərbi xidmətə çağırılmış və 2008-ci ilin iyul ayına kimi qüsursuz Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi hissələrində, əsasən də döyüş bölgələrində tağım komandiri, divizyon komandiri və artileriya rəisi vəzifələrində xidmət etmişdir. Döyüşlərdə iştirak etdiyi üçün müharibə veteranıdır. «Qüsursuz xidmətə görə» üçüncü dərəcəli medal almışdır. 2008-ci ilin iyul ayında, ümumi xidmət ili 43 il olmaqla, xidmət müddəti başa çatdığına görə polkovnik-leytenant rütbəsində ordu sıralarından ehtiyata buraxılmışdır. 1994-cü ilin avqust ayının 03-də Müdafiə Nazirliyinin nəzdində olan Gəncə Mənzil İstismar Hissəsinin 103 nömrəli orderi ilə ona iki otaqdan ibarət ünvan 4 mənzil 10-11 verilmişdir. 1994-cü ildən hal-hazıra kimi ailə üzvlərilə birlikdə həmin mənzildə yaşayır və kommunal xərcləri ödəyir. Həmin ev 26 ildir ki, onun istifadəsindədir. Cavabdehə müraciət edərək qeyd olunan mənzilin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsini xahiş etsədə, cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Odur ki, cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı «iddianın dəyişdirilməsinə dair» ərizə təqdim edərək, ünvan 1, mənzil 10-11 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, mənzil fondunun özəlləşdirilməsinin ümumi qaydaları, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanunu ilə tənzimlənir. Həmin Qanununun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. ünvan 1 ünvanında yerləşən 10-11 nömrəli mənzil qapalı hərbi şəhərciyin evlərinə aid olduğu və xidməti mənzil olduğu üçün həmin mənzilin özəlləşdirilməsi qanunauyğun hesab edilmir. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.1994-cü il tarixli 103 nömrəli order, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 212100 nömrəli arayış, Gəncə rayon Mənzil-İstismar Hissəsinin 2 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 108 nömrəli arayış, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********29 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4440 nömrəli, xx.xx.2020ci il tarixli 4579 nömrəli məktublar, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 11/5763 nömrəli, xx.xx.2021-ci il tarixli 11/292 nömrəli məktublar və cavabdehin xx.xx.2020-ci il tarixli **********33 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Göründüyü kimi iddia tələbi ünvan 1 ünvanında yerləşən 10-11 saylı mənzilin özəlləşdirilməsindən ibarətdir. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 10-11 saylı mənzil Gəncə rayon Mənzil-İstismar hissəsinin xx.xx.1994-cü il tarixli 103 nömrəli orderi ilə iddiaçının və üç nəfərdən ibarət ailə üzvlərinin adına verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********29 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 10-11 saylı mənzilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus xidməti mənzil olduğu müəyyən edildiyindən və həmin mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fonduna aid olduğu üçün özəlləşdirilməsi qanunauyğun hesab edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4440 nömrəli məktubda göstərilmişdir ki, Müdafiə Nazirliyinin mənzil fonduna məxsus olan ünvan 3 mənzil 10,11 ünvanında yerləşən yaşayış sahəsi daimi mənzildir və xx.xx.2020-ci il tarixli 4579 nömrəli məktubunda isə Müdafiə Nazirliyinin mənzil fonduna məxsus olan ünvan 3 mənzil 10,11 ünvanında yerləşən yaşayış sahəsi xidməti mənzil deyildir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. «Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 2.0.5-ci bəndində görə dövlət əmlakın, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək xidmətin əsas fəaliyyət istiqamətlərindəndir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notarial qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tululmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 4 mənzil 10-11 ünvanda yerləşən (otaqların sayı 2 (iki), yaşayış sahəsi 37.9 kv.m olan) mənzilin özəlləşdirilməsi və həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin:- -68.1 və 68.2-ci maddələrinəəsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinəəsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinəəsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 4 mənzil 10-11 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi və həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar