Məhkəmə qərarları › İş №2-1(114)-2187/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2187/2024

03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2187/2024 03.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X3 və X2 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-3239/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında istifadədə olan 30.6 ha torpaq sahəsində yerləşən mənzil xx.xx.2023-cü il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1991-ci il təvəllüdlü X3 və xx.xx.1964-cü il təvəllüdlü X1 şəhəri, Şahlar Hüseynov küçəsi, ev 15, mənzil 21 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı üçüncü şəxslər xx.xx.1991-ci il təvəllüdlü X3 və xx.xx.1964-cü il təvəllüdlü X2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin şöbənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. Elektron Məhkəmə İnformasiya Sistemindən xx.xx.2024-cü il tarixə olan çıxarışlara əsasən xx.xx.1991-ci il təvəllüdlü X3 və xx.xx.1964-cü il təvəllüdlü X1 şəhəri, Kəpəz rayonu, DOS 102 küçəsi, ev 147, mənzil 19 ünvanında qeydiyyatdadırlar. II. Məhkəmədə icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X3 və X2 ona məxsus olan ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 4 ünvanındakı mənzili Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən almışdır. Mülkiyyətçi kimi onun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən tanınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı Gəncə “ASAX Xidmət” mərkəzində fəaliyyət göstərən müvafiq quruma müraciət edərək, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış verilməsini xahiş etmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən mülkiyyət hüququ üzrə iddiaçıya məxsus ünvan 4 ünvanında iddiaçının tanımadığı X3 və X2 qeydiyyatda olmaları müəyyən olunmuşdur. İddiaçı həmin şəxsləri tanımır və onlarla iddiaçının heç bir nə şifahi, nə də yazılı razılığı olmamışdır. Eyni zamanda 3-cü şəxslər həmin ünvanda yaşamırlar və mənzildən istifadə hüquqlarını itirmişdirlər. Ona görə də iddiaçı hesab edir ki, həmin şəxslər mənzildən qeydiyyatdan çıxmalıdırlar. Bu məqsədlə iddiaçı Gəncə şəhəri Baş Polis İdarəsinə müraciət edərək 3-cü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarında köməklik göstərilməsini xahiş etmişdir. Lakin iddiaçının xahişi cavabdeh tərəfindən təmin edilməyərək, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2187/2024 nömrəli qərardadı ilə X3 və X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.

9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

10. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə və cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdirlər.

11. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iclasa gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

12. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

14. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

15. Məhkəmə qeyd edir ki, hazırkı işdə İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən iddia ərizəsində göstərdiyi üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

16. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışında xx.xx.1991-ci il təvəllüdlü X3 və xx.xx.1964-cü il təvəllüdlü X1 şəhəri, Şahlar Hüseynov küçəsi, ev 15, mənzil 21 ünvanında qeydiyyatda olmaları göstərilsə də, işə baxılan zaman Elektron Məhkəmə İnformasiya Sistemindən xx.xx.2024cü il tarixə əldə edilən məlumatlara (çıxarışlara) əsasən xx.xx.1991-ci il təvəllüdlü X3 və xx.xx.1964-cü il təvəllüdlü X1 şəhəri, Kəpəz rayonu, DOS 102 küçəsi, ev 147, mənzil 19 ünvanında qeydiyyatda olduqları müəyyən edilmişdir.

17. Göründüyü kimi, üçüncü şəxslər özləri könüllü olaraq iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxaraq, ünvan 3 ünvanına qeydiyyat düşmüşlər.

18. Belə olan halda, iddiaçının hüququnun pozulması, yəni hüquqa müdaxilə halı müəyyən edilmir.

19. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

20. Ona görə də, hazırkı iddia mümkün sayılmamalıdır.

21. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar