Məhkəmə qərarları › İş №2-1(114)-2185/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2185/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2185/2025 23.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Tərtər rayonu Qaradağlı bələdiyyəsi) qarşı Tərtər rayonu, Kəngərli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti üzrə koordinatlarla iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tərtər rayonu Kəngərli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 10 nömrəli iclas protokolundan çıxarış əsasında Tərtər rayonu Kəngərli bələdiyyəsinin ərazisindəki perspektiv inkişaf fondu torpaq sahəsindən İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmış və torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli A№366476 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

2. Eyni zamanda DT və XK-nin Tərtər rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə rəy vermiş və ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

3. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 260 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2009-cu il tarixdə 52 nömrə ilə qeydiyyata alınmışdır.

4. İddiaçı cavabdeh orqana müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, müraciətə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Bildirilir ki, xx.xx.2007-ci il tarixindən sonra bələdiyyə torpaqları "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci, 16.3-cü və 16.4-cü maddələrində qeyd edilən hallar istisna olmaqla , yalnız hərrac və ya müsabiqə yolu ilə ayrılmalıdır. Bu səbəbdən tərəfindən təqdim olunan sənədlər torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslı deyildir. Belə ki, təqdim olunan Tərtər rayon Kəngərli Bələdiyyəsinin qərarının tarixi xx.xx.2009-cu ildir. Bu səbəbdən də sənədin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.

5. Məhkəmənin sorğusuna Tərtər rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-43RA/1-67/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tərtər rayon Kəngərli bələdiyyəsinin 2009-cu il protokol kitabı rayon Dövlət Arxivinə mühafizəə olunmaq üçün təhvil verilməmişdir. Odur ki, İddiaçı verilmiş həyətyanı torpaq sahəsi barədə məlumat verilə bilinmir.

6. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı tərəfin iddia etdiyi və naturada göstərdiyi 0,12 ha torpaq sahəsinə Tərtər rayon Kəngərli bələdiyyəsinin 13 oktyabr 2009-cu il tarixli 10 saylı qərarı ilə keçmiş DTvəXK Tərtər ərazi şöbəsi tərəfindən İddiaçı A366476 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi TEKUİS-ə əsasən bələdiyyə mülkiyyətinə aid, yaşayış məntəqələrinin torpaqları olmaqla, həyətyanı məqsədli torpaq sahəsidir. 2) İddiaçı tərəfin iddia etdiyi, naturada göstərdiyi və faktiki istifadə etdiyiy 0.12 ha torpaq sahəsinin koordinatları ilə Tərtər rayon Kəngərli bələdiyyəsinin 13 oktyabr 2009-cu il tarixli 10 saylı qərarı ilə keçmiş DTvəXK Tərtər ərazi şöbəsi tərəfindən İddiaçı A366476 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin koordinatlarının 0.09 ha hissəsi uyğunluq təşkil edir və sxem rəyə əlavə edilir. 3) Həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmayıb. Lakin faktiki olaraq sənəd üzrə ona məxsus torpaq sahəsinin 0,03 ha hissəsindən digər şəxs istifadə edir. Faktiki istifadə etdiyi torpaq sahəsinin 0.03 ha hissəsi elektrik xəttinin qoruma zolağına düşür.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2- 4926/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-4982/2025 nömrəli cavab məktublarında bildirilmişdir ki, iddiaçının mütəxəssisə naturada təqdim etdiyi 0.12 ha torpaq sahəsi TEKUİS məlumat bazasıa əsasən hər hansı subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halları mövcud deyil. II. Məhkəmədə icraat

8. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayonu, Kəngərli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2009-cu il yaşayış evi tikdirmək üçün torpaq sahəsi almaq qərarına gəlmişdir. Bu səbəbdən Tərtər rayonu Kəngərli bələdiyyəsinə müraciət etmişdir. Kəngərli bələdiyyəsinin kəndin perspektiv inkişaf fondunda olan sahədən 0.12 ha torpaq sahəsi ayrılıb həyətyanı torpaq sahəsi məqsədi ilə Tərtər rayon Kəngərli bələdiyyəsinin 13 oktyabr 2009-cu il tarixli 10 saylı iclas protokolundan çıxarış və 10 dekabr 2009-cu il tarixli 52 nömrəli alqı-satqı müqaviləsi ilə mülkiyyətlərinə verilmişdir. Beləliklə, Tərtər rayonu Kəngərli bələdiyyəsinin 13 oktyabr 2009-cu il tarixli 10 saylı iclas protokolundan çıxarışı ilə mülkiyyətinə 0.12 ha fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd etdiyi torpaq sahəsinin alınması üçün 260 (iki yüz altmış) manat məbləğində pulu Tərtər rayonu, Kəngərli bələdiyyəsinin hesabına tərəfindən ödənilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi 0.12 ha fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi qanuna müvafiq olmasını bildirmişdir. Lakin torpaq sahəsini aldıqdan sonra ev inşa etdimək üçün maliyyə vəziyyətinin aşağı səviyyədə olduğundan sözügedən torpaq sahəsi mülkiyyətinə verildikdən sonra bağçılıqla məşğul olmağa başlamışdır. Uzun illər sözü gedən torpaq sahəsində əkin-biçin ilə məşğul olmuşdur. Sonradan həmin torpaq sahəsində ev inşa etdirmək fikrinə gəlmişdir. Dövlət orqanlarında elektron sistemi və dəyişiliklər yarandığına görə sözügedən torpaq sahəsinə çıxarış çıxarmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, oradan Tərtər rayonu Kəngərli bələdiyyəsin 13 oktyabr 2009-cu il tarixli 10 nömrəli qərarı və xx.xx.2009-cu il tarixli 52 nömrəli "Torpaqların alqı-satqısına dair" Aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edildiyindən və bələdiyyə torpaqları yalnız hərrac və ya müsabiqə yolu ayrılmalı olduğundan ərizəsinin icrasından imtina edilmişdir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Tərtər rayonu, Kəngərli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti üzrə koordinatlarla iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Tərtər rayonu Qaradağlı bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

20. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 5-ci bəndi).

22. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

23. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər rayonu Kəngərli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 10 nömrəli iclas protokolundan çıxarış; - xx.xx.2011-ci il tarixli A№366476 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - DT və XK-nin Tərtər rayon şöbəsinin ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - “Torpaqların alğı-satqısına dair” xx.xx.2009-cu il tarixdə 52 nömrəli akt; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu; - Məhkəmənin sorğusuna Tərtər rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48- 43RA/1-67/2024 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2- 4926/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-4982/2025 nömrəli cavab məktubları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tərtər rayonu Kəngərli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 10 nömrəli iclas protokolundan çıxarış əsasında Tərtər rayonu Kəngərli bələdiyyəsinin ərazisindəki perspektiv inkişaf fondu torpaq sahəsindən İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmış və torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli A№366476 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Eyni zamanda DT və XK-nin Tərtər rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə rəy vermiş və ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 260 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2009-cu il tarixdə 52 nömrə ilə qeydiyyata alınmışdır.

27. İddiaçı cavabdeh orqana müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, müraciətə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Bildirilir ki, xx.xx.2007-ci il tarixindən sonra bələdiyyə torpaqları "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci, 16.3-cü və 16.4-cü maddələrində qeyd edilən hallar istisna olmaqla , yalnız hərrac və ya müsabiqə yolu ilə ayrılmalıdır. Bu səbəbdən tərəfindən təqdim olunan sənədlər torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslı deyildir. Belə ki, təqdim olunan Tərtər rayon Kəngərli Bələdiyyəsinin qərarının tarixi xx.xx.2009-cu ildir. Bu səbəbdən də sənədin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.

28. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, yerin seçilmə aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğısatqısına dair akt ilə də təsdiq edilir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

30. Mübahisəli torpaq sahəsi iddiaçıya Tərtər rayonu Kəngərli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 10 saylı qərarı və Torpaqların alğı-satqısına dair xx.xx.2009-cu il tarixli, 52 nömrəli akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Kəngərli bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.

31. Cavabdeh orqanın iddiaya qarşı ilk dəlili ondan ibarət olmuşdur ki, tərtib olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, belə ki, həmin torpaq sahəsi Tərtər rayonu Kəngərli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 10 nömrəli qərarı və xx.xx.2009-cu il tarixli 52 saylı “Torpaqların alqı-satqısına dair” akt əsasında satılmışdır.

32. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

33. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

34. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

35. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.

36. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.

37. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

38. Digər tərəfdən, əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçı tərəfin iddia etdiyi və naturada göstərdiyi 0,12 ha torpaq sahəsinə Tərtər rayon Kəngərli bələdiyyəsinin 13 oktyabr 2009-cu il tarixli 10 saylı qərarı ilə keçmiş DTvəXK Tərtər ərazi şöbəsi tərəfindən İddiaçı A366476 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi TEKUİS-ə əsasən bələdiyyə mülkiyyətinə aid, yaşayış məntəqələrinin torpaqları olmaqla, həyətyanı məqsədli torpaq sahəsidir. İddiaçı tərəfin iddia etdiyi, naturada göstərdiyi və faktiki istifadə etdiyi 0.12 ha torpaq sahəsinin koordinatları ilə Tərtər rayon Kəngərli bələdiyyəsinin 13 oktyabr 2009-cu il tarixli 10 saylı qərarı ilə keçmiş DTvəXK Tərtər ərazi şöbəsi tərəfindən İddiaçı A366476 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin koordinatlarının 0.09 ha hissəsi uyğunluq təşkil edir və sxem rəyə əlavə edilir. Həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmayıb. Lakin faktiki olaraq sənəd üzrə ona məxsus torpaq sahəsinin 0.03 ha hissəsindən digər şəxs istifadə edir. Faktiki istifadə etdiyi torpaq sahəsinin 0.03 ha hissəsi elektrik xəttinin qoruma zolağına düşür.

39. Həmçinin, məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli 3-21-3-46/2- 4926/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-4982/2025 nömrəli cavab məktublarında bildirilmişdir ki, iddiaçının mütəxəssisə naturada təqdim etdiyi 0.12 ha torpaq sahəsi TEKUİS məlumat bazasıa əsasən hər hansı subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halları mövcud deyil.

40. Yəni, verilmiş rəylə də bir daha öz təsdiqini tapır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı digər topaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır. Üst-üstə düşmə halları bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən (torpaqayırma zamanı) tərtib edilmiş A№366476 nömrəli nömrəli plan-ölçü sənədində əks olunmuş koordinatlar üzrədir ki, iddiaçının hazırkı naturada faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları həmin sənəddə əks olunmuş koordinatlarla tam eynilik təşkil etmir.

41. Həmçinin, ortofoto görüntü ilə müəyyən edilir ki, iddiaçının faktiki olaraq naturada istifadə etdiyi torpaq sahəsinin digər subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən çıxarış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir.

42. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya torpaq sahəsi ayrlarkən tərtib edilmiş plan-ölçü sənədi qüsurlu hazırlanmış, yəni həmin sənəddə torpaq sahəsinin koordinatları faktiki istifadədən fərqli olaraq əks etdirilmişdir.

43. İddiaçının hazırki tələbi də Tərtər rayonu, Kəngərli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti üzrə koordinatlarla iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsindən ibarətdir.

44. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:

1. “Azərbaycan Respublikasında X2 X4nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X2 X4nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...

45. Azərbaycan Respublikasında X2 X4nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...

46. Göründüyü kimi, X2 X4 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur.

47. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Tərtər rayonu, Kəngərli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti üzrə koordinatlarla iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

48. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

49. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Tərtər rayonu, Kəngərli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti üzrə koordinatlarla İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar