Məhkəmə qərarları › İş №2-1(114)-2172/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2172/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2172/2025 08.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamila Məhərrəm qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun qismən etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh X1 Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair verilmiş çıxarış və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə bildirişindən görünür ki, həmin bildiriş İddiaçı göndərilmiş, iş üzrə məhkəmə iclasının xx.xx.2025-ci il tarixə, saat 15:15-ə təyin edildiyi qeyd edilmiş, göstərilən tarixdə məhkəmə iclasında iştirak etməsi tələb olunmuş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 55.3-cü maddəsinə görə, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. 81.1-ci maddəsinə görə, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarına əsasən, -İPM-in 55.5-ci maddəsinin müddəalarına görə, məhkəmə icraata xitam verilməsi haqqında qərardadın qəbul edilməsindən öncə iddianın geri götürülmüş sayılması barədə qənaətə gəlməlidir. Bu İPM-in 55.3-cü maddəsinin məzmununa görə qərardadla rəsmiləşdirilməlidir. -İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). -İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). -İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. -Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. -Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. -Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. -İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir. Məhkəmə iş üzrə icraat materiallarını nəzərdən keçirib hesab edir ki, iddia geri götürülmüş sayılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edilmiş, X1 Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair verilmiş çıxarış və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər göndərilmiş, lakin iddiaçı iclasda iştirak etməmişdir. Sonuncu dəfə iddiaçıya xx.xx.2025-ci il tarixli bildiriş göndərilmiş, iclasda iştirakının zəruruliyi qeyd olunmuşdur. Lakin iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, iddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. İddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi deməkdir. Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının məhkəmə iclasında iştirak etməsi tələb edilməsinə, eyni zamanda məhkəmənin tələbinin yerinə yetirilməməsinin hüquqi nəticələrinin izah edilməsinə baxmayaq iddiaçı tərəfindən məhkəmənin tələbi yerinə yetirilməmişdir. İddiaçının icraatdan yayınmasında ifadə olunan bu davranışına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı iş üzrə icraatın davam etdirilməsinə marağı itmişdir. Ona görə də iddia geri götürülmüş sayılmalıdır. Belə olduqda, iddianın geri götürülmüş sayılması İPM-in 55.3-cü və 55.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi ilə nəticələnməlidir. İPM-in 55.4-cü maddəsində iddiadan imtina edilməsinin hüquqi nəticələri (iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir) göstərilsə də, iddianın geri götürülmüş sayılmasının hüquqi nəticələri göstərilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia geri götürülmüş sayılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, inzibati iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçıya izah edilir ki, iddianın geri götürülüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 81.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia geri götürülmüş sayılsın. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar