Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2181/2025 17.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X4 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Bərdə rayonu, Təhlə kəndində yerləşən 50 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 444 nömrəli sərəncamı ilə Cəmiyyətə 50 ha torpaq sahəsi ayrılmışdır. DT və XK-nin Bərdə rayon şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş JN 0090 KOD 61000018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına əsasən ayrılmış torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. İddiaçı xx.xx.1997-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X3 hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınmışdır. İddiaçı-nın xx.xx.2024-cü il tarixli, 01 nömrəli qərarı ilə təsərrüfatın adı və təşkilatı-hüquqi forması dəyişərək İddiaçı MMC-yə çevrilmişdir. Hal-hazırda cəmiyyətin mülkiyyətində olan Bərdə rayonu, Təhlə kəndində yerləşən 50 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021ci il tarixli, 1455 saylı «Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında» Fərmanının 2.1-ci bəndinə əsasən 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəkdir. Cəmiyyətə məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından cəmiyyət dövlət tərəfindən təşkil olunan xüsusi imtiyazlardan və güzəştlərdən, həmçinin əşya hüququndan yararlana bilmir. JN 0090, KOD 61000018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı əsasında cəmiyyətin mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdeh orqana xx.xx.2024-cü il tarixində, ********** qeydiyyat nömrəsi ilə müraciət edilmişdir. Qeyd olunan inzibati orqan tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunması barədə bildiriş verilmişdir. Həmin bildirişə əsasən Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 444 nömrəli sərəncamı ilə 50 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmasına baxmayaraq TEKUİS-də sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi göstərilmişdir. İmtinanın yeganə əsası torpaq sahəsinin kateqoriyası ilə ayrılan torpaq sahəsinin məqsədli istifadə növünün uyğun gəlməməsidir. Bildiririk ki, bildirişdə qeyd olunan halın nə formal, nə də hüquqi məntiqi yoxdur. Belə ki, torpaq sahəsi yerli icra hakimiyyətinin sərəncamı ilə hüquqi varisi olduqları kəndli (fermer) təsərrüfatına ayrılmışdır. Bu səbəbdən də ayrılan torpaq sahəsi məhz kənd təsərrüfatlı torpaq sahəsi olmalıdr. Ayrılmış torpaq sahəsinin digər kateqoriyalara məxsus torpaq sahəsi olması da absurd olardı. Bildirişdə qeyd olunan hal "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların qeydiyyata alınmasından imtina edilməsi üçün əsaslar sırasına daxil edilməmişdir.Ümumiyyətlə, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin» ərazi idarələrinə qarşı çoxsaylı məhkəmə mübahisələri mövcuddur. Həmin məhkəmə mübahisələri artıq məhkəmə tərəfindən vahid yanaşılan təcrübə yaratmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1 və 4.2-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır, Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırımasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə Rayon Torpaq şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixində verilmiş JN 0090, KOD 61000018 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» ilə torpaq sahəsi üzərində mülkiyyət hüququ artıq dövlət tərəfindən tanınmışdır. Cavabdeh orqanın isə Əsasnaməsi və Qanunla nəzərdə tutulan formada əvvəl yaranmış hüququ yeni növ daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəzləməsi onun vəzifəsidir. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-830/2024 nömrəli qərarında eyni mövqe əks etdirilmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtina edilməsi zamanı inzibati icraat aparılarkən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və mövcud məhkəmə təcrübəsi öyrənilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmşdir. Cavabdeh orqan tərəfindən məhkəməyə iddia tələbinə qarşı etiraz göndərilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işə baxılmasına cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi X2 tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bərdə rayonu, Təhlə kəndində yerləşən 50 hektar torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə məhkəmə qərarı qəbul edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini «Torpağa mülkiyyət hüququna dair» JN 0090 KOD 01000018 nömrəli Dövlət Aktı, cavabdeh orqanın verdiyi xx.xx.2024-cü il tarixli imtina məktubu, orqanın ərizə üzrə apardığı inzibati icraat materialları və mütəxəssis rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC-yə Bərdə rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 1997-ci il tarixli 444 nömrəli sərəncamı ilə Bərdə rayonu Təhlə kəndi ərazisindən 50 hektar torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi ilə bağlı ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən xx.xx.1997-ci ildə JN 0090 KOD 61000018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı hazırlanmışdır. Torpaq sahəsi ayrılan bir vaxtdan İddiaçı MMCnin faktik sahiblik və istifadəsindədir. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı üzrədir və Cəmiyyət tərəfindən hazırki vaxta kimi təyinatına uyğun olaraq istifadə edilir. İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ötrü cavabdeh inzibati orqana müraciət edilmiş, lakin onun müraciəti müsbət yöndə həllin tapmamışdır. Cavabdeh inzibati orqan imtina əsası olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi Bərdə rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 1997-ci il tarixli 444 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının üçün ayrılmasına baxmayaraq TEKUİS-də torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) sahəsi olaraq göstərilmişdir. Ona görə ərizənin icrası mümkün deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 684 nömrəli Fərmanı: Bənd 3.3. Həmin Qanunun 8.0.5-ci maddəsində «müvafiq icra hakimiyyəti orqanları» dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi dəlillər iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməz. Belə ki, torpaq sahəsi səlahiyyətli orqan tərəfindən ayrılmışdır. Ayrılan zaman təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə olmuşdur. Hazırda torpaq sahəsinin TEKUİS məlumatlarında örüş sahəsi kimi qeyd olunması iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilməz. Torpaq sahəsini ayıran inzibati orqanın qəbul etdiyi inzibati aktın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair cavabdehin hər hansı nəzarətedici səlahiyyətləri qanunla nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. İcra hakimiyyətlərinin fəaliyyətinə, o cümlədən dövlət mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında» Əsasnaməyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilirdi. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbuledən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Eyni zamanda iş üzrə obyektiv nəticəyə gəlinək üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində qeyd olunmuşdur: Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli. 444 saylı sərəncamı ilə İddiaçı-na «Torpağa Mülkiyyət Hüququna Dair» JN-0090 saylı Dövlət Aktı ilə ayrılmış 50,00 ha torpaq sahəsi TEKUİS məlumat bazasına эsasan, kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli torpaq sahəsidir. Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli. 444 saylı sərəncamı ilə İddiaçı-na «Torpağa Mülkiyyət Hüququna Dair» JN-0090 saylı Dövlət Aktı ilə ayrılmış 50,00 ha torpaq sahəsinin koordinatları ilə iddiaçının hal-hazırda istifadə etdiyi 78 70 ha torpaq sahəsinin 50 hektarının koordinatları üst-üstə düşür Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli. 444 saylı sərəncamı ilə İddiaçı-na «Torpağa Mülkiyyət Hüququna Dair» JN-0090 saylı Dövlət Aktı ilə ayrılmış 50,00 ha torpaq sahəsinin koordinatları elektron məlumat bazasına əsasən və naturada digər üçüncü şəxslərə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli. 444 saylı sərəncamı ilə İddiaçı-na «Torpağa Mülkiyyət Hüququna Dair» JN-0090 saylı Dövlət Aktı ilə ayrılmış 50,00 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən Bərdə rayonu, Təhlə kəndi ərazisində yerləşir. Nəzərə almaq lazımdır ki, sözügedən 50 ha torpaq sahəsi ayrıldığı vaxtdan bu yana mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsindədir. Hazırda da həmin torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – yerli icra hakimiyyətinin sərəncamı əsasında ayrılmışdır və həmin sərəncam hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan sərəncama etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Eyni zamanda torpaq sahəsinin örüş torpaq sahəsi olması dəlili də müətəxxəsis rəyi ilə təkzib edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin Nizamnaməsi: Bənd 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərindən biridir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçının mülkiyyət hüquqları faktiki istifadə üzrə qeydə alınmalıdır. «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki: «Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;... Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;... Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Bərdə rayonu, Təhlə kəndində yerləşən «Torpağa mülkiyyət hüququna dair» JN 0090 KOD 01000018 nömrəli Dövlət Aktında göstərilən 50 hektar torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti üzrə koordinatlarla İddiaçı MMCnın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın, habelə, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fərid Əliyev