Məhkəmə qərarları › İş №2-1(114)-2192/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2192/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2192/2021 15.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 2001-ci ildən 13.03.2012-ci ilədək Düz Qışlaq kənd İcra Nümayəndəliyinin kənd kitabxanasında xadimə işlədiyi illərin iş stajı kimi bərpa edilərək və əmək pensiyasının təyin edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı 2001ci ildən 13.03.2012-ci ilədək Düz Qışlaq kənd İcra Nümayəndəliyinin kənd kitabxanasında xadimə işlədiyi illərin iş stajı kimi bərpa edilərək və əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatında olan 2-1(114)-2192/2021 saylı inzibati işlə əlaqədar olaraq iddiaçıya 14.10.2021-ci il tarixli sərəncam göndərərək məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdeh inzibati orqana (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) müraciət edib, həmin müraciətə imtina cavabı verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməsini və həmçinin iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçı tərəfindən 14.10.2021-ci il tarixli sərəncamda qeyd edilənlərə əməl edilməmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ona görə də, iddiaçıya iddia ərizəsinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 14.10.2021-ci il tarixli sərəncam göndərilərək iddia ərizəsində dəqiqləşdirilmə aparılmalı olduğu bildirilmiş, lakin iddiaçı tərəfindən həmin sərəncamda qeyd olunanlara riayət edilməmişdir. Belə ki, iddiaçı hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) müraciət etməsini və həmin müraciətə imtina cavabı verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Beləliklə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya müvafiq hüquqi yardım göstərilsə də, onun tərəfindən həmin Məcəllənin tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçıın hüquqularının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi qənaətinə gəlir ki, bu hal da Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmamasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 2001-ci ildən 13.03.2012-ci ilədək Düz Qışlaq kənd İcra Nümayəndəliyinin kənd kitabxanasında xadimə işlədiyiniz illərin iş stajı kimi bərpa edilərək və əmək pensiyasının təyin edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar