Məhkəmə qərarları › İş №2-1(114)-2175/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2175/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2175/2020 02.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi (direktoru) X2, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında,şifahi məhkəmə baxışı iclasında baxaraqməhkəməaşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9355 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, vergi orqanının əməkdaşları tərəfindən cəmiyyətdə operativ vergi nəzarəti həyata keçirilmiş və xx.xx.2020-ci il tarixli DVX seriyalı 000573 saylı akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, “xxxx” MMC-yə məxsus mağazada elektron qaimə-faktura tərtib edilmədən 605921.00 manat malların satılması aşkar edilmişdir. Həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9355 nömrəli qərarla Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulduğuna görə cəmiyyətə 60599.10 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanının əməkdaşları mallar satılarkən malların dəyəri nəzarət kassa aparatına daxil edildiyi halda həmin mallara guya elektron qaimə-faktura verilməsi iddiası ilə Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə zidd olaraq cəmiyyətə akt tərtib etmiş və akta əsasən cəmiyyətə külli miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir. Pandemiya ilə əlaqədar olaraq cəmiyyət tərəfindən malların çatdırılması xidməti həyata keçirilmiş, sifariş əsasında işçilərə mallar verilmiş və işçilər tərəfindən həmin malların dəyəri nəzarət kassa aparatına daxil edilmişdir. Lakin cəmiyyətə maliyyə sanksiyası tətbiq etməkdə maraqlı olan vergi əməkdaşları heç bir əsas olmadan elektron qaimə-faktura verilmədiyini qeyd edərək maliyyə sanksiyası tətbiq edilməsi üçün səhv məlumatlar daxil etmişlər. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mağazada topdan və pərakəndə mobil telefon satışı həyata keçirilir. 2020-ci ilin may-iyun aylarında pandemiya ilə bağlı yalnız onlayn satış həyata keçirilmiş, həmin vaxt müəssisənin ekspeditoru pərakəndə satılmış malların pulunu yığıb cəm şəklində ona təqdim etmiş və həmin məbləğ kassaya eyni vaxtda vurulduğuna görə vergi orqanı müxtəlif şəxslərə satılmış malları topdan satış kimi qələmə vermişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Atatürk prospekti 202 ünvanında yerləşən mağazada xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş yoxlama zamanı sahibkarlıq məqsədi ilə 605991 manat dəyərində malın elektron qaimə-faktura tərtib edilmədən satışının həyata keçirilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsində xx.xx.2020-ci il tarixli 000573 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında xx.xx.2020-ci il tarixli qərarla vergi ödəyicisinə 60599,10 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Operativ vergi nəzarəti keçirilərkən iddiaçı tərəfindən 109 halda ümumilikdə 605991 manat dəyərində malın nəzarət-kassa aparatına vurularaq təqdim olunması faktı aşkar olunmuş, bu fakt iddiaçının həmin malları topdansatış qaydasında satılmasını təsdiq edir. Digər tərəfdən satış zamanı iddiaçı tərəflə alıcı arasında müqavilənin bağlanmaması, alıcının bank hesabının olmaması, vergi ödəycisi olmaması kimi hallar iddiaçı tərəfindən malların alıcıya məhz pərakəndə qaydada təqdim edilməsini təsdiq edən faktor kimi çıxış edə bilməz. Həyata keçirilmiş əməliyyatlar onu deməyə əsas verir ki, cəmiyyət tərəfindən elektron qaimə-faktura təqdim edilməli olan ticarət əməliyyatı aparılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2020-ci il tarixli DVX seriyalı 000573 saylı aktın surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 202 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus mağazada keçirilən operativ vergi nəzarəti nəticəsində sahibkarlıq məqsədi ilə 605991 manat dəyərində malın elektron qaimə-faktura tərtib edilmədən satışının həyata keçirilməsi faktının olması rəsmiləşdirilmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9355 nömrəli qərarının surətindən görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 60599.10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla, müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin müvafiq qərarına əsasən vergi orqanının əməkdaşları tərəfindən “xxxx” MMC-yə məxsus mağazada operativ vergi nəzarəti həyata keçirilmiş, yoxlama zamanı 605991 manat manat dəyərində malın elektron qaimə-faktura tərtib edilmədən satışının həyata keçirilməsi faktının aşkar edilməsi barədə müvafiq akt tərtib edilmiş və həmin akt əsasında vergi ödəyicisi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9355 nömrəli qərarı ilə 60599.10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, “Vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilərkən vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəllənin 58.13-cü maddəsinə istinad etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməklə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olduğu halda həmin sənəd əsasında təqdim etməmişdir. Bununla da iddiaçının pərakəndə deyil, topdan satış ticarət fəaliyyətini həyata keçirməsi qənaətinə gəlmiş və nəticə etibarilə iddiaçıya maliyyə sanksiyasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, vergi qanunvericiliyi ilə pərakəndə satış və topdansatış ticarət fəaliyyətinin anlayışı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POSterminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi arqumenti əsassız sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9355 nömrəli qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə əsassız maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “xxxx” MMC barəsində tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9355 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar