Məhkəmə qərarları › İş №2-1(114)-219/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-219/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-219/2022 19.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 10.10.1993-cü il tarixdən 12.02.1994-cü il tarixədək Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissənin tərkibində Ağdam, Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş və xidmət müddəti başa çatdığı üçün ehtiyata buraxılmışdır. Lakin bunlara baxmayaraq müharibə veteranları üçün dövlət tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilməmişdir. O, müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 01.10.2021-ci il tarixli, 4/74N nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir. Bu səbəbdən də o məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə dair 09.02.2022-ci il tarixli, 11/464 nömrəli yazılı etiraz göndərərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 16 iyul 2021-ci il tarixli 9/2-5077 nömrəli arayışında iddiaının N və N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini SX ******* nömrəli hərbi bilet, Sumqayıt Hərbi Prokurorluğunun 29.11.2003-cü il tarixli, 4p-14/4236 nömrəli məktubu, Bakı şəhər 5 nömrəli klinik xəstəxana tərəfindən verilmiş 21.04.1994-cü il tarixli çıxarış epikrizi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəlbəcər rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 20.04.2011-ci il tarixli, 217 nömrəli arayış, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin 01.10.2021-ci il tarixli, 4/74N nömrəli məktubu, Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Kəlbəcər rayon şöbəsi tərəfindən verilmiş 06.05.2011-ci il tarixli, 94 nömrəli qərar, N nömrəli hərbi hissə komandirinin 06.01.1994-cü il tarixli, 4 nömrəli əmr, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22.11.2021-ci il tarixli 325 nömrəli qərar, 050-016A nömrəli Uçot Kartası və cavabdehin 09.02.2022-ci il tarixli, 11/464 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan SX ******* nömrəli hərbi biletin 4-cü səhifəsində iddiaçının 19.10.1993-cü il tarixdə h/h N nömrəli hərbi hissəyə daxil olduğu qeyd olunmuş, 1994-cü ilin fevral ayında hərbi hissənin siyahısından çıxarılması barədə məlumat qeyd olunsa da, təxris olunması barədə əmr qeyd olunmamışdır. İşdə olan Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin 14.02.2022-ci il tarixli Arxiv Çıxarışından görünür ki, N nömrəli hərbi hissə komandirinin 06.01.1994-cü il tarixli, 4 nömrəli əmri ilə Məmmədov M.Q Ağdam rayonuna hərbi tapşırığı yerinə yetirmək üçün 706 nömrəli hərbi hissə komandrinin sərəncamına getmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin 01.10.2021-ci il tarixli, 4/74N nömrəli məktubunda qeyd edilən Mərkəzi arxivin 16.07.2021ci il tarixli 9/2-5077 nömrəli arayışına əsasən N və N nömrəli hərbi hissə hissə komandirlərinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bakı şəhər 5 nömrəli klinik xəstəxana tərəfindən verilmiş 21.04.1994-cü il tarixli çıxarış epikrizinə əsasən iddiaçı 19.02.1994-cü il tarixdən 15.04.1994-cü il tarixədək hosbitalda müacilə almış və müalicəsi bitdikdən sonra evə buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəlbəcər rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 20.04.2011-ci il tarixli, 217 nömrəli arayışda göstərilmişdir ki, 230 saylı hərbi hosbitalın 1878 saylı, 24.11.1994-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən hərbi xidmət borcunu yerinə yetirərkən ayaqlarının donvurma diaqnozu ilə 1994-cü ildə 230 saylı hərbi hospitalda müalicə və müayinə olunmuş, onun xəstəliyi Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22.11.2021-ci il tarixli 325 nömrəli qərarında göstərilmişdir ki, Kəlbəcər RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Sumqayıt hərbi prokurorluğunun HP-14/733 nömrəli 06.03.2013-cü il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və 19.02.1994-cü il tarixdən 15.04.1994-cü il tarixədək Bakı şəhəri 5 nömrəli klinik xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: Sol ayaq barmaqlarının İİ-İİİb dərəcəli, sağ ayaq barmaqlarının İV dərəcəli donması. Sol ayaq barmaqlarının nekrektomiyası. Sağ ayaqda ll-lll-İV-V barmaqlarının əsas falanqalarının yuxarı 1/3-i hissəsindən amputasiyası (26.03.1994)” (Azərbaycan Respublikası SHXÇDX-nin Kəlbəcər rayon şöbəsinin 18.11.2021 -ci il tarixli 960 nömrəli göndərişi, 18.11.2021 -ci il tarixli 498 nömrəli arayışı, Bakı şəhəri 5 nömrəli xəstəxanasından verilmiş 15.04.1994-cü il tarixli çıxarış epikrizi MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Kəlbəcər Rayon Şöbəsi tərəfindən verilmiş 06.05.2011-ci il tarixli, 94 nömrəli qərarı ilə iddiaçıya Prezident təqaüdü təyin edilmişdir. İddiaçıya məxsus 050-016A nömrəli Uçot Kartasında göstərilmişdir ki, İddiaçı 1993cü ilin oktyabr ayından 12.02.1994-cü il tarixədək 70N nömrəli və N nömrəli hərbi hissələrin tərkibində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun HP-01/36 saylı, 14.04.2006-cı il tarixli və Sumqayıt Hərbi Prokurorluğunun HP-14/4236 saylı, 29.11.2003-cü il tarixli məktublarına əsasən 22.07.2010-cu il tarixdə hərbi uçota alınmışdır. Sumqayıt Hərbi Prokurorluğunun 29.11.2003-cü il tarixli, 4p-14/4236 nömrəli məktubunda iddiaçı barəsində Sumqayıt Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işinin olmadığı qeyd edilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hər hansı sübut aşkarlanmamışdır. İddiaçı da məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, 19.02.1994cü il tarixdən 15.04.1994-cü il tarixə kimi 5 nömrəli klinik xəstəxanada müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmamışdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar