Məhkəmə qərarları › İş №2-1(114)-217/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-217/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-217/2022 31.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər 18 saylı filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz Rayon Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və cavabdehin üzərinə 08.09.1975-ci ildən 31.12.1979-cu il tarixə kimi Azər-Avtonəqliyyat ASC-də, 2713 saylı Avtomobil dəstəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08.09.1975-ci il tarixdən 31.12.1979-cu il tarixə kimi Azər-Avtonəqliyyat ASC-də Avtomobil dəstəsində işləmişdir. Onunla eyni tarixlərdə, 1975-1980-ci illərdə işləmiş şəxlər hal-hazırda da fəaliyyət göstərən həmin qurumdan aldıqları sənəd nəticəsində həmin iş illərini sosial sığorta stajına hesablanmasına nail olsa da, o buna nail ola bilməmişdir. Belə ki, 08.09.1975-ci ildən 31.12.19779-cu il tarixə kimi, 2713 saylı Avtomobil dəstəsində işləməyi Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən qeydə alınmamışdır. Bununla bağlı verilmiş sorğuya Azər-Avtonəqliyyat tərəfindən cavab verilmişdir ki, 2713 saylı Avtomobil dəstəsi 1980-1990-cı illər arasında 3 müəssisəyə bölünmüş və iddiaçının hansında çalışdığı onlara məlum deyildir. Bununla bağlı X4 fililına verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı 1975-1980-ci illərdə 2713 nömrəli Avtokalonda işləməsi və aldığı əmək haqqı barədə sənədlər X5 fililına təhvil verilməmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə inzibati orqana müraciət etmiş, sonuncu isə 07.07.2021-ci il tarixli **********5 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının mimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının əmək kitabçasında qeyd olunmuş 08.09.1975-ci il tarixdən 14.02.1995-ci il tarixədək Azər Avtonəqliyyat ASC-də işlədiyi dövr iş stajı və əmək haqqı cədvəllərinin yoxlanılması ilə əlaqədar göstərilən müəssisədə yoxlama aparılmış, 08.09.1975-31.12.1979-cu illərin əmək haqqı cədvəlləri və əmrlər kitabı olmadığından həmin dövrün yoxlanılması mümkün olmamışdır. Beləliklə iddiaçının ümumilikdə 20 il 11 ay sığorta stajı var. Tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İddiaçı 02.12.2021-ci il tarixdə yeniləniş iddia ərizəsi göndərərək cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər 18 saylı filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin 07.12.2021-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər 18 saylı filialı ilə əvəz edilmişdir. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək “08.09.1975-ci il tarixdən 31.12.1979-cu ilə qədər olan iş stajının sosial sığorta stajına daxil edilərək ona 18.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 31.01.2022-ci il tarixli məhkəmə iclasının protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı 25.11.2021-ci il tarixli **********8 nömrəli etiraz təqdim etmiş, etirazında imtinada qeyd olunan əsasları təkrarlayaraq əlavə olaraq bildirmişdir ki, İddiaçı 18.01.2019-cu il tarixdə pensiya hüququ yaranmış, 16.06.2021-ci il tarixdə Fondun 18 saylı regional ərazi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsaslanaraq vətəndaşın tələb olunan 25 il sosial sığorta stajına qarşı 20 il 11 ay sosial sığorta stajı olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İnzibati araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən əmək kitabçasında qeyd edilən 08.09.1975-ci il tarixdən 14.02.1995-cı il tarixədək Q.Ş.X1 ASC-də işlədiyi dövrdə iş stajının və əmək haqqı cədvəllərinin yoxlanılması ilə əlaqədar göstərilən müəssisədə yoxlama aparılmış 08.09.1975-31.12.1979-cu illərin əmək haqqı cədvəlləri və əmrlər kitabı olmadığından həmin dövrün yoxlanılması mümkün olmamışdır. İnzibati orqan akta əsaslanaraq 08.09.1975-ci il tarixdən 31,12.1979-cu il tarixədək olan dövrləri sosial sığorta stajı kimi nəzərə almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsindən də aydındır ki, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: 1.İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən vətəndaş 64 yaşına 18.01.2019-cu il də çatdığı üçün pensiya təyin edilməsi üçün minumum yaş tələbini qarşılamışdır. 2.İddiaçının pensiya hüququ yaransa belə, 25 illik sosial sığorta stajı tələbini ödənmədikdə vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, iddiaçının nəzərə alınan işlədiyi illəri və hərbi xidmət illəri sosial sığorta stajı kimi nəzər alındıqda iddiaçının cəmi 20 iİ 11 ay sosial sığorta stajı yaranır. İddiaçının təqdim etdiyi diploma əsasən, təhsil aldığı illər əmək kitabçasında qeyd edilən işlədiyi dövrlərlə üst-üstə düşdüyü üçün təhsil illəri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən vətəndaşın sosial sığorta stajına hesablanmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 07.07.2021-ci il tarixli **********5 nömrəli məktubu, 15.09.1971-cı il tarixində tərtib edilmiş əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, iddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin təsdiqlənmiş kserosurəti, 14.06.2021-ci il tarixli, 19 nömrəli əmək haqqı cədvəli, cavabdehin 25.11.2021-ci il tarixli **********8 nömrəli etiraz, X4 filialının 14.09.2021-ci il tarixli, 1006(286)/3 nömrəli nömrəli arxiv arayışının kserosurəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.01.1993-cü il tarixdən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 1- 2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının Azər Avtonəqliyyat ASC-də işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 08.09.1975-31.12.1979-cu illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də həmin dövrə aid əmək haqqı cədvəllərinin və əmrlər kitabının olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir və sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdehin həmin dövlər bağlı etirazının əsas dəlili ondan ibarətdir ki 08.09.1975ci il tarixdən 14.02.1995-cı il tarixədək Q.Ş.X1 ASC-də işlədiyi dövrdə iş stajının və əmək haqqı cədvəllərinin yoxlanılması ilə əlaqədar göstərilən müəssisədə yoxlama aparılmış 08.09.1975-31.12.1979-cu illərin əmək haqqı cədvəlləri və əmrlər kitabı olmadığından həmin dövrün yoxlanılması mümkün olmamışdır, buna görə də həmin müddət sosial sığorta stajına daxil edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə ki, məlum olduğu kimi 01.01. 2006-cı il tarixədək hər hansı bir şəxsin hər hansı bir müəssisədə işləməsini təsdiq edən rəsmi sənəd əmək kitabçası sayılırdı ki, hazırki işdə iddiaçının əmək kitabçası var və orada iddiaçının harada və nə vaxtdan nə vaxta qədər işləməsinə dair yazılar mövcuddur ki, həmin yazıların (qeydlərin) mötəbər olmamasına dair konkret sübutlar işdə yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin yuxarıda göstərilmiş normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, cavabdeh iddiaçıya məxsus əmək kitabçasında göstərilən 08.09.1975-ci il tarixdən 31.12.1979-cu ilə qədər əmək fəaliyyətini şübhə altına aldığı üçün buna dair sübutlar verməlidir. Beləliklə, iddiaçının pensiya üçün nəzərdə tutulan minimum yaş tələbini 18.01.2019-cu ildə 64 yaşına çatdığı üçün qarşılayır və yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunan qanunvericilik normasına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının pensiya hüququ 18.01.2019-cu il tarixindən yarandığından ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 08.09.1975-ci il tarixdən 31.12.1979-cu ilə qədər Azər –Avtonəqliyyat ASC-də, 2713 saylı Avtomobil dəstəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona 18.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar