Məhkəmə qərarları › İş №2-1(114)-219/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-219/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-219/2023 12.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1974-cü il tarixdən 2002-ci ilə qədər 27 il 5 ay olan əmək stajının iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1957-ci il tarixdə Bərdə rayon Ərəblər kəndində anadan olmuşdur. O, 1974-cü il tarixdən 2002-ci il tarixə qədər müxtəlif sahələrdə işləmiş, 16 dekabr 1974-ci il tarixdə İİ dərəcəli avtoslesar vəzifəsinə təyin edilmiş və 28 mart 1975-ci il tarixdə isə həmin işdən azad edilmişdir. xx.xx.1975-ci il tarixdə sürücü vəzifəsinə təyin edilmiş və xx.xx.1975-ci il tarixdə işindən azad edilmişdir. xx.xx.1976-cı il tarixdə Bərdə elektrik məntəqəsində İİ dərəcəli çilingər vəzifəsinə təyin edilmiş və xx.xx.1976-cı il tarixdə çilingər vəzifəsindən sürücü vəzifəsinə təyin edilmişdir. xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixdə Qasım İsmayılov sahəsində Vİ dərəcəli elektrik quraşdırılması vəzifəsinə təyin edilmiş və xx.xx.1980-ci il tarixdə isə elektrik quraşdırılması vəzifəsindən sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixdə isə vəzifədən azad edilmişdir. xx.xx.1981-ci il tarixdən 2002-ci ilə qədər Bərdə rayon Ərazi Nəqliyyat İdarəsi üzrə sürücü vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində isə 1997-ci il tarixə qədər mükafatlar almışdır. Sürücü işlədiyi avtomobili isə ödəniş edərək 2002-ci il tarixdə rəsmi olaraq adına sənədləşdirmişdir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 4 nömrəli Bərdə Ərazi Nəqliyyat kontorunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 11 yanvar 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 156 nömrəli arayışın surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 22 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 5 il 9 ay 8 gün sosial sığorta stajı hesablanmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. X4 Filialının xx.xx.2022-ci il tarixli aktına əsasən 1986-cı il üzrə tam, 1994-cü il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, sentyabr, dekabr aylarında, 1995-ci il üzrə mart, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarında, 1996-cı il üzrə may, iyun, sentyabr aylarında, 1997-ci il üzrə mart və iyun aylarında əməkhaqqı cədvəllərinə əsasən əməkhaqqı aldığı əmək fəaliyyəti dövrləri 2 il 8 ay olmaqla onun xx.xx.2006-cı il tarixədək ümumi 8 il 5 ay 8 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən azdır. Sözügedən akta əsasən 4 nömrəli Bərdə Ərazi Nəqliyyat Kontorunun 1997-ci il tarixdən sonra əmr kitabları və əmək haqqı cədvəlləri Bərdə Rayon Arxivinə təhvil verilmədiyi üçün, eyni zamanda 1981-1985-ci illər və 1987-1989-cu illər tam, 1994-cü il üzrə iyul, avqust, oktyabr, noyabr aylarının, 1995-ci il üzrə yanvar, fevral, aprel, iyun, dekabr aylarının, 1996-cı il üzrə yanvar, fevral, mart, aprel, iyul, avqust, oktyabr, noyabr, dekabr aylarının və 1997-ci il üzrə yanvar, fevral, aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarının əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün sözügedən dövrlər 19 il təşkil etməklə mübahisələndirilən dövr kimi onun xx.xx.2006cı il tarixədək olan sığorta stajına daxil edilməmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 156 nömrəli arayışı, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 176 nömrəli və xx.xx.2022-ci il tarixli, 208 nömrəli arxiv arayışları, iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli, əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubu, cavabdehin xx.xx.2023-cü il tarixli, **********0 nömrəli etirazı və xx.xx.2022-ci il tarixli, qarşılıqlı yoxlama aktının surəti əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 4 nömrəli Bərdə Ərazi Nəqliyyat kontorunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında qeydlər mötəbər hesab edilməmiş, belə ki, 4 nömrəli Bərdə Ərazi Nəqliyyat Kontorunun 1997-ci il tarixdən sonra əmr kitabları və əmək haqqı cədvəlləri Bərdə Rayon Arxivinə təhvil verilmədiyi üçün, eyni zamanda 1981-1985-ci illər və 1987-1989-cu illər tam, 1994-cü il üzrə iyul, avqust, oktyabr, noyabr aylarının, 1995-ci il üzrə yanvar, fevral, aprel, iyun, dekabr aylarının, 1996cı il üzrə yanvar, fevral, mart, aprel, iyul, avqust, oktyabr, noyabr, dekabr aylarının və 1997-ci il üzrə yanvar, fevral, aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarının əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün sözügedən dövrlər onun mübahisələndirilən dövr hesab edilmiş və sosial sığorta stajına daxil edilməmişdir. Halbuki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 4 nömrəli Bərdə Ərazi Nəqliyyat kontorunda işlədiyi dövr sonuncuya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasında öz təsdiqini tapmışdır. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 208 nömrəli arxiv arayışının qeyd hissəsində göstərilmişdir ki, 1984, 1988, 1992-ci illər üzrə əmək haqqı kitablarının olmasına baxmayaraq vətəndaşın işlədiyi briqadaya aid kitablar, həmçinin 1997-ci ildən sonra əmək haqqı kitabları rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. Belə ki, işdə olan xx.xx.1974-cü il tarixli əmək kitabçasının, həmçinin Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 176 nömrəli və xx.xx.2022-ci il tarixli, 208 nömrəli arxiv arayışlarından məlum olur ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 4 nömrəli Bərdə Ərazi Nəqliyyat kontorunda işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 4 nömrəli Bərdə Ərazi Nəqliyyat kontorunda işlədiyinə dair xx.xx.1974-cü il tarixli əmək kitabçasında, həmçinin Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 176 nömrəli və xx.xx.2022-ci il tarixli, 208 nömrəli arxiv arayışlarında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, belə ki, sözügedən məsələlərin işəgötürənin vəzifəsi olduğundan onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, İddiaçı iddia tələbində ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2021-ci il 1 iyulundan - 2022-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 5 il 9 ay 8 gün (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 22 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək) olması qeyd edilmişdir. İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 4 nömrəli Bərdə Ərazi Nəqliyyat kontorunda işlədiyi dövlər, ümumilikdə 21 il 8 ay müddət də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının 27 il 5 ay 8 gün sığorta stajı tamam olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 4 nömrəli Bərdə Ərazi Nəqliyyat kontorunda işlədiyi dövr sosial sığorta stajına daxil edilməli və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 4 nömrəli Bərdə Ərazi Nəqliyyat kontorunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar