Məhkəmə qərarları › İş №2-1(114)-2171/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2171/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2171/2025 17.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Kəlbəcər Rayon Polis Şöbəsinə qarşı pasport qeydiyyatına alınma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı onların Kəlbəcər şəhəri, Aşıq Alı küçəsində yerləşən evə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı1 xx.xx.2014-cü il tarixdə AA 380155 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-7790/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Komissiyanın üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qərarı icra edilərək İddiaçı2 xx.xx.2025-ci il tarixdə AA 517339 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir.

3. İddiaçı1, İddiaçı2 və İddiaçı3 hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar.

4. İddiaçı3 və digərlərinin Kəlbəcər şəhəri, Aşıq Alı küçəsində yerləşən evə pasport qeydiyyatına alınması barədə Cavabdehnə müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-13-85/2-S-110xx/xx/2024 nömrəli imtina məktubu göndərilərək bildirilmişdir ki, yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan məhdudiyyət aradan qaldırıldıqda göstərilən məsələ üzrə vəsatətlərə baxılacaqdır. II. Məhkəmədə icraat

5. İddiaçılar İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı2, yetkinlik yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1952-ci il təvəllüdlü İddiaçı3 Kəlbəcər şəhəri, Aşıq Alı küçəsində yerləşən evlərinə və mülklərinə daimi pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayonunda anadan olmuşlar, əvvəlcə Sülh küçəsində daha sonra isə həmin küçənin adı dəyişilərək Aşıq Alı küçəsi olmuşdur. Həmin ünvanda həyat yoldaşı X6, oğlu İddiaçı1, qızı X1 rayonu işğal olunana qədər həmin ünvanda yaşamışlar. 1993-cü ilin sonlarında məcburi köçkün kimi bütün ailəsi Binəqədi rayonunda köçkün kimi qeydə alınmış, oğlunun və qızının 16 yaşı tamam olduqda isə onlarda məcburi köçkün kimi məcburi köçkün vəsiqəsi ilə təmin olunmuşdur. Həyat yoldaşı X2 kimi 2022-ci ilin 11 aprel tarixinədək (vəfatına qədər) köçkün kimi qeydiyyatda olmaqla çörək pulu almış, heç vaxt Kəlbəcər şəhərindən qeydiyyatdan çıxmamışdır. O, özü İddiaçı3 1972-ci il tarixdən Kəlbəcər şəhərində öz evində və mülkündə yaşamışdır və qeydiyyatda olmuşdur (əvvəlcə Sülh küçəsi, daha sonra Aşıq Alı küçəsi ünvanında). Oğlu 1982 il təvəllüdlü İddiaçı1 orta məktəbi 7-ci sinifə qədər Kəlbəcər şəhərində oxumuş, 11 yaşında o da digər ailə üzvləri kimi Kəlbəcər rayonunu 1993-cü ildə tərk etmişdir. 18 yaşından etibarən məcburi köçkün vəsiqəsi ilə təmin edilmiş, hal-hazırda Binəqədi rayonunda məcburi köçkün kimi qeydiyyatdadır. Gəlini Əlizadə (Məmmədova) Şəhla Habil qızı oğluyla rəsmi nikahda olsa da bu günə qədər məcburi köçkün kimi Ağdam şəhərində daimi qeydiyyatda olsa da məcburi köçkün kimi Yasamal rayonunda köçkün kimi qeydiyyatdadır. Qeyd etmək istəyir ki, məcburi köçkün düşdükdən sonra hər hansı bir yaşayış üçün yararlı yaşayış (mənzil və ya əmlak) evi əldə etməmişlər, dövlətləri tərəfindən nə oğlu Əli, nə özü nə də ki gəlini Şəhla evlə təmin olunmamışlar. Hazırda yaşadıqları ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 34 kv m olan fərdi evi isə 1975-ci ildə alqı-satqı yolu ilə əldə etmiş, həmin evi 2022-ci ildə bağışlama qaydasında oğlu İddiaçı1 bağışlamışdır.Oğlu Əlinin bağışlanma qaydasında fərdi ev və torpaq sahəsi əldə etməsi hesab edirlər ki məcburi köçkünlüklərini məhdudlaşdırmır. Komitə ailələlərinin bütün üzvlərini hal-hazıra kimi köçkün kimi qeydə alsa da Kəlbəcər Polis şöbəsi onları ata baba yurdlarına qeydiyyata almaqdan əssasız imtina edir. 2024-cü ildə nəvəsi İddiaçı2 ali məktəbə ödənişli əsasla qəbul olunduğu səbəbindən məcburi köçkün vəsiqəsi alması üçün Komitəyə atası və anası tərəfindən müraciət olunmuş, lakin müsbət cavab verilməmiş, əlavə sənədlər tələb edilmişdir. Tələb olunan sənədlər toplanarkən məlum olmuşdur ki, o, özü Kəlbəcər rayon Polis İdarəsindən daimi qeydiyyatdan 2013-cü ildən çıxarılmışdır, lakin hərbi qeydiyyatda Kəlbəcər Hərbi Komissarlığında, köçkün kimi isə hazırda Binəqədi rayon sektorunda qeydiyyatdadır. Oğlu Əli isə məcburi köçkün kimi Binəqədi rayonunda qeydiyyatda olsa da, onun şəxsiyyət vəsiqəsində daimi qeydiyyat onun ona bağışladığı ünvandır. Bütün göstərilən məsələlərlə bağlı daimi öz ata-baba yurduna evinə və Aşıq Alı küçəsindəki mülkü olan ünvanına qeydiyyata düşməyi üçün xx.xx.2024-cü il tarixdə Cavabdehnə müraciət etsələr də xx.xx.2024-cü il tarixdə onlara işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınmanın müvəqqəti məhdudlaşdırılması bildirilmişdir. Qeyd etmək istəyir ki, onların ailələri daimi Kəlbəcər şəhərində qeydiyyatda olmuş və bir sıra mülklərə sahibdirlər. Qeydiyyata alınmamaqları bir sıra Konstitusion və digər hüquqlarının pozulmasına səbəb olmuşdur. Hesab edir ki, onlar digər köçkün olmayan rayon sakini deyillər və yeni qeydiyyat tələb etmirlər, sadəcə olaraq texniki uyğunsuzluğu aradan qaldırmaq, qeydiyyat sənədlərini tam qaydaya salmaq və mülklərinə gələcəkdə sahib çıxmaqdır.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı2 hazırkı iş üzrə birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və məhkəmə iclasında qanuni nümayəndəsi olan İddiaçı1 ilə təmsil olunması qərara alınmışdır. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

9. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar və iddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. Cavabdeh yerləşdiyi Göygöl şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. Məhkəmə iclasına iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir.

17. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. İddiaçı1 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2014-cü il tarixli AA 380155 nömrəli məcburi köçkün vəsiqəsi; - Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-7790/2025 nömrəli qərarı; - xx.xx.2025-ci il tarixli AA 517339 nömrəli məcburi köçkün vəsiqəsi; - Şəxsiyyət vəsiqələri; - Cavabdehnə müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-13-85/2-S- 110xx/xx/2024 nömrəli imtina məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və rədd edilməlidir.

22. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar və faktiki olaraq da həmin ünvanda yaşayırlar. Onlar ailəlikcə məcburi köçkün düşdükləri Kəlbbəcər rayonuna qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər.

23. Cavabdeh orqan da imtinasının əsası kimi yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınmasının müvəqqəti məhdudlaşdırılmasına istinad etmişdir.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Maddə 4. Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər.

25. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələbləri əks etdirən 3-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir və Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

26. Göründüyü kimi, qanunvericilikdə şəxslərin qeydiyyata alınmasının müvəqqəti məhdudlaşdırıla biləcəyi təsbit olunduğundan cavabdehin bu əsasla iddiaçıların Kəlbəcər rayonuna qeydiyyata almaqdan imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır. Cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

27. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar