Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2174/2021 23.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X3 oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional filialına qarşı 02.02.1972-ci il tarixdən 30.05.1993-cü il tarixədək və 22.04.1998-ci ldən 30.01.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 (bundan sonra mətndə iddiaçı) xx.xx.1956-cı ildə Ağdm rayonunun Qiyaslı kəndində anadan olmuşdur. İşdə olan əmək kitabçasına əsasən iddiaçı 02.02.1972-ci ildən 30.05.1993-cü illərdə Kəlbəcər rayonu “Frunze” adına kolxozda, 22.04.1998-ci il tarixdən 18.02.2000-ci il tarixədək Ağdərə 55 saylı Yol sahəsində, 06.03.2000-ci il tarixdən 30.01.2004-cü il tarixədək Ağdam 46 saylı Yol İstismarı İdarəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı öz sözlərinə əsasən 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya 25.08.2006-cı il tarixdə İİ qrup ümumi səbəbdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional filialına (bundan sonra mətndə cavabdeh) 04.06.2021-ci il tarixli ərizə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı **********7 nömrəli 08.06.2021-ci il tarixli məktubunda bildirmişdir ki, təqdim edilən əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının iş stajı 26 il 10 ay olmuşdur. Əmək kitabçasında göstərilən 02.02.1972-ci il tarixdən 30.05.1993-cü ilədək olan dövrün düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Beləliklə, tələb olunan azı 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə təminat vermədiyindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Habelə, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində hər hansı bir məbləğ olmadığı üçün iddiaçıya 25 il sığorta stajı hesablanması mümkün sayılmır. İddiaçı 14.06.2021-ci il tarixli iddia ərizəsi ilə 12.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək 10.02.1972-ci il tarixdə tərtib edilmiş AZE ******* nömrəli əmək kitabçasında göstərilən 02.02.1972-ci ildən 30.05.1993-cü ilədək “Frunze” adına kolxozda (sürücülük məktəbində oxuduğu illər və hərbi xidmət dövrü nəzərə alınmaqla) və 18.09.2002-ci il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasında 22.04.1998-ci ildən 30.01.2004-cü ilədək Ağdərə 55 saylı və Ağdam 46 saylı yol idarələrində işlədiyi illərin sosial sığorta stajına daxil olunaraq yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02.02.1972-ci il tarixdə “Frunze” adlı kolxozda əmək fəaliyyətinə başlamış, işlədiyi müddət ərzində hərbi komisarlıq hesabına Ağdam rayonunda sürücülük məktəbi oxumuşdur. 1975-ci ildən 1977-ci ilədək hərbi xidmət müddəti başa çatdıqdan sonra həmin kolxozda sürücü kimi əmək fəaliyyətini davam etdirmişdir. Kəlbəcər rayonunun işğalından sonra 22.04.1998-ci ildə Ağdərə 55 saylı Yol İdarəsinə sürücü kimi işə başlamış, 18.02.2000-ci ildə struktur dəyişikliyi səbəbindən sərəncama göndərilmişdir. 20.09.2002-ci il tarixdə həmin idarədə fəhlə, 02.12.2002-ci ildən 30.01.2004-cü ilədək çilingər vəzifəsində çalışmışdır. Əmək kitabçalarında qeydlər olmasına baxmayaraq cavabdeh ona pensiya təyin olunmasından imtina edir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İddiaçının şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh iddiaya dair 23.11.2021-ci il tarixli **********7 nömrəli etiraz edərək bildirmişdir ki, iddiaçı 27.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Onun 1972-1993-cü illərdə Ağdam (Kəlbəcər olmalı idi texniki səhv olduğunu nümayəndə məhkəmə iclasında bildirmişdir) rayon “Frunze” adına kolxozda işlədiyi illərlə bağlı ******* nömrəli əmək kitabçasındakı qeydlər tam deyildir. Belə ki, əmək kitabçasında həmin illərə dair qeydlərdə işə daxil olma və işdən azad olma əmrlərinin nömrələri qeyd olunsa da, 1975-1977-ci illərdə hərbi xidmətə getməsi və hərbi xidmətdən qayıtması ilə əlaqədar müvafiq olaraq işdən azad olma və işə daxil olma qeydlər göstərilməmişdir. Həmçinin, həmin illərə dair işə daxil olma, işdən azad olma, əmək haqqı cədvəlləri, ümumiyyətlə müəssisənin mövcudluğuna dair arxiv sənədləri həm inzibati icraat zamanı, həm də məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. 10.11.2021-ci il tarixdə iddiaçının 55 saylı Yol sahəsi idarəsində və 46 saylı Yol istismarı idarəsində işləməsi faktının yoxlanılması məqsədilə qarşılıqlı yoxlama aktı tərtib olunmuş, həmin akta əsasən iddiaçının işə daxil olma, işdən azad olma və əmək haqqı aldığı aylar qeyd edilmişdir. Aktda iddiaçının əmək haqqı aldığı aylar – 1998-ci il üçün 8 ay 8 gün, 1999-cu il üçün 12 ay, 2000-ci il üçün 3 ay, 2001-ci il üçün 2 ay, 2002-ci il üçün 1 ay, 2003-cü il üçün 12 ay və 2004-cü il üçün 1 ay üzrə sosial sığorta stajı hesablandıqda, cəmi 3 il 2 ay 8 gün təşkil edir. Beləliklə, iddiaçının 55 saylı Yol sahəsi və 46 saylı Yol istismarı idarəsində işlədiyi 3 il 2 ay 8 gün müddət mübahisələndirilmir, hərbi xidmət illəri, “Frunze” adına kolxozda işlədiyi 21 il 2 ay 28 gün müddət mübahisələndirilir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus AZE ******* nömrəli və 015563 nömrəli əmək kitabçalarının notariat qaydada təsdiq edilmiş surətləri, cavabdehin **********7 nömrəli 08.06.2021-ci il tarixli imtinası, 23.11.2021-ci il tarixli **********7 nömrəli etirazı, SHXÇ Kəlbəcər rayon şöbəsinin 14.06.2021-ci il tarixli 217 nömrəli arayışı və 15.12.2021-ci il tarixli 1049 nömrəli məktubu, Kəlbəcər rayon Dövlət Arxivinin 27.10.2021ci il tarixli 23 nömrəli məktubu, 10.11.2021-ci il tarixdə tərtib edilmiş akt təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Həmin sənədlərin məzmuna istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (27.01.2021-ci il tarixdə 65 yaşına olmuşdur). İddiaçının əmək kitabçasında göstərilmiş əmək stajı hərbi xidmət dövrü ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Cavabdeh iddiaçının əmək kitabçasında göstərilmiş 55 saylı Yol sahəsi idarəsində və 46 saylı Yol istismarı idarəsində əmək haqqı aldığı aylar – 1998-ci il üçün 8 ay 8 gün, 1999-cu il üçün 12 ay, 2000-ci il üçün 3 ay, 2001-ci il üçün 2 ay, 2002-ci il üçün 1 ay, 2003cü il üçün 12 ay və 2004-cü il üçün 1 ay üzrə 3 il 02 ay 08 gün sosial sığorta stajını nəzərə alır. 02.02.1972-ci ildən 30.05.1993-cü illərdə Kəlbəcər rayonu “Frunze” adına kolxozda işlədiyi dövr üzrə yerində qarşılıqlı yoxlama mümkün olmamasını, 2000-ci ildə 09 ay, 2001-ci ildə 10 ay, 2002-ci ildə 11 ay üzrə əmək haqqı almadığını əsas gətirərək həmin dövrlərin staja daxil edilməsinə etiraz edir. İddiaçının tələbi aşağıdakı hissələrdən ibarətdir: 1) 02.02.1972-ci ildən 30.05.1993-cü illərdə Kəlbəcər rayonu “Frunze” adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsini 2) 22.04.1998-ci il tarixdən 30.01.2004-cü il tarixədək Ağdərə 55 saylı və Ağdam 46 saylı Yol İstismarı İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 3) Yaşa görə pensiyasının təyin olunması. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1.-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinə əsasən əmək kitabçası, iş yerindən arayış, arxiv arayışı, həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası iş stajını təsdiq edən sübut sayılır. Göstərilən tələbləri nəzərə alaraq məhkəmə iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasını nəzərdən keçirmiş və müəyyən etmişdir ki, əmək kitabçası 10.02.1972-ci il tarixdə açılmış, 02.02.1972-ci il tarixdə 04 nömrəli əmrlə “Frunze” adına kolxoza üzv qəbul olunmuş, əmr sədr Ə.Əmiraslanov tərəfindən imzalanmış, 30.05.1993-cü il tarixli 09 nömrəli əmrlə işdən azad edilmiş, əmr sədr Bağırov tərəfindən imzalanmış və möhürlənmişdir. Kəlbəcər rayon Dövlət Arxivinin 27.10.2021-ci il tarixli 23 nömrəli məktubunda iddiaçının 1972-1993-cü illərdə Kəlbəcər rayon “Frunze” adına kolxozda işləməsi barədə heç bir əsaslı sənəd olmadığı, 02.04.1993-cü il tarixdə Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi üçün 1993-cü ilə qədər Kəlbəcər rayonunun idarə, müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozların verdiyi bütün sənədlər işğal altında qaldığı göstərilmişdir. İddiaçı 1975-1977-ci illərdə hərbi xidmətdə olduğunu bildirmişdir. Lakin iddiaçıya məxsus AZE ******* nömrəli əmək kitabçasında yalnız 02.02.1972-ci il tarixdə işə girməsi və 30.05.1993-cü il tarixdə işdən azad edilməsi barədə qeydlər aparılmışdır. Həmin müddət iddiaçının sosial sığorta stajına daxil edilsə belə, sonuncu tələb olunan 25 il sosial sığorta stajı tamamlamamışdır. Belə ki, cavabdeh qurumun əməkdaşları tərəfindən təqdim edilmiş üzləşmə aktında iddiaçının yalnız Ağdərə 55 saylı Yol sahəsində və Ağdam 46 saylı Yol İstismarı İdarəsində 1998-ci il üçün 8 ay, 1999-cu il üçün 12 ay, 2000-ci il üçün 3 ay, 2001-ci il üçün 2 ay, 2002ci il üçün 1 ay, 2003-cü il üçün 12 ay və 2004-cü il üçün 1 ay, cəmi 03 il 02 ay 08 gün əmək haqqı aldığı müəyyən olunur. Göründüyü kimi, iddiaçının 22.04.1998-ci il tarixdən 18.02.2000-ci il tarixədək Ağdərə 55 saylı Yol sahəsində və 06.03.2000-ci il tarixdən 30.01.2004-cü il tarixədək Ağdam 46 saylı Yol İstismarı İdarəsində işlədiyi dövr üzrə 03 il 02 ay 08 gün müddət sığorta stajı toplamışdır. İddiaçının digər aylar üzrə yuxarıda qeyd olunan idarədə işləməsi, əmək haqqı alınması iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi, iddiaçının 1972-1993-cü illərdə kolxozda işlədiyi 21 il 03 ay 28 gün və cavabdeh tərəfindən mübahisələndirilməyən 03 il 02 ay sosial sığorta stajı müddəti ilə birgə, 24 il 06 ay 06 gün sığorta stajı toplamışdır ki, həmin müddət tələb olunan 25 il stajdan azdır. Belə olan halda, pensiya təyin edən orqana müraciət etdiyi vaxt pensiya təyin olunması üçün zəruri sosial sığorta stajı olmadığına görə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olub-olmamasının araşdırılmalıdır. İddiaçının 24 il 06 ay 06 gün iş stajına görə hesablanan məbləğ isə ona yaşa görə əmək pensiyası təyin olunması üçün lazım olan pensiya kapitalını ödəmir. Göründüyü kimi, inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etməmişdir. Beləliklə, iddiaçı pensiya təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajını toplamadığından qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional filialına qarşı 10.02.1972-ci il tarixdə tərtib edilmiş AZE ******* nömrəli əmək kitabçasında göstərilən 02.02.1972-ci ildən 30.05.1993-cü ilədək “Frunze” adına kolxozda (sürücülük məktəbində oxuduğu illər və hərbi xidmət dövrü nəzərə alınmaqla) və 18.09.2002-ci il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasında 22.04.1998-ci ildən 30.01.2004-cü ilədək Ağdərə 55 saylı və Ağdam 46 saylı yol idarələrində işlədiyi illərin sosial sığorta stajına daxil olunaraq yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2174/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2174/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver