Məhkəmə qərarları › İş №2-1(114)-2177/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2177/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2177/2024 12.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı nikah akt qeydinə edilmiş düzəlişin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı nikah haqqında akt qeydinə edilmiş düzəlişin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.1979-cu il tarixli 2955 nömrəli doğum haqqında akt qeydinə və xx.xx.1979cu il tarixli Vİ-ЖГ 266111 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 2955 nömrə ilə qeyd aparılmışdır.

2. xx.xx.1996-cı il tarixli 5902 nömrəli attestatdan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Gəncə şəhər 39 saylı Texniki Peşə Məktəbinə daxil olmuş və xx.xx.1996-cı il tarixdə orta təhsil almamaqla radio televiziya mexaniki peşəsi üzrə tam kursu bitirmişdir. İxtisas komissiyasının xx.xx.1996-cı il tarixli qərarı ilə ona radio televiziya mexaniki ixtisası verilmişdir.

3. AO xx.xx.2000-ci il tarixli ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

4. xx.xx.2003-cü il tarixli 149 nömrəli nikah haqqında akt qeydindən və xx.xx.2003cü il tarixli AZ-İ 052198 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar. xx.xx.2011-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən şəhadətnamədə “Çobanov” soyadının sonluğunun (“ov”) üzərindən xətt çəkilərək “zadə” yazılmışdır.

5. xx.xx.2010-cu il tarixli AZ-İİ 394376 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X7 ata qrafasında İddiaçı yazılmışdır.

6. xx.xx.2020-ci il tarixli AZ-T 154106 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X4 ata qrafasında İddiaçı yazılmışdır.

7. İddiaçı nikah haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-446/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, müəyyən olunmuşdur ki, xx.xx.2003-cü il tarixdə barəsində tərtib olunmuş nikah haqqında akt qeydində xx.xx.2011-ci il tarixdə ərizəsinə əsasən Cavabdeh (keçmiş Kəpəz rayon qeydiyyat şöbəsi) tərəfindən soyadının sonluğu Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1993-cü il tarixli 495 nömrəli Qərarına əsasən “Çobanov və Çobanova”dan “Çobanzadə”yə düzəliş edilmiş, bununla bağlı nikah haqqında akt qeydində və şəhadətnamədə dəyişiklik edilməklə məlumatlar informasiya sisteminə yerləşdirilmişdir. Lakin o, şəxsiyyət vəsiqəsini dəyişdirməli olduğu halda dəyişdirməmişdir. Onun yenidən əvvəlki soyadına düzəliş etdirməyi üçün qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən Cavabdeh tərəfindən xahişinin təmin edilməsinin icrası imkan xaricindədir. Bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. II. Məhkəmədə icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, barəsində xx.xx.2003-cü il tarixdə 144 nömrə Cavabdehndə (keçmiş Kəpəz rayon qeydiyyat şöbəsində) tərtib olunmuş nikah haqqında akt qeydində soyadının sonluğunun dəyişdirilərək “Çobanzadə”dən və “Çobanov”a qaytarılmasının cavabdeh orqana həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Onun nəsil soyadı Çobanov olmuşdur. Nikah haqqında akt qeydində soyadının sonluğunu xx.xx.2011-ci il tarixdə keçmiş Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində "ov"dan "zadə"yə dəyişdirilmişdir. Hazırda ona məxsus nikah haqqında şəhadətnamədən başqa bütün sənədlərində soyadımın sonluğu "ov" qalmışdır. Bu günlərdə o, notariat ofisində ev alqı-satqısı əməliyyatını həyata keçirərkən aydın olmuşdur ki, sənədlərində soyadının sonluğuna görə uyğunsuzluq yaranmışdır. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün nikah haqqımda akt qeydində əvvəlki soyadına "Çobanov"a qayıtmaq istəyir. O, bu məqsədlə Cavabdehnə müraciət etmiş, lakin cavabdeh orqan onun soyadının sonluğunun dəyişdirilməsindən rəsmi olaraq imtina etmişdir. Hesab edir ki, həmin imtina onun hüquqlarını pozur. Bildirir ki, o nikah haqqında şəhadətnamədə soyadının dəyişdirilməsi üçün qeydiyyat şöbəsinə heç vaxt ərizə verməmişdir. Bu barədə olan ərizəsi ilə tanış olmaq üçün Cavabdehnə müraciət etmişdir. Oradan bildirdilər ki, sənədləri Kəpəz rayon qeydiyyat şöbəsində olmuşdur. Şöbə ləğv olunanda sənədlər onlara təhvil verilməmişdir. Belə ki, AR-in Ailə Məcəlləsinin 189-190-cu maddələrinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadının dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. O, həmin yaşa çatdığından buna hüquqlu olduğu halda Cavabdeh soyadının sonluğunun dəyişdirilməsindən imtina etməklə hüquq və azadlıqlarını məhdudlaşdır. Beləliklə, onun barəsində olan nikah akt qeydində düzəliş edilərək ilkin soyadı "Çobanov"un qaytarılmasını və ona yeni nikah haqqında şəhadətnamə verilməsini istəyir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

11. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 18 aprel 2003-cü il tarixli nikah haqqında akt qeydinə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə edilmiş düzəlişin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

23. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1979-cu il tarixli 2955 nömrəli doğum haqqında akt qeydi; - xx.xx.1979-cu il tarixli Vİ-ЖГ 266111 nömrəli doğum haqqında şəhadətnamə; - xx.xx.1996-cı il tarixli 5902 nömrəli attestat; - AO xx.xx.2000-ci il tarixli ******* nömrəli hərbi bilet; - xx.xx.2003-cü il tarixli 149 nömrəli nikah haqqında akt qeydi; - xx.xx.2003-cü il tarixli AZ-İ 052198 nömrəli nikah haqqında şəhadətnamə; - xx.xx.2010-cu il tarixli AZ-İİ 394376 nömrəli doğum haqqında şəhadətnamə; - xx.xx.2020-ci il tarixli AZ-T 154106 nömrəli doğum haqqında şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-446/2024 nömrəli imtina məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. İş materiallarından müəyyən olur ki, İddiaçı nikah haqqında akt qeydində soyadının əsassız olaraq Çobanov əvəzinə “Çobanzadə” kimi qeyd olunduğunu əsas gətirməklə, akt qeydində düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə imtina məktubu ilə buna kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir.

27. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

30. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli 2955 nömrəli doğum haqqında akt qeydinə və xx.xx.1979-cu il tarixli Vİ-ЖГ 266111 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 2955 nömrə ilə qeyd aparılmışdır.

31. Çobanov X3 Könül Əsgər qızı ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə xx.xx.2003-cü il tarixdə 149 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. Daha sonra xx.xx.2011-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən şəhadətnamədə “Çobanov” soyadının sonluğunun (“ov”) üzərindən xətt çəkilərək “zadə” yazılmışdır. Qeyddə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993cü il tarixli 495 nömrəli Qərarına əsasən düzəliş edildiyi qeyd edilmişdir.

32. Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 nömrəli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının vətəndaşları "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "- lu", "-lü"), "zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın xx.xx.2011-ci il tarixədək qüvvədə olan redaksiyasına görə:

34. Bənd 1.16. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikasının vətəndaşları soyadlarını dövlət dilinə uyğunlaşdırmaq məqsədilə, soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və şəhadətnamələrdə soyadlarını müəyyən olunmuş yeni ifadə formalarında qeyd etdirə bilərlər.

35. Göründüyü kimi, qeydiyyat orqanı iddiaçının soyadını Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən “Çobanov”dan “Çobanzadə”yə dəyişdirmişdir.

36. Halbuki, qeydiyyat orqanı iddiaçının müraciəti üzrə onun soyad sonluğunun dəyişdirilməsi barədə qərar qəbul etdiyi halda, bu barədə düzəlişi nikah akt qeydinə deyil, doğum akt qeydinə etməli idi.

37. Lakin işdəki sənədlərlə müəyyən edilir ki, iddiaçının doğum akt qeydində və digər sənədlərdə onun soyadı “Çobanov” kimi qeyd edilmişdir.

38. Bu isə o deməkdir ki, 18 aprel 2003-cü il tarixli nikah haqqında akt qeydinə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə edilmiş düzəliş qanunsuz olmuşdur.

39. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 18 aprel 2003-cü il tarixli nikah haqqında akt qeydinə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə edilmiş düzəlişin ləğv olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmalı və iddiaçıya yeni nikah haqqında şəhadətnamənin verilməsi təmin edilməlidir.

40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 149 nömrəli nikah haqqında akt qeydində Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011ci il tarixdə edilmiş düzəlişin ləğv olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar