Məhkəmə qərarları › İş №2-1(114)-217/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-217/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-217/2023 25.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X5 vəkili X1 iştirakı ilə, İddiaçı X5 Cavabdehnə qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X8 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində aparılmış xx.xx.2015-ci il tarixli, 350 nömrəli doğum qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X10 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olsa da doğum haqqında şəhadətnamədə doğum yeri Gəncə şəhəri göstərilmişdir. Doğum qeydinin ləğv edilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli Vİİ-MİO 583312 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. -surəti işə əlavə edilmiş Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli 350 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X9 xx.xx.2014-cü ildə Gəncə şəhərində anadan olması, uşağın doğumunu təsdiq edən sənəd qismində X4 xx.xx.2015-ci il tarixli **********33 nömrəli arayışı qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş X4 baş həkimi Rəna Bağırova tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, ASZ-103 nömrəli doğum haqqında tibbi şəhadətnamədən görünür ki, X9 xx.xx.2014-cü ildə anadan olması qeyd edilmiş, lakin doğum yeri qeyd edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının övladı X3 Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Qeyd olunan faktı Rusiya Federasiyasının Moskva şəhər VVAQ idarəsinin Dmitrovskiy VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Vİİ-MİO 583312 nömrəli doğum haqqında şəhadətnamə də təsdiq edir. Sonradan iddiaçıya Azərbaycan Respublikasında doğum haqqında akt qeydi açılmış, nəticə etibarı ilə iddiaçının övladının 2 fərqli doğum haqqında akt qeydi olmuş və hər iki qeyddə doğum yeri fərqli göstərilmişdir. Bu hal isə iddiaçının övladı üçün müəyyən çəinliklərə səbəb olur. Bu səbəbdən iddiaçı Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydini mübahisələndirmişdir. Məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydində yaranmış ziddiyətin aradan qaldırıması səbəbilə iddiaçının övladının doğumuna dair sonradan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydinin ləğv edilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.1-ci bəndində qeyd olunmuşdur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -23-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -26-cı bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. -28-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli 350 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimassələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 barəsində Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli 350 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar