Məhkəmə qərarları › İş №2-1(114)-2170/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2170/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2170/2023 01.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixdə 089596 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.

2. İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyi qiymətləndirilmiş, “sağ budun qəlpə yaralanmasından, sağ qasıq nahiyyəsinin yad cisim çıxarılmasından sonrakı vəziyyət, sağ oturaq sinirinin zədələməsi-postravmatik neyropatiyası, sağ aşağı ətrafın əzələ atrofiyası, tranzitor serebral işemik həmlələr və onunla bağlı vestibulo-ataktik sindrom, Oturaq sinirinin zədələnməsi-oturaq sinirin sağtərəfli postravmatik neyropatiyası, vestibulo-ataktik sindrom tez-tez baş verən lipotimik vəziyyət, astenik pozulmalarla, boyun osteoxondrozu əzələ tonik sindromla, beyinin xroniki işemiyası, vestibulyar ataksik sindrom, tez-tez astenik sindrom, lipotimik vəziyyət, gərginlik stenokardiyası İİİ fs, Asteno-nevrotik sindorm tez-tez baş verən panik atakalarnan, qan dövranı çatmamazlığı İİ dərəcə, Asteno-nevrotik sindorm, sağ budun kor qəlpə yaralanmasından sağ qasıq nahiyyəsinin yad cisminin çıxarılmasından sonrakı vəziyyət, şəkərli diabet İİ tip, hər iki aşağı ətrafın ağır diabetik angiopatiya va neyropatiya, ətrafların qan dövranın pozğunluğu, hipertoniya xəstəliyi İİBm. Krizli gediş, krizlər İİ tip. ÜİX, gərginlik stenokardiyası İİİ fs.Aorta va tac damarların aterosklerozu, Aorta və tac damarların aterosklerozu, Sağ bud-çanaq oynağının postravmtik artrozu” diaqnozu qoyulmuş və əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlilliyin müəyyən olunmasından imtina olunmuşdur.

3. İddiaçı xx.xx.2022-ci il tarixdə əlilliyi yenidən qiymətləndirilmiş, “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ budun qəlpə yaralanmasından, sağ qasıq nahiyəsinin yad cisim çıxarılmasından sonrakı vəziyyət, sağ oturaq sinirinin zədələnməsi-postravmatik neyropatiyası” diaqnozu qoyulmuş və diaqnozun əllillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin müəyyən olunmasından imtina olunmuşdur.

4. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona ikinci qrup əlillik təyinatına görə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü ildə könüllü batalyonda olmuş, Füzulidə gedən döyüşlərdə yaralanmış, sağ bud nahiyəsindən kor qəlpə yarası almışdır. O, TSEK müayinəsindən keçmiş və onun əlilliyi müəyyən edilmiş, pensiya təyin edilmişdir. O, əmək qabiliyyətini tamamilə itirmişdir, yeganə gəlir mənbəyi pensiya olmuşdur. xx.xx.2022-ci ildə cavabdeh tərəfindən əssasız olaraq əlilliyi ləğv edilmişdir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

7. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023cü il tarixdə sərəncam göndərilərək, əlilliyin müəyyən edilməsi sahəsində səlahiyyətli orqanın Tibbi-Sosial Ekspert Komissiyası deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi olduğu bildirilərək, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini qeyd edilməklə, dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuş və bununla əlaqədar qeyd edilən xətaların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, eyni zamanda xətaların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

10. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 089596 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə onun əlilliyi qiymətləndirilmiş, lakin əlilliyin təyin edilməsindən imtina olunmuşdur. İddiaçı ona ikinci qrup əlillik təyinatına görə əlilliyin təyin edilməsi üçün hazırki iddianı qaldırmışdır.

11. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 7-ci bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.

12. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

13. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar