Məhkəmə qərarları › İş №2-1(114)-2193/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2193/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2193/2025 21.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən səhhətindəki xəstəliklərə müvafiq olaraq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə tibb müəsissəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə “F62.0 Fəlakət (Müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” diaqnozu üzrə qiymətləndirilərək, diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə ona əlillik təyin olunmasından imtina edilmişdir.

2. Həmin imtina qərarı barədə məlumat iddiaçıya xx.xx.2024-cü il tarixli sms-bildiriş göndərilməklə bildirilmişdir. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin təyin edilməsindən imtina olunması barədə qərarın ləğv edilməsi və ona əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əlillik dərəcəsinin müəyyən edilərək təyin edilməsi üçün müraciət etsə də ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xəstəliyi barədə tibbi arayışda göstərilən diaqnoz ("Fəlakət (Müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi") öz təsdiqini tapmamışdır və diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, 2020-ci ilin sentyabr ayında düşmən təxribatının qarşısının alınması üçün keçirilmiş hərbi əməliyyatlar zamanı 44 günlük Vətən Müharibəsində xx.xx.2020- ci il tarixdə Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak etdiyi zaman "Sağ əlin və hər iki ətrafın çox saylı qəlpə yaralanması" xəsarətlərini almışdır. Aldığı bədən xəsarətləri onu sarsıtmasa da Vətən uğrunda gedən döyüşlərdə döyüşçü yoldaşlarının faciəvi şəraitdə şəhid düşmələri onda psixoloji pozuntular əmələ gətirmişdir. Bu səbəbdən ordu sıralarından tərxis edilmişdir. Xəstəliyinin diaqnozu : Fəlakət (Müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X1 xx.xx.2023-cü il tarixli 46 nömrəli rəyində də diaqnozum qoyulub: Fəlakət (Müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi.F62.0 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarında xəstəliyinin diaqnozu F62.0 kodla göstərilmişdir. Cavabdehin əlillikdən imtina barədə qərarı xx.xx.2024-cü ildə qəbul edilibdir. Qərarı isə xx.xx.2024-cü il tarixində almışdır. Bu iş materiallarına əlavə edilən Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışında öz əksini tapmışdır.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

7. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir.

8. Məhkəmə tərəfindən hüquqi yardım göstərildikdən sonra İddiaçı xx.xx.2025-ci il tarixli iclas zamanı ərizə təqdim edərək, ona xx.xx.2024-cü il tarixdən səhhətindəki xəstəliklərə müvafiq olaraq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

9. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq, işə əlavə edilmiş qoşmadan göründüyü kimi iddia müddəti üzürsüz səbəbdən ötürüldüyü üçün, iddianın mümkünsüz sayılması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı məhkəmə iclasında müddətin bərpasına dair ərizə təqdim edərək, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldıra bilmədiyini və bunun sağlamlığı ilə bağlı olduğunu göstərərək, ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.

12. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. İşin müəyyən edilmiş hallarına görə, İddiaçı əlillik vəziyyəti sonuncu dəfə tibb müəsissəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə “F62.0 Fəlakət (Müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” diaqnozu üzrə qiymətləndirilərək, diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə ona əlillik təyin olunmasından imtina edilmişdir.

14. İddiaçının hazırkı tələbi ona xx.xx.2024-cü il tarixdən səhhətindəki xəstəliklərə müvafiq olaraq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasından ibarətdir və həmin tələb İPM-in 2.2.2-ci maddəsində təsbit olunmuş məcburetmə haqqında iddia növünə aiddir.

15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

17. Sadalanan normalardan göründüyü kimi, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3) iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4) iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri).

18. İstənilən növ iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə isə iddiaçının ona əlillik dərəcəsinin təyin edilməsi barədə əlverişli inzibati aktın qəbul edilməsi barədə iddiası məcburetmə haqqında iddia növünə aid olmaqla, bu iddianın mümkün sayılması üçün müddətə dair xüsusi mümkünlük şərti ödənilmir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maaddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

20. İşin hallarından da müəyyən olunduğu kimi, iddiaçı məcburetmə haqqında iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş və diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə əlillik təyin olunmasından imtina edilmişdir. Həmin imtina qərarı barədə məlumat iddiaçıya xx.xx.2024-cü il tarixli sms-bildiriş göndərilməklə bildirilmişdir.

21. Qeyd edilən imtina barədə iddiaçıya məlumat göndərildikdən 5 aydan çox müddət keçdikdən sonra iddiaçı hazırkı iddia ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və tələbində ona xx.xx.2024-cü il tarixdən səhhətindəki xəstəliklərə müvafiq olaraq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir.

22. İddiaçının ona imtina verilməsindən xx.xx.2024-cü il tarixdən məlumatlı olması, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldırmaması və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

23. İddiaçı iddia müddətini ötürməsinin səbəbi kimi ərizəsində və iclasda verdiyi izahatında özünün xəstəliyi ilə əlaqələndirmiş, lakin ötən müddət ərzində iddia qaldırmasına maneə törətmiş və ya məhdudiyyət yaratmış xəstəliklə bağlı edən sənədlər təqdim etməmiş, iclas zamanı ambulator və stasionar müalicədə olmadığını, evdə müalicə olunduğunu bildirmişdir.

24. Məhkəmə iddiaçının xəstə olması ilə bağlı dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, iddiaçı xəstə ola bilər, lakin bu xəstəlik halı onun vaxtında iddia qaldırmasını mümkünsüz etməlidir ki, bunu da iddiaçı sübuta yetirməlidir.

25. Yəni, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.

26. Hazırkı işdə isə iddiaçının ərizəsində gətirdiyi arqument sadalanan üzrlülük meyarlarına cavab vermir.

27. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

29. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

30. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

31. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar