Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2174/2023 21.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh Qazax rayonu Canalı bələdiyyəsinə qarşı müraciətə cavab verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı2 cavabdeh Qazax rayonu Canalı bələdiyyəsinə qarşı müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qazax rayonu Canalı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qazax rayonu Canalı bələdiyyəsi ilə aralarında xx.xx.2014-cü ildə notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında onlara satılmış, Qazax rayonu, Canalı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin giriş-çıxış yolunun konkret olaraq hardan olması, konkret olaraq kimin mülkiyyətində olması barədə cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu, Canalı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair Canalı bələdiyyəsi ilə aralarında xx.xx.2014-cü ildə notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Qazax rayonu, Canalı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair İN yanında ƏMDX DƏDKR-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmişlər və dövlət qeydiyyatına alınmanın mümkün olmadığı bildirilmişdir. Lakin sonradan onlara giriş-çıxış yolunun olmaması səbəbi ilə imtina cavabı verilmişdir. Belə ki, onlara məxsus olan həyətyanı torpaq sahəsinin əsas giriş-çıxış yolu qanunsuz olaraq ləğv edilib, qeyri-qanuni yollarla başqa vətəndaşlara satılmış və öz yolları özlərinə satışa qoyulmuşdur. Bir sözlə, onların giriş-çıxış yolu başqa vətəndaşlara satılmışdır. Bu səbəbdən də, pozulmuş hüquqları ilə bağlı bələdiyyəyə ərizə ilə müraciət etsələr də, onlara hərtəfəli cavab verilməmişdir. Bələdiyyənin 56 saylı xx.xx.2022-ci il tarixli təhdid dolu məktubunda giriş-çıxış yolunun olduğu qeyd edilsə də, onun harada olması açıq şəkildə göstərilməmiş, mülkiyyətçilər X3 və X1 adı çəkilmişdir. Lakin konkret olaraq onların yolunun hardan olması və imtina cavabı almaqlarının səbəbi olan giriş-çıxış yolunun bağlı olması açıq şəkildə izah edilməmişdir. Odur ki, cavab vermək öhdəliyinin bələdiyyənin üzərinə qoyulmasına ehtiyac vardır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi İddiaçı1 münasibətdə mümkün sayılmamışdır.
5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək məhkəmə hazırlıq iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
6. İddiaçı məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş və işə iştirakı olmadan baxıb ekspertiza təyin olunmasını xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
10. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
11. İddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun olmaması ilə bağlı Qazax rayonu Canalı bələdiyyəsinə müraciət etdiyini, lakin sonuncunun müraciətə cavab vermədiyini qeyd etməklə, onun müraciətinə cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Halbuki, iddia ərizəsinə əlavə edilmiş Qazax rayonu Canalı bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli 56 nömrəli məktubda bildirilmişdir ki, sözügedən həyətyanı torpaq sahələrinə yol vardır və bu yol hazırda istifadə olunur. Həmin ərazilər müvafiq orqanların müsbət rəyləri əsasında "Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar alınaraq, Canalı bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun olaraq notarial qaydada fiziki şəxslərə, eyni zamanda Sizə satılmışdır. Sizin xeyli zamandır şikayətlərinizlə bağlı Canalı bələdiyyəsi lazımi sənədləri və məlumatları Qazax Rayon İcra Hakimiyyətinə, Şəmkir Regional Ədliyyə İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etmişdir. Araşdırmalar zamanı aydın olmuşdur ki, Canalı bələdiyyəsi qanunazidd hərəkət etməmiş və bu barədə Sizə rəsmi məlumatlar verilmişdir. Qeyd: Sizin yol kimi istifadə etmək istədiyiniz torpaq sahəsi X2 və X1 mülkiyyətidir.
13. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbində qeyd etdiyi müraciətinə cavabdeh orqan tərəfindən cavab verilmişdir. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində iddiaçının subyektiv hüququnun pozulması halı müəyyən edilmir. Belə ki, cavabdeh iddiaçının torpaq sahəsinə gedən yolun mövcud olduğu və istfadə olunduğu, yol kimi istifadə etmək istədiyi torpaq sahəsinin isə digər şəxslərin - X3 və X1 mülkiyyətində olduğunu bildirmişdir. İddiaçı isə cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini əsaslandıra bilməmişdir. Bununla da iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir.
14. Məhkəmənin hazırkı qənaətə gəlməsinə həm də İddiaçı1 məhkəmənin xx.xx.2023-cü il tarixli iclas zamanı verdiyi izahatı da əsas olmuşdur. Belə ki, o, sədrlik edənin suallarına cavab verərkən bildirmişdir ki, oğlu Kənan və bacısı Tahirəyə məxsus torpaq sahələrinin onların darvaza qoyduqları hissəsindən bələdiyyə digər fiziki şəxslərə torpaq sahələri sataraq onların həmin tərəfdən küçəyə çıxışlarını məhdudlaşdırmışdır. Onların məqsədi həmin şəxsləri müəyyən edərək, bələdiyyənin həmin torpaq sahələrini satmasına dair qərarını mübahisələndirmək və ya yolun açılmasını tələb etməkdir.
15. Cavabdehin cavab məktubunda isə yol kimi istifadə etmək istədiyi torpaq sahəsinin digər şəxslərin - X3 və X1 mülkiyyətində olduğunu bildirilməklə, onun müraciəti cavablandırılmışdır.
16. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
18. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva