Məhkəmə qərarları › İş №2-1(114)-2188/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2188/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2188/2025 21.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsinə dair rəyin verilməsi barədə iddia ərizəsini məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyənetdim: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus A № 368751 serialı torpaq sahəsinin plan və ölşüsünün ləğv edilməsinə dair rəyin verilməsinin Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmin Qərarın həmçinin qeyd edilir ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (qərarın 16.1, 16.2, 16.3, 16.4, 16.5 və 16.6-cı bəndləri). Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri tələbin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, həmçinin iddiaçının tələbinin düzgün tələb olmasıdır. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. -1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 №-li Fərmanının 4.2.1-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 5.1-ci bəndinə görə Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Lakin iddiaçı iddia ərizəsində tələbə cavab verməli olan inzibati orqan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi olmalı olduğu halda, cavabdeh qismində Gəncə İcra Hakimiyyətini qeyd edilmiş, iddia tələbi “Plan və ölçünün ləğvi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olmalı olduğu halda, “Plan və ölçünün ləğvinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi verilmişdir. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli sərəncamında İPMin 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək cavabdeh qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsini qeyd etməklə yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, inzibati orqana (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsini) Gəncə Şəhər İcra Hakimiyyətinin ona ünvanladığı 16 oktyabr 2024-cü il tarixli 5-1/2-A-36-1129/2024 saylı məktubunu əlavə etməklə torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi ilə bağlı müraciət edib-etməməməsi barədə məlumatı, müraciət etdiyi təqdirdə bunu təsdiq edən sənədi və müraciətin nəticəsi barədə məlumatı məhkəməyə təqdim etməli olması izah edilmişdir. Həmin sərəncamı iddiaçı xx.xx.2024-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza atmaqla qəbul etmişdir. Məhkəmə sənədləri iddiaçıya təqdim edilsə də, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya iddianın qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2024-cü il tarixli sərəncam göndərilərək iddia ərizəsində olan formal xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmiş, eləcə də müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq iddiaçı sərəncamda qeyd edilən formal xətaları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsinə dair rəyin verilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar