Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2180/2024 23.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan SSR X7 Sovetinin verdiyi 04 mart 1989-cu il tarixli 300 nömrəli orderdən məlum olur ki, ünvan 1 ünvanında yerləşən mənzili tutmaq hüququ X6 və ailə üzvlərinə verilmişdir.
2. Ölüm haqqında xx.xx.2009-cu il tarixli AZ-İ 346197 nömrəli şəhadətnamədən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2011-ci il tarixli 661 nömrəli məktubunda qeyd edilmişdir ki, X2 vəfatı ilə əlaqədar olaraq, onun adına olan ünvan 9, mənzil 22-in şəxsi hesabı mərhumun qızı İddiaçı adına dəyişdirilmişdir.
4. Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-A- 2398//8/2023 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan SSR X11 İcraiyyə Komitəsinin 04 mart 1989-cu il tarixli 300 nömrəli orderi ilə X6 Ermənistan SSR, Vardenis rayonu, Nərimanlı kəndində 37 kv.m sahədən ibarət 2 otaqlı mənzilini X10 məxsus ünvan 2 ünvanında yerləşən 33.76 kv.m sahədən ibarət 2 otaqlı mənzili ilə dəyişdirmişdir. X3 ailə tərkibinin daxilində İddiaçı adı qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsi 1 nömrəli Mənzil-İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 182 nömrəli arayışında vətəndaş İddiaçı həqiqətən ünvan 5 ünvanında qeydiyyatda olduğu və həmin ünvanda yaşadığı qeyd olunmuşdur.
7. İddiaçı ünvan 6 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid xidməti mənzil olduğu üçün həmin mənzilin özəlləşdirilməsi qanunamüvafiq hesab edilmir.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli 2247 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı ünvan 6 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır və xidməti mənzil statusuna malikdir. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 qəsəbəsi, ev 394, mənzil 22 saylı mənzilə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, 01 mart 1989-ci il tarixində Ermənistan SR-i Basar-keçər (Vardanes) rayonundan Gəncə şəhərinə köçmək məcburiyyətində qalmışlar. Ona və ailəsinə məxsus xüsusi evi olmuş Nərimanlı kəndi, 2 otaqlı və 37 kv.m. həyatyanı sahəli evini, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 qəsəbəsi, ev 394, mənzil 22 o, daimi yaşayış üçün və mənzilləri dəyişmə (barter) müqaviləsi bağlayaraq Azərbaycan SSR vətəndaşı olmuş erməni zabiti Avanyan Vita ilə razılaşma etmişlər. O və ailəsi Gəncə şəhərində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində sözügedən mənzildə qeydiyyatda olmaları öz əksini tapır. Eyni zamanda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Gəncə şəhər filialı 30 dekabr 2023-cü il tarixində №3-48-DA-4F/2-A- 2398//8//2023 sayılı arayışında da ailə tərkibi 5 nəfərdən ibarət olmaqla öz əksini tapmış idi. Belə ki, ona məxsus olan sözügedən Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 qəsəbəsi, ev 394, mənzil 22 saylı mənzil üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehə xx.xx.2024-cü tarixli ərizə ilə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən sözügedən ərizəyə xx.xx.2024-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi ilə əvəz edilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 7-ci bəndi).
23. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan SSR X7 Sovetinin verdiyi 04 mart 1989-cü il tarixli 300 nömrəli order; - Ölüm haqqında xx.xx.2009-cu il tarixli AZ-İ 346197 nömrəli şəhadətnamə; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2011-ci il tarixli 661 nömrəli məktubu; - Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-A- 2398//8/2023 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsi 1 nömrəli Mənzil-İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 182 nömrəli arayışı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli 2247 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
26. Belə ki, iş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən mənzil Azərbaycan SSR X7 Sovetinin verdiyi 04 mart 1989-cü il tarixli 300 nömrəli order əsasında X5 (ailə üzvləri ilə birlikdə) yaşamaq üçün verilmişdir. Yəni, həmin orderlə X6 Ermənistan SSR, Vardenis rayonu, Nərimanlı kəndində 37 kv.m sahədən ibarət 2 otaqlı mənzilini X10 məxsus ünvan 2 ünvanında yerləşən 33.76 kv.m sahədən ibarət 2 otaqlı mənzili ilə dəyişdirmişdir. X3 vəfatından sonra onun adına olan ünvan 9, mənzil 22-in şəxsi hesabı mərhumun qızı İddiaçı adına dəyişdirilmişdir. Həmin tarixdən hal-hazıradək həmin mənzil iddiaçının və ailə üzvlərinin sahibliyində və istifadəsindədir. İddiaçı sözügedən mənzilin adına özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə mənzilin xidməti mənzil kimi Azəbaycan Respublikası Müdafiə Nazirliyinin balansında oland xidməti mənzil olduğunu əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir.
27. Məhkəmə cavabdeh orqanın imtinasını qanuni və əsaslı sayaraq, aşağıdakıları qeyd edir.
28. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə görə: Maddə 100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon X11 icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon X11 icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.
29. 01.10.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
30. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanuna görə: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.
31. Məhkəmə qeyd edir ki, düzdür, sözügedən mənzil iddiaçıya (yaxud anasına) xidməti yaşayış sahəsi olaraq verilməsə də, bu hal mənzilin təyinatını dəyişdirmir. Mənzil hazırda hərbi şəhərcik daxilində yerləşməklə, Müdafiə Nazirliyinin balansındadır və onun özəlləşdirilməsinə Nazirliyin bu və ya digər formada razılığının olması halı müəyyən edilmir.
32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na görə: Bənd 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.
33. Beləliklə məhkəmə hesab edir ki, ünvan 9 ünvanında yerləşən 22 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna aid olduğundan və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən iddia tələbi rədd edilməlidir.
34. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva