Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2172/2023 06.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Tərtər rayon Mamırlı bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2023cü il tarixli, 02 nömrəli iclas qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Tərtər rayonu, Mamırlı kəndində yerləşən **********32 reyestr nömrəli 0,08 ha həyətyanı torpaq sahəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, (1 sot) torpaq sahəsinin normativ qiyməti 160,14 manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Tərtər rayon Mamırlı bələdiyyəsinə (bundan sonra mətndə - cavabdeh) daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair Arayışa əsasən Tərtər rayonu, Mamırlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 2.600,00 manat təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 02 nömrəli protokol-qərarı ilə Bələdiyyənin alqısatqı predmeti olan, yaşayış məntəqəsi torpağı kateqoriyalı, Daşınmaz əmlakın reyestr nömrəsi **********32 və qeydiyyat nömrəsi ********** saylı çıxarışda olan 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyə ərazisində 5 il müddətindən az olmamaqla daimi yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşa (ərizəçiyə) X4 bilavasitə satılması və torpağın satış qiyməti 1280,0 (bir min iki yüz səksən) manat müəyyən edilməsi qərara alınmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli, 13-61 nömrəli məktubu ilə cavabdehə 1) məktubun 5 iş günündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılmaqla, qanunvericiliyin göstərilən tələbləri nəzərə alınması; 2) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Mamırlı Bələdiyyəsinin mülkiyyətinə aid 0.08 ha torpaq sahəsinə dair 03/21400 nömrəli qiymətləndirmə arayışında qeyd edilən 2600 manat məbləğin ödənilməmiş 1320 manat hissəsinin bələdiyyə büdcəsinə ödənilməsi təmin edilməsi; 3) qeyd edilən məbləğ bələdiyyə büdcəsinə ödənilmədikdə Mamırlı Bələdiyyəsinin 0.08 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi; 4) qəbul edilmiş qərarın və aidiyyəti sənədlərin bir nüsxəsi 5 iş günündən gec olmayaraq iddiaçıya təqdim olunması təklif edilmişdir. İddiaçı cavabdeh Tərtər rayon Mamırlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023-cü il tarixli məktubun təmin olunması, cavabdehin xx.xx.2023-cü il tarixli, 02 nömrəli iclas qərarının ləğv edilməsi”ni xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək məhkəmədən “cavabdehin xx.xx.2023-cü il tarixli, 02 nömrəli iclas qərarının ləğv edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli 02 nömrəli iclas qərarına inzibati nəzarət qaydasında baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətinə aid 0.08 ha torpaq sahəsinin həyətyanı məqsədilə bilavasitə satılmasına dair qərar qəbul edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli 02 nömrəli qərar qəbul edilərkən torpaq sahəsinin bazar qiyməti nəzərə alınmamış, sözügedən 0.08 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən bələdiyyəyə təqdim edilmiş arayışda qeyd edilən məbləğin tam olaraq bələdiyyə büdcəsinə ödətdirilməsi təmin edilməmişdir. Mamırlı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 02 nömrəli iclas qərarı ilə bağlı 03/21400 nömrəli qiymətləndirmə arayışında qeyd edilən 2600 manat məbləğin ödənilməmiş 1320 manat hissəsinin bələdiyyə büdcəsinə ödənilməsi, ödənimədikdə isə Mamırlı Bələdiyyəsinin 0.08 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2023-cü il tarixli 02 nömrəli iclas qərarının ləğv edilməsinə dair İdarə tərəfindən bələdiyyyə xx.xx.2023- cü il tarixli 13-61 nömrəli təklif məktubu göndərilmişdir. Lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində sözügedən təklif məktubunun müzakirəsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Tərtər rayonu Mamırlı bələdiyyəsinin sədri X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 4 ildir bələdiyyə sədri vəzifəsində işləyir, bu müddət ərzində ancaq 2 dəfə torpaq sahəsi satmışdır. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi 30 ildən çox idi ki, zəbt olunmuşdu. İddiaçının müraciəti bələdiyyə üzvləri ilə müzakirə edilmiş, ancaq sonda nə qərar qəbul edilmiş, nə də bu halı protokollaşdırmışlar. Bələdiyyə olaraq torpağı dəyərində - normativ qiymətinə satmışlar. Plan və ölçü sənədinin arxa üzündə də torpaq sahəsinin normativ qiyməti göstərilmişdir. Həmin hesabla bir sotun qiyməti 160,14 manat olmaqla 0,08 ha torpaq sahəsini 1.280 manata üçüncü şəxsə satılmışdır. Üçüncü şəxs yaşlı, qoca adamdır, 80-dən çox yaşı var. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, iddiaya dair münasibətini bildirməmişdir. Üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Hazırkı iddia İnzibati Prosessual Məcəllənin 2.2.8-ci maddəsində nəzərdə tutulan inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddia növündən gedir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun preambulasında müəyyən olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Buna görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi fəaliyyətinin tərkib hissələrindən biri də müvafiq əsaslar mövcud olduqda məhkəməyə müraciət edilməsi imkanıdır. Sözügedən Qanunda həmçinin məhkəməyə müraciət edilməsinin şərtləri və qaydası da tənzimlənmişdir. İddia qaldırmaq üçün inzibati nəzarət orqanı həmin şərtlərə və qaydalara riayət etməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsində aşkar şəkildə təsbit olunmuşdur ki, inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Beləliklə, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun bələdiyyə qərarının ləğvi ilə bağlı məhkəmədə qaldırılacaq iddiaya iddia müddətlərinin şamil edildiyini təsbit edir. Bu müddət hazırkı iddia üzrə bələdiyyə qərarının ləğvi ilə bağlı inzibati nəzarət orqanının etdiyi təklifin bələdiyyə tərəfindən təmin edilməməsi barədə qəbul edilmiş bələdiyyə qərarının inzibati nəzarət orqanına təqdim olunduğu gündən hesablanmağa başlanan müddət 15 iş günüdür. Hazırkı işin hallarından müəyyən olunur ki, inzibati nəzarət orqanının 15 fevral 2023cü il tarixli məktubla etdiyi bələdiyyə qərarının ləğvinə dair təklif cavabdehə göndərilmiş, lakin həmin müraciətə baxılmamışdır. İş materiallarından görünür ki, X5 tərəfindən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə poçta təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə daxil olmuşdur. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 02 nömrəli iclas qərarı ilə 0,08 ha torpaq sahəsi 1.280 manat dəyərində üçüncü şəxsə satılmışdır. Hazırda iddiaçı həmin torpağın satış qiymətini mübahisələndirərək cavabdehin qərarını mübahisələndirir. İddiaçının dəlili torpaq sahəsinin qiyməti ilə bağlıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun -3.0.3-cü maddəsinə əsasən torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi bələdiyyə torpaqlarının idarə edilməsi prinsipidir -9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.3-cü maddəsində qeyd olunur ki, Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 10.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə əsasən Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir (18-ci bənd). Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir (21-ci bənd). Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 96-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyənləşdirilir. Torpağın bazar qiyməti isə torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. Mübahisələndirilən qərarı nəzərdən keçirərkən müəyyən olunur ki, qərarda qeyd olunan torpaq sahəsinin dəyəri həm bazar qiymətindən, həm də normativ qiymətdən aşağıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin bazar qiyməti 2.600 manat qiymətləndirilmişdir. Digər tərəfdən, normativ qiymətə gəldikdə isə, hər sotun qiyməti 160,14 manat olmaqla (0,08 ha =8 sot x 160,14 manat) 1.281,12 manat müəyyən olunur. Göründüyü kimi, cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla, torpağın dəyəri aşağı qiymətə satılmışdır. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Tərtər rayon Mamırlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli iclas qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2172/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2172/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver