Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2173/2021 21.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı pensiyanın təyin olunması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə 12.10.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 16.09.1971-ci il tarixdən 06.05.1974-cü il tarixədək, 28.05.1978-ci il tarixdən 01.10.1979-cu il tarixədək, 1980-1982-ci illərdən, 1990-1993-cü illərdə Şəmkir rayonu keçmiş “Klara Setkin” adına sovxozda fəhlə vəzifəsində, 01.11.1979-cu il tarixdən 11.02.1980-ci il tarixədək Şəmkir kolxozlararası Tikinti İdarəsində fəhlə vəzifəsində, 26.02.1980-ci il tarixdən 13.09.1980-ci il tarixədək Sumexanizasiya İdarəsində fəhlə vəzifəsində və 2 il 9 ay Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində fəhlə vəzifəsində işlədiyi müddətlərin onun iş stajına hesablnması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü ildə Şəmkir şəhərində anadan olmuş, 16.09.1971-ci il tarixdən 06.05.1974-cü il tarixədək Şəmkir rayonu keçmiş “Klara Setkin” adına sovxozda fəhlə işləmiş, 02.06.1974-cü il tarixdən 14.05.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, 28.05.1978-ci il tarixdən 01.10.1979-cu il tarixədək Şəmkir rayonu keçmiş “Klara Setkin” adına sovxozda fəhlə, 01.11.1979-cu il tarixdən 11.02.1980-ci il tarixədək Şəmkir kolxozlararası Tikinti İdarəsində fəhlə, 26.02.1980-ci il tarixdən 13.09.1980-ci il tarixədək Sumexanizasiya İdarəsində fəhlə, 1980-1982-ci illərdən, 1990-1993-cü illərdə Şəmkir rayonu keçmiş “Klara Setkin” adına sovxozda fəhlə işləmişdir. 29.08.2015-ci il tarixdən Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir, orada fəhlə vəzifəsinə qəbul edilmişdir və onun adına ümumilikdə 2 il 9 ay olmaqla əmək haqqı hesablanmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək ona yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona 2019-cu ildən pensiya təyin edilmişdir, lakin 2017-ci ildən təyinat aparılmalı idi, hazırda niyyəti pensiya təyinatının 2017-ci ildən aparılmasıdır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya 2019cu ildə avtomatlaşdırılmış qaydada pensiya təyin edilmiş, həmin vaxt pensiya amnistiyası qaydasında ona 25 il staj hədiyyə olunmuşdur. Bundan əlavə iddiaçı pensiya təyinatının 2017-ci ildən aparılması barədə müraciət etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 06.05.2021-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, iddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı inzibati orqandan işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini və pensiya təyin olunmasını xahiş etmiş, məhkəmədə də cavabdehə qarşı eyni tələb irəli sürmüşdür. Lakin hüquqi marağı isə pensiya təyinatının 2017-ci ildən aparılmasıdır. Göründüyü kimi iddiaçı pensiya təyinatının 2017-ci ildən aparılması barədə cavabdehə müraciət etməmişdir. Başqa sözlə, iddiaçı cavabdehə hazırki hüquqi marağı ilə bağlı deyil, başqa məsələ ilə bağlı müraciət etmişdir, bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı pensiyanın təyin olunması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2173/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2173/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver